Qubad İbadoğlunun ölkədən çıxışına ABŞ Konqresindən reaksiya

Qubad İbadoğlu. Foto: Meydan TV

ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyası 2024-cü ildən barəsində cinayət işi açılan və ev dustaqlığında saxlanılan iqtisadçı alim Qubad İbadoğlunun Azərbaycandan çıxaraq müalicə üçün Almaniyaya getməsinə icazə verilməsini alqışlayıb.

Komissiyanın “X” hesabında yayılan açıqlamada İbadoğlunun azadlığı “uzun müddətdir gözlənilən” hadisə kimi qiymətləndirilib.

“Biz uzun müddətdir gözlənilən Azərbaycanlı korrupsiyaya qarşı mübarizə aparan Qubad İbadoğlunun həbsdən azad edilməsini alqışlayırıq və ailəsi ilə birlikdə sevinirik”, – açıqlamada deyilir.

Komissiyanın həmsədri, ABŞ konqresmeni Kris Smit İbadoğlunun 2023-cü ildə həbs edilməsindən bəri onun azadlığa buraxılması və tibbi yardıma çıxış əldə etməsi üçün çalışdığını vurğulayıb.

Digər ABŞ konqresmeni, Nyu-Cersini təmsil edən respublikaçı Tom Kean da İbadoğlunun azadlığa buraxılmasına münasibət bildirib. Konqresmen bildirib ki, bu ilin iyul ayında ikipartiyalı həmkarları ilə birlikdə İbadoğlunun azadlığa buraxılması və ailəsinə qovuşması tələbi ilə məktub göndərib.

İbadoğlunun azadlığı ilə bağlı Almaniyanın prosesdəki rolu barədə də məlumat yayılıb.

ABŞ-da fəaliyyət göstərən jurnalist Aleks Raufoğlu “X” hesabında yazıb ki, Almaniya kansleri Fridrix Merz Qubad İbadoğlunun azadlığa buraxılmasını təmin etmək üçün razılaşma əldə edib.

Raufoğlu bu məlumatı məsələdən xəbərdar olan iki şəxsin ona verdiyi məlumata əsaslandırıb.

İbadoğlunun qızı Jalə Bayramova sentyabrın 29-da  OC Media-ya bildirib ki, atasının vəziyyəti Almaniyada tibbi müayinələrdən keçdikdən sonra məlum olacaq. Ona müalicə üçün ölkədən çıxmağa icazə verilsə də, ona qarşı cinayət işi hələ də davam edir.

Sentyabrın 29-da məlum olub ki, Qubad İbadoğlunun Azərbaycandan çıxış qadağası ləğv olunub və o, səhhəti ilə əlaqədar problemlərə görə Almaniyaya gedib. Qubad İbadoğlu 2023-cü il iyulun 23-də həbs edilmişdi. O, Cinayət Məcəlləsinin satış məqsədilə saxta pul və ya xarici valyuta hazırlama, əldə etmə və ya satma – mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsi ilə ittiham olunurdu. Daha sonra ona qarşı dini ekstremist materialları hazırlama, saxlama və ya yayma maddəsi ilə yeni ittiham irəli sürülüb. Qubad İbadoğlu ittihamları saxta adlandırıb. 2024-cü il aprelin 22-də onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub. Bu, onun səhhətindəki problemlərlə əlaqələndirilib.

Ana səhifə ▸ Siyasət ▸ Qubad İbadoğlunun ölkədən çıxışına ABŞ Konqresindən reaksiya