Kürdəmir rayonunda toy mərasimindən sonra 91 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Hadisə sentyabrın 30-da şəhərdə yerləşən “Günəş” şadlıq sarayında keçirilən toy mərasimində baş verib.
TƏBİB-in məlumatına görə, saat 20:50 radələrində 91 nəfər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onların hamısına tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər sonradan ambulator müalicə üçün evə buraxılıb.
Hadisədən sonra xəstəxanaya müraciət edənlərin sayı tədricən artıb. İlkin məlumatda 13 nəfərin zəhərləndiyi bildirilirdi. Daha sonra bu rəqəm 50-ni keçib, oktyabrın 1-də əvvəlcə 89, daha sonra isə 91 nəfərə çatıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hadisənin səbəbinin müəyyənləşdirilməsi üçün araşdırmaya başladığını bildirib. Agentliyin ilkin məlumatına görə, şadlıq sarayı toy üçün icarəyə götürülüb, qida məhsulları isə toy sahibi tərəfindən hazırlanaraq mərasim iştirakçılarına təqdim edilib. AQTA araşdırmanın nəticələrinin daha sonra açıqlanacağını bildirib.
Şadlıq sarayının nümayəndəsinin açıqlamasında isə deyilir ki, ərzaqları toy sahibi gətirib, lakin yeməklər şadlıq sarayında hazırlanıb:
“Məhsulları toy sahibi özü gətirmişdi, biz də bişirib qonaqlara vermişik. Həmin yeməklərdən işçilər də yeyib. Bizdə heç bir problem olmayıb”.
Onun sözlərinə görə, zəhərlənən bəzi şəxslər özlərini su içdikdən sonra pis hiss etdiklərini deyiblər. Lakin şadlıq sarayının nümayəndəsi də zəhərlənmənin dəqiq səbəbinin məlum olmadığını bildirib.
Zəhərlənməyə qidanın, içməli suyun və ya başqa amilin səbəb olduğu hələlik rəsmi şəkildə müəyyən edilməyib.
Hadisə ilə bağlı AQTA və hüquq-mühafizə orqanlarının araşdırması davam edir.
Bundan başqa oktyabrın 1-də Gəncədə də 5 məktəbli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdləri dərs zamanı özlərini pis hiss ediblər və müəllimlərin köməyi ilə xəstəxanaya çatdırılıblar.
İlkin məlumata görə, şagirdlərin məktəb bufetindən aldıqları şirniyyatdan zəhərləndiyi ehtimal olunur. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün aidiyyəti qurumlarla birgə araşdırma aparıldığını bildirib.
Azərbaycanda kütləvi zəhərlənmə halları bundan əvvəl də qeydə alınıb. Məsələn, 2025-ci ilin sentyabrında İmişlinin Muradxanlı kəndində keçirilən toy mərasimindən sonra 73 nəfərin zərər çəkdiyi hadisə üzrə AQTA-nın laborator müayinələri qidalarda insan sağlamlığı üçün təhlükəli “E.Coli O157” və “S.aureus” bakteriyalarını aşkarlayıb.
Həmin ilin aprelində isə Bakının “Venesiya” şadlıq sarayında 55 nəfərin zəhərlənməsindən sonra aparılan yoxlama zamanı ciddi sanitar-gigiyenik pozuntular və çarpaz çirklənmə müəyyən edilib. Müəssisə rəhbəri barəsində inzibati xəta protokolu tərtib olunub, yeməklərin hazırlandığı mətbəxin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
AQTA laborator analizlərin nəticələrinin sonradan açıqlanacağını bildirsə də, həmin araşdırmaların yekunu və məsul şəxslər barəsində görülən tədbirlər ictimaiyyətə açıqlanmayıb.