ABŞ Konqresinin yüzdən çox üzvü — 26 senator və Nümayəndələr Palatasının 75 üzvü — Dövlət katibi Marko Rubionu Azərbaycana ABŞ-ın hərbi yardımının göstərilməməsinə çağırıb.
Onlar buna səbəb kimi Bakının qanunsuz saxlanıldığı bildirilən erməni məhbuslara həbs cəzaları verməsini, erməni xristian irsinin məhv edilməsi ilə bağlı iddiaları və Ermənistanın suveren ərazisinin bir hissəsində Azərbaycan hərbi qüvvələrinin mövcudluğunu göstəriblər.
Amerika Erməni Milli Komitəsinin (ANCA) dəstəklədiyi, Konqresin hər iki palatasının və hər iki əsas siyasi partiyanın nümayəndələri tərəfindən imzalanan məktubun təşəbbüskarları senatorlar Qari Piters və Adam Şiff, həmçinin Nümayəndələr Palatasının üzvləri Qas Bilirakis və Frenk Pallone olub. Sənədi Senatdakı demokratların lideri Çak Şumer, eləcə də Senat və Nümayəndələr Palatasının müxtəlif komitə və alt komitələrinin bir sıra rəhbərləri də dəstəkləyiblər.
Məktub Tramp administrasiyasının ABŞ-ın Azərbaycana hərbi yardımını yenidən mümkün edən “Azadlığa Dəstək Aktı”nın (FREEDOM Support Act) 907-ci maddəsi üzrə məhdudiyyətlərdən müvəqqəti imtina qərarının müddətini uzatmaq niyyətinə cavab olaraq hazırlanıb. Prezident Donald Tramp 2025-ci ilin avqustunda Ermənistan və Azərbaycan liderləri ilə Ağ Evdə keçirilən sammitdən sonra öz prezidentliyi dövründə ilk dəfə bu məhdudiyyətlərdən imtina edib. O, 2026-cı ilin iyulunda isə Konqresə həmin qərarın müddətini uzatmaq niyyətində olduğunu bildirib.
ANCA-nın məlumatına görə, 2026-cı ilin fevralında Azərbaycanda saxlanılan 16 erməni məhkuma, o cümlədən 2023-cü ildə Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatdan sonra həbs edilmiş keçmiş siyasi və hərbi rəhbərlərə 15 ildən ömürlük həbsədək cəzalar verilib. Təşkilat bildirir ki, beynəlxalq insan hüquqları təşkilatları, hüquq ekspertləri və Avropa Parlamenti məhkəmə proseslərini tənqid ediblər.
ANCA, həmçinin erməni məhbusların saxlanma müddətində işgəncə və pis rəftara məruz qaldıqlarını, onların fundamental hüquqlarının pozulduğunu iddia edir. Təşkilatın açıqlamasında Azərbaycanın 2025-ci ilin sentyabrında məhbusları ziyarət etmək səlahiyyətinə malik yeganə təşkilat kimi təqdim edilən Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkədəki fəaliyyətinə son qoyduğu da qeyd olunur.
Qanunvericilər 5 oktyabr tarixli məktubda Dağlıq Qarabağdakı erməni kilsələrinin dağıdılması, o cümlədən 2026-cı ilin aprelində Xankəndidə iki kafedral kilsənin sökülməsi barədə məlumatlara da toxunublar. Onlar, həmçinin 2021–2022-ci illərdə baş verdiyini bildirdikləri qanunsuz hərbi müdaxilələrdən sonra Azərbaycanın beynəlxalq səviyyədə tanınmış Ermənistan ərazisinin təxminən 241 kvadratkilometr hissəsində möhkəmlənmiş hərbi mövcudluğunu davam etdirdiyini iddia ediblər.
Məktub müəllifləri vurğulayıblar ki, Ermənistan 2024-cü ilin mayında Azərbaycanın sərhədboyu dörd kəndini — Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılını geri qaytarsa da, onların iddiasına görə, Bakı buna cavab olaraq öz hərbi qüvvələrini Ermənistan ərazisindən geri çəkməyib.
“Azadlığa Dəstək Aktı”nın (FREEDOM Support Act) 907-ci maddəsi Azərbaycanın Ermənistan və Dağlıq Qarabağa qarşı bütün blokadaları və digər hücum xarakterli güc tətbiqi hallarını dayandırmaq istiqamətində konkret və sübut edilə bilən addımlar atmasına qədər ABŞ-ın Azərbaycana yardım göstərməsini qadağan edir. Konqres 2002-ci ildə prezidentə bu məhdudiyyətlərdən hər il müvəqqəti imtina etmək səlahiyyəti verib.
Həmin səlahiyyətdən sonrakı illərdə mütəmadi istifadə olunub. Lakin Bayden administrasiyası 2024-cü ildə məhdudiyyətlərdən imtina səlahiyyətindən istifadə etməyərək qadağanı qüvvədə saxlayıb.
Konqres üzvləri məktubda bildiriblər ki, 907-ci maddə üzrə məhdudiyyətlərdən imtina edilməsi erməni hərbi əsirlərin azadlığa buraxılması məsələsində Azərbaycanın addım atmasına səbəb olmayıb. Onların fikrincə, mövcud vəziyyət regionda ədalətli və uzunmüddətli sülh perspektivlərini təhlükə altına qoyur.
Məktubu imzalayan qanunvericilər Tramp administrasiyasını Azərbaycan erməni məhbusların azad edilməsi, erməni mədəni irsinin daha da dağıdılmasının qarşısının alınması və hərbi qüvvələrinin Ermənistanın suveren ərazisindən çıxarılması istiqamətində əhəmiyyətli addımlar atmayana qədər ABŞ-ın hərbi yardımını dayandırmağa çağırıblar.