Bakı İstintaq Təcridxanasında məhkumlar iş şəraitindən narazıdırlar

İllüstrasiya AI ilə hazırlanıb

Bakı İstintaq Təcridxanasında təsərrüfat işlərinə cəlb olunan məhkumlar iş şəraitindən və müəssisə rəhbərliyinin onlara münasibətindən narazıdırlar.

Məhkumların sözlərinə görə, narazılığa səbəb təcridxananın təsərrüfat işləri üzrə yeni rəis müavini Şahmar adlı vəzifəli şəxsin işçilərlə rəftarıdır. Onlar rəis müavinini səriştəsizlikdə, məhkumların əməyindən təyinatları üzrə olmayan işlərdə istifadə etməkdə ittiham edirlər.

İşçi məhkumlar bildirirlər ki, təhkim olunduqları sahələrdə gündəlik vəzifələrini yerinə yetirməklə yanaşı, mütəmadi olaraq yük maşınlarından kartof və digər ərzaq məhsullarını boşaltmağa məcbur edilirlər.

Onların iddiasına görə, son bir neçə həftə ərzində təcridxanaya yük maşınları ilə böyük miqdarda kartof gətirilir. Eyni zamanda, müəssisəyə göndərilən sovqatlarda kartofun qəbuluna icazə verilmir. Məhkumlar kartofun hansısa vəzifəli şəxsə məxsus əkin sahəsindən gətirildiyini ehtimal edirlər.

Onlar bildirirlər ki, kartofun daşınmasına müxtəlif sahələrdə çalışan işçilər növbəli şəkildə cəlb olunurlar, bu da onların əsas işlərinə mane olur.

“Laroka”ya [müəssisə daxilindəki dükan] gedirsən, tutub aparırlar kartof daşımağa. Korpusdan bizi harasa göndərəndə qorxuruq ki, yolda saxlayıb kartof daşımağa aparacaqlar, gördüyümüz iş yarımçıq qalacaq”, – məhkumlardan biri deyir.

Onlar əlavə edirlər ki, işçi məhkumlardan bəzən iş saatları başa çatdıqdan sonra da yeməkxanaya ərzaq daşımaları tələb edilir. Halbuki bu işlər yeməkxanaya təhkim olunmuş məhkumlar tərəfindən görülməlidir.

Məhkumlardan biri müəssisənin təsərrüfat işlərinə əvvəllər rəhbərlik etmiş Əhəd Abdiyevin dövründə belə halların yaşanmadığını bildirir:

“Əhəd Abdiyevin vaxtında hər bir işçi məhkum təhkim olunduğu yerdə çalışırdı. O buradan gedəndən sonra vəziyyət dəyişdi. Əhəd müəllimin yerinə gələn Şahmar müəllim sanki sovet dövrünün metodu ilə çalışır. O vaxtlar da küçədə gəzən adamı tutub pambıq yığmağa aparırdılar”.

Şikayətçilər deyirlər ki, yaranmış vəziyyətlə bağlı dəfələrlə briqadirə və nəzarətçilərə şikayət etsələr də, müraciətləri nəticəsiz qalıb. Onların sözlərinə görə, narazılıqları müəssisə rəhbərliyinə çatdırılmır.

Bu səbəbdən işçi məhkumlar Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova kollektiv müraciət ünvanlamağı planlaşdırır. Onlar könüllü olaraq cəzaçəkmə müəssisələrinə köçürülmələrini istəyirlər.

Ana səhifə ▸ Xəbərlər ▸ Bakı İstintaq Təcridxanasında məhkumlar iş şəraitindən narazıdırlar