Naxçıvanda hicab məsələsinə görə iki qardaşın həbs edildiyi bildirilir

Seymur Məmmədov və qardaşı Samur Məmmədov. Foto: Şəxsi arxivləri

Naxçıvanda məktəblərdə hicab qadağasına etiraz edən şəxslərin saxlanılması ilə bağlı yeni məlumat yayılıb.

Şərur rayonunun Qarahəsənli kənd sakinləri Seymur Akif oğlu Məmmədov və qardaşı Samur Akif oğlu Məmmədovun saxlanıldığı bildirilir.

Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, qardaşlar övladlarının hicabla məktəbə buraxılmamasına etiraz etdikdən sonra polisə aparılıblar.

Bildirilir ki, onların hər birinə 25 sutka inzibati həbs cəzası verilib. Həbs qərarlarının hansı maddə ilə çıxarıldığı barədə məlumat yoxdur.

Son günlər Naxçıvanda məktəblilərin hicabla dərsə buraxılmamasına etiraz edən şəxslərin saxlanılması ilə bağlı bir neçə xəbər yayılıb.

Oktyabrın 14-də Nehrəm kənd sakini Məhəmməd Seyidov və Naxçıvan şəhər sakini Elvin Abbasov övladlarının hicabla məktəbə buraxılmamasına etiraz etdikdən sonra saxlanılıblar. Yaxınlarının sözlərinə görə, onlar məsələ ilə bağlı video çəkərək “WhatsApp”da paylaşıblar.

Bundan əvvəl, oktyabrın 7-də hicab məsələsi ilə bağlı “TikTok”da paylaşım edən Qüdrət Abdullayev də saxlanılıb. Anası Meydan TV-yə oğluna 25 sutka inzibati həbs cəzası verildiyini deyib. Lakin qərarın hüquqi əsasları barədə ailəyə rəsmi məlumat təqdim olunmadığı bildirilir.

Sentyabrın 21-də Nazirlər Kabinetinin məktəbli geyimlərinə dair qaydalara etdiyi dəyişiklikdə təhsilin dünyəvilik prinsipinə uyğun olmayan əlavə geyim elementlərindən istifadəyə yol verilmədiyi göstərilir. Qərarda hicab ayrıca qeyd olunmasa da, bundan sonra müxtəlif məktəblərdə hicablı şagirdlərin dərsə buraxılmaması ilə bağlı şikayətlər yayılıb.

Naxçıvanın hüquq-mühafizə və təhsil qurumları son saxlanılmalarla bağlı hələlik açıqlama verməyiblər.

Ana səhifə ▸ Xəbərlər ▸ Naxçıvanda hicab məsələsinə görə iki qardaşın həbs edildiyi bildirilir