“Əmək pensiyaları haqqında” Qanuna bir sıra mühüm dəyişikliklərin edilməsi təklif olunub. Milli Məclisə müzakirəyə göndərilən dəyişikliklərdə xüsusi kateqoriyalara aid şəxslər üçün mövcud pensiya əlavələri sisteminin yenidən qurulması, bəzi normaların isə ləğv edilməsi və pensiya kapitalına yönələn məbləğ həddinin azaldılması nəzərdə tutulub.
Adi vətəndaşları maraqlandıran əsas məqamlardan biri əməkhaqqından tutulan sosial sığorta haqlarının şəxsin fərdi hesabına köçürülən hissəsinin 90 faizdən 85 faizə endirilməsidir.
İqtisadçılar deyirlər ki, bununla Dövlət Sosial Müdafiə Fondunda qalan məbləğ artacaq və bu, pensiya və təqaüdlərin artırılmasına imkan verəcək. Lakin yeni qaydalarla maaşlarından sosial sığorta haqqı ödəyən şəxslərin gələcəkdə pensiyaları 5 faiz azalacaq.
Pensiyalar necə azalacaq?
“FED.AZ” Biznes Xəbərlər Agentliyinin rəhbəri, iqtisadi yazar Əli Əhmədov yeni dəyişikliklərin vətəndaşlara təsirlərinin sadə dillə izahını təqdim edir.
Onun sözlərinə görə, hazırda maaşlardan ümumilikdə tutulan 25 faiz sosial sığorta haqqı Dövlət Sosial Müdafiə Fonduna gedir və bu vəsaitin 90 faizi şəxsin fərdi pensiya hesabına köçürülür. Qalan 10 faiz isə hazırkı pensiyaların ödənilməsinə yönəldilir.
Ə. Əhmədov izah edir ki, 90 faizin 85 faizə endirilməsi ilə Dövlət Sosial Müdafiə Fondunda qalan vəsait artacaq. Yəni bir işçinin ödədiyi sosial sığorta haqqının 85 faizi onun fərdi hesabına, 15 faizi isə DSMF-nin mövcud pensiya ödənişlərinə və xərclərinə yönəldiləcək:
“Fərz edək ki, şəxsin maaşı 1200 manatdır və o, Sosial Müdafiə Fonduna hər ay 300 manat ödəyir. 300 manatın 90 faizi, yəni 270 manat fərdi hesaba gedir və orada gələcək pensiya üçün pul toplanır. Dəyişiklikdən sonra isə bu göstərici 85 faizə endiriləcək. Artıq 300 manatdan 255 manat fərdin hesabına köçürüləcək. İndi 300 manatlıq sosial sığorta ödənişinin 30 manatı pensiyaçılara gedirdisə, dəyişiklikdən sonra bu, 45 manat olacaq”.
İqtisadi yazarın sözlərinə görə, işləyən şəxsin pensiya kapitalında yığılan vəsait aşağı düşəcəyinə görə, gələcəkdə aylıq pensiyası da 5 faiz azalacaq. O, hesablama apararaq deyir ki, 1200 manat maaş alan və 25 il işləyən şəxsin mövcud qaydalara görə pensiya yaşına çatarkən ala biləcəyi pensiya 562 manatdır. Yeni dəyişikliklərdən sonra isə bu məbləğ 531 manata düşəcək.
Ə. Əhmədov deyir ki, bu dəyişikliklərin aparılmasını zəruri edən əsas səbəblərdən biri Dövlət Sosial Müdafiə Fonduna böyük təzyiqlərin olmasıdır:
“Fondun öhdəlikləri tədricən artır. Pensiyaya çıxanların sayı artır, işləyənlərin sayında isə ciddi dəyişiklik yoxdur. Maaşlarda da böyük dəyişiklik yoxdur. Dövlət büdcəsi bunu həmişə qarşılayıb, bir növ kəsir yaranır, amma kəsir artır. Ona görə də bu sxem tətbiq olunur. Bu sxemin nəticəsində Sosial Müdafiə Fondunun indiki vəziyyətdə gəlirləri 5 faizə qədər artacaqdır. Amma bunun nəticəsində gələcəkdə pensiyaların azalması baş verəcəkdir”.
“Hansı normal ölkədə insanların ödədiyi icbari sığorta ödənişlərinin hansısa hissəsinin ‘buxarlandırılması’ təcrübəsi var?”
İqtisadçı-ekspert Rövşən Ağayev isə yazır ki, 2017-ci ilə qədər vətəndaşların Pensiya Fonduna ödədiyi sosial ayırmaların 50 faizi onun şəxsi hesabında qeydə alınırdı, qalan hissəsi isə hesabına yazılmırdı: “Arqument də bu idi ki, hökumət icbari prinsip əsasında yığım pensiya sisteminə keçəcək və o zaman yerdə qalan 50 faizlik hissə də yığım hesabında qeydə alınacaq.
Verilən vəd bu idi ki, 2013-cü ilə qədər yığım pensiya sisteminə keçid baş verəcək. Olmadı, 2017-ci ildə qanun dəyişdi, hökumət icbari sığorta yığımlarına əsaslanan yığım pensiya modelindən imtina elədi”.
İqtisadçı qeyd edir ki, 2017-ci ildə həmin dəyişiklik baş verəndə hökumət 11 il ərzində sığorta ödənişlərində qeydə alınmayan 50 faizlik hissəni müəyyən qədər kompensasiya etdi. Geridə qalan dövrdə hər kəsin sığorta hesabında toplanan vəsaitlərin 80 faizinin indeksasiyası barədə qərar verildi: “Yəni sizin fərdi sığorta hesabınızda 10 manat vardısa, 18 min manata yüksəlmiş oldu. Amma yenə də ödədiyiniz vəsaitin 20 faizi buxarlandı.
Sonrakı mərhələdə isə dedilər ki, sizin ödədiyinizin 90 faizi uçota alınacaq — qanuna edilən yeni dəyişiklik bu normativi müəyyən etmişdi. Yerdə qalan 10 faizin 2,5 faizi pensiya sisteminin idarə edilməsinə, 7,5 faizi isə sığorta ehtiyatlarının formalaşdırılmasına gedəcək. Son 9 ildə də belə davam etdi — sığorta ödəyənlərin hər 100 manat ödənişinin 10 manatı onların fərdi uçotunda qeydə alınmadı.
İndi hökumət yeni dəyişikliyə hazırlaşır — 90 faizlik hissə 85 faizə endirilir. Bu təklifə görə, insanların ödədiyi hər 100 manatın 10 manatı deyil, 15 manatı onların fərdi hesabında qeydə alınmayacaq. Sadə izah budur ki, sizin gələcək pensiyanız faktiki ödənişinizin imkan verdiyi məbləğdən daha 5 faiz az olacaq”.
R. Ağayev sual edir: “Bu layihəni və mexanizmi hazırlayan şəxs və qurumlar belə təcrübəni hansı ölkədən götürüblər? Hansı normal ölkədə insanların ödədiyi icbari sığorta ödənişlərinin hansısa hissəsinin onların hesabında qeydə alınmaması, ‘buxarlandırılması’ təcrübəsi var?”.