Aytac Tapdığın səhhəti ilə bağlı beynəlxalq təşkilatdan çağırış: “Jurnalistika cinayət deyil”

Aytac Tapdıq. İllüstrasiya: Meydan TV

Beynəlxalq insan hüquqları təşkilatı “Raoul Wallenberg Centre for Human Rights” (RWCHR) Meydan TV-nin həbsdə olan jurnalisti Aytac Tapdığın səhhəti ilə bağlı narahatlığını ifadə edib.

Təşkilat sentyabrın 25-də yaydığı bəyanatda Azərbaycan hakimiyyətini jurnalistin ixtisaslaşmış tibbi müayinədən və müalicədən keçməsini təmin etməyə, həmçinin onu azadlığa buraxmağa çağırıb.

RWCHR-nin məlumatına görə, Aytac Tapdığın burun çəpərində əyrilik və bununla əlaqəli xroniki nəfəsalma problemi var. Təşkilat Azərbaycan mediasına istinadən bildirir ki, jurnalistin vəziyyəti həbsdə olduğu müddətdə ağırlaşıb. Onun LOR mütəxəssisi tərəfindən müayinə olunmasına, eləcə də MRT və kompüter tomoqrafiyasından keçirilməsinə imkan verilmədiyi qeyd olunur.

Bəyanatda Aytac Tapdığın həbsdə olduğu müddətdə nəfəs almaq üçün 80-dən çox burun spreyi istifadə etdiyi də bildirilir. RWCHR saxlanma yerinin yerləşdiyi ərazidəki yüksək rütubətin onun tənəffüs problemlərini daha da ağırlaşdıra biləcəyini qeyd edir.

Daha əvvəl “Human Rights Watch” da Aytac Tapdığın ailəsi və vəkilinin məlumatlarına əsaslanaraq jurnalistin ixtisaslaşmış tibbi müayinələrə çıxışının təmin edilmədiyini açıqlayıb. HRW-nin 20 avqust tarixli məlumatında MRT və KT müayinələri ilə bağlı müraciətlərin nəticəsiz qaldığı bildirilib.

RWCHR-nin məlumatına görə, məsələ beynəlxalq hüquq müdafiə təşkilatlarının diqqətinə çatdırıldıqdan sonra avqustun 19-da Aytac Tapdıq təcridxanada həkim tərəfindən müayinə olunub. Jurnalistin sözlərinə görə, həmin həkim LOR mütəxəssisi olmayıb.

Təşkilat qeyd edir ki, sonradan Azərbaycan tərəfi jurnalistin tibbi yardım aldığını açıqlayıb. RWCHR isə bunun kifayət etmədiyini bildirərək Aytac Tapdığın ixtisaslaşmış həkim tərəfindən müayinə olunmasını və zəruri MRT və KT müayinələrindən keçirilməsini tələb edib.

Bəyanatda Aytac Tapdığın həbsdə olduğu müddətdə fiziki və psixoloji zorakılıq, gender əsaslı və seksual xarakterli hədələrlə üzləşdiyini bildirən qadın jurnalistlərdən biri olduğu da qeyd olunur.

RWCHR jurnalistin həbsini onun jurnalist fəaliyyəti ilə əlaqələndirir və Azərbaycan hakimiyyətini Aytac Tapdıq və digər jurnalistlərə qarşı irəli sürülmüş ittihamları geri götürməyə və onları azad etməyə çağırır.

“Jurnalistika cinayət deyil. Heç bir jurnalist ictimai maraq naminə gördüyü işə görə həbs olunmamalıdır”, – təşkilatın bəyanatında deyilir.

Aytac Tapdıq 2024-cü il dekabrın 6-da “Meydan TV işi” çərçivəsində saxlanılıb. İş üzrə ümumilikdə 12 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Əvvəlcə onlara Cinayət Məcəlləsinin 206.3.2-ci – qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə – maddəsi ilə ittiham irəli sürülüb. 2025-ci il avqustun 28-də isə ittihamlar ağırlaşdırılıb.

Hazırda onlar qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, vergidən yayınma, sənəd saxtalaşdırma və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması da daxil olmaqla bir neçə maddə ilə mühakimə olunurlar. Jurnalistlər ittihamları qəbul etmir, həbslərini peşə fəaliyyətləri və tənqidi jurnalistika ilə əlaqələndirirlər.

Ana səhifə ▸ Meydan TV işi ▸ Aytac Tapdığın səhhəti ilə bağlı beynəlxalq təşkilatdan çağırış: “Jurnalistika cinayət deyil”