ABŞ senatorlarından Tramp administrasiyasına: Azərbaycandakı siyasi məhbuslara azadlıq tələb edin

ABŞ Senatı. Foto: rarrarorro/shutterstock

ABŞ senatorları Azərbaycandakı siyasi məhbusların azadlığa buraxılması üçün Tramp adminstrasiyasına müraciət edib.

Demokrat Piter Uelç, Tim Kein və respublikaçı Tom Tillis regionda sülhün irəliləməsi üçün adminstrasiyaya Azərbaycanda həbsdə olan azı 300 siyası məhbusu azad etməyi tələb edib.

ABŞ senatorları dövlət katibi Marko Rubioya məktub göndərərək Azərbaycanda siyasi məhbusların vəziyyəti ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Məktubda Prezident İlham Əliyevin hakimiyyəti dövründə qanunsuz həbslərin, ədalətli məhkəmə araşdırması ilə bağlı problemlərin, müstəqil jurnalistlərə, müxalifət nümayəndələrinə və vətəndaş cəmiyyəti fəallarına təzyiqlərin davam etdiyi bildirilir.

Senatorlar Azərbaycanda 300-dən çox siyasi məhbusun olduğu barədə məlumatlara diqqət çəkiblər.

Onlar Tramp administrasiyasının regionda sülhün irəlilədilməsi istiqamətində səylərini dəstəklədiklərini qeyd etsələr də, Azərbaycanla Strateji Tərəfdaşlığın inkişafı üçün siyasi məhbusların azad edilməsinin şərt kimi irəli sürülməsini istəyiblər.

Məktub müəllifləri Belarus nümunəsini də xatırladaraq bildiriblər ki, Tramp administrasiyasının bu ölkədə siyasi məhbusların azad edilməsinə nail olması müsbət addımdır və Azərbaycana münasibətdə də oxşar yanaşma tətbiq olunmalıdır.

Belarusda son bir il ərzində ABŞ rəsmiləri ilə aparılan danışıqlardan sonra yüzlərlə siyasi məhbus azadlığa buraxılıb. Bunun müqabilində Vaşinqton Minskə qarşı tətbiq etdiyi bəzi sanksiyaları yumşaldıb.

Senatorlar məktubda Azərbaycanda həbsdə olan müxtəlif sahələrin nümayəndələrinin də adlarını çəkib və siyasi məhbusların azad edilməsinə onlardan başlana biləcəyini qeyd ediblər.

Siyahıda AXCP sədri Əli Kərimli, media eksperti Ələsgər Məmmədli, hüquq müdafiəçiləri Anar Məmmədli və Rüfət Səfərov, hazırda ev dustaqlığında olan iqtisadçı professor Qubad İbadoğlu, AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə, müxalifətçi Tofiq Yaqublu və jurnalist Ülviyyə (Əli) Quliyevanın adları yer alır.

Ana səhifə ▸ Siyasət ▸ ABŞ senatorlarından Tramp administrasiyasına: Azərbaycandakı siyasi məhbuslara azadlıq tələb edin