Avropa Parlamenti Əli Kərimli və digər siyasi məhbuslarla bağlı qətnamə qəbul edib

Avropa Parlamenti oktyabrın 8-də AXCP sədri Əli Kərimli, hüquq müdafiəçisi Anar Məmmədli və Azərbaycandakı digər siyasi məhbuslarla bağlı qətnamə qəbul edib. Qətnamənin lehinə 492, əleyhinə 23 deputat səs verib, 60 deputat isə bitərəf qalıb.

Sənəddə Azərbaycan hakimiyyətindən siyasi məhbusların azad edilməsi, siyasi motivli təqiblərə son qoyulması və insan hüquqları sahəsində beynəlxalq öhdəliklərə əməl edilməsi tələb olunur.

Qətnamədə qeyd edilir ki, AXCP sədri Əli Kərimli 2025-ci il noyabrın 29-da hakimiyyəti zorla ələ keçirmək ittihamı ilə saxlanılıb və onun barəsində seçilmiş həbs-qətimkan tədbiri iki dəfə uzadılıb. İttihamları rədd edən partiya sədrinin ömürlük həbs cəzası ilə üzləşə biləcəyi bildirilir.

Sənəddə “Human Rights Watch” və “Amnesty International” təşkilatlarına istinadən Kərimlinin saxlanma şəraitinin ciddi şəkildə pisləşdiyi vurğulanır. Bildirilir ki, onun qidaya və içməli suya çıxışına məhdudiyyətlər qoyulub, saxlanıldığı yerdə lazımi ventilyasiya yoxdur. Həmçinin yuxusuzluq və susuzluq nəticəsində huşunu itirdiyi qeyd edilir.

“Amnesty International” bu halların işgəncə və ya digər pis rəftar kimi qiymətləndirilə biləcəyi barədə xəbərdarlıq edib.

Anar Məmmədli ilə bağlı bildirilir ki, hüquq müdafiəçisi 2026-cı ilin sentyabrında 13 il müddətinə azadlıqdan məhrum edilib. Avropa İnsan Hüquqları Məhkəməsinin onun əvvəlki həbsini siyasi motivli hesab etdiyi xatırladılır. Məmmədli ilə birlikdə təqsirləndirilən jurnalist Anar Abdullayev isə 12 il müddətinə azadlıqdan məhrum olunub.

Sənəddə bildirilir ki, bu işlər Azərbaycanda müxalifət nümayəndələrinə, jurnalistlərə, hüquq müdafiəçilərinə, fəallara və akademiklərə qarşı daha geniş təqib siyasətinin tərkib hissəsidir.

Qətnamədə erməni məhbuslar da daxil olmaqla, Azərbaycanda 300-dən çox siyasi məhbusun saxlanıldığı qeyd edilir. Avropa Parlamentinin deputatları Əli Kərimli, Anar Məmmədli və Anar Abdullayevin siyasi motivli hesab etdikləri həbslərini pisləyərək onların dərhal və qeyd-şərtsiz azad olunmasına çağırıblar.

Deputatlar həmçinin məhbusların kifayət qədər su, qida, havalandırma və tibbi yardımla təmin edilməsini, vəkilləri və ailə üzvləri ilə əlaqə hüquqlarının qorunmasını tələb ediblər. Pis rəftar iddialarının müstəqil şəkildə araşdırılmasına və Avropa İnsan Hüquqları Məhkəməsinin Məmmədli qrupu üzrə qərarlarının tam icrasına çağırış edilib.

Sənəddə Azərbaycan hakimiyyətindən tənqidçilərə, jurnalistlərə, insan hüquqları müdafiəçilərinə, müxalifət liderlərinə və alimlərə qarşı təqibləri dayandırmaq, bütün siyasi məhbusları azad etmək və onlara qarşı irəli sürülmüş ittihamları ləğv etmək istənilir.

Qeyri-hökumət təşkilatlarının və müstəqil medianın fəaliyyətini məhdudlaşdırmaq məqsədilə cinayət qanunvericiliyindən sui-istifadəyə son qoyulması da tələb olunur.

İqtisadçı alim Qubad İbadoğlunun təcili tibbi müalicə üçün Almaniyaya getməsinə icazə verilməsi müsbət qarşılanır. Bununla yanaşı, ona qarşı bütün ittihamların ləğvi tələb edilir. Deputatlar Fransa vətəndaşı Anass Derraz da daxil olmaqla, Avropa İttifaqı vətəndaşlarının Azərbaycanda həbs edilməsindən də narahatlıq ifadə ediblər.

Qətnamədə Avropa İttifaqının xarici siyasət rəhbərliyinə və üzv dövlətlərə Azərbaycanla diplomatik münasibətlərdə insan hüquqlarına və demokratik dəyərlərə hörmət məsələsini diqqətdə saxlamaq çağırışı edilir.

Həmçinin Aİ-nin Qlobal İnsan Hüquqları Sanksiyaları Rejimi çərçivəsində məsul şəxslərə qarşı hədəfli tədbirlərin nəzərdən keçirilməsi istənilir.

Avropa İttifaqının Bakıdakı nümayəndəliyi və üzv dövlətlərin səfirlikləri siyasi məhbusların məhkəmə proseslərini izləməyə çağırılır.

Sənəddə vurğulanır ki, Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək tərəfdaşlıq sazişinin imzalanması insan hüquqları və qanunun aliliyi sahəsində nəzərəçarpacaq irəliləyişlərdən, o cümlədən siyasi məhbusların azad edilməsindən asılı olmalıdır.

Avropa Komissiyasına mühacirətdə fəaliyyət göstərənlər də daxil olmaqla, Azərbaycanın vətəndaş cəmiyyətinə və müstəqil mediasına dəstəyi artırmaq çağırışı edilir.

Qətnamədə xaricdə yaşayan azərbaycanlı tənqidçilərə qarşı transmilli repressiyalar da pislənilir. Avropa İttifaqına üzv dövlətlərdən Azərbaycan hakimiyyətinin tənqidçilərlə bağlı ekstradisiya tələblərini ciddi şəkildə yoxlamaq istənilir.

Deputatlar Azərbaycan Milli Məclisinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarından təəssüfləndiklərini bildirərək parlamentlərarası əlaqələrin bərpasına çağırıblar.

Azərbaycan Milli Məclisi isə Avropa Parlamentinin 8 oktyabr tarixli qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirərək sənəddəki ittihamları rədd edib. 

Parlamentin bəyanatında bildirilir ki, Avropa Parlamenti Azərbaycanın daxili işlərinə və məhkəmə-hüquq sisteminin fəaliyyətinə müdaxilə etməyə çalışır. Milli Məclis “cinayət törətməkdə ittiham olunan və ya məhkum edilmiş şəxslərin “siyasi məhbus” adlandırılmasını” əsassız hesab edib. 

Bəyanatda həmçinin Avropa Parlamentinin mövqeyinin Azərbaycan-Ermənistan sülh prosesinə mane olduğu iddia edilib və qurum Azərbaycana qarşı qarşıdurma ritorikasından əl çəkməyə çağırılıb.

Ana səhifə ▸ Xəbərlər ▸ Avropa Parlamenti Əli Kərimli və digər siyasi məhbuslarla bağlı qətnamə qəbul edib