İlahiyyatçı Abgül Süleymanov saxlanılıb.
Bu barədə məlumatı Meydan TV-yə Abgül Süleymanovun həyat yoldaşı Zəhra Süleymanova verib.
Onun sözlərinə görə, Abgül Süleymanov dünən axşam evinin önündən aparılıb:
“Abgülün maşınla evə yaxınlaşdığını gördüm. Bir neçə dəqiqə keçdi, amma evə gəlmədi. Həyətə çıxdım ki, görüm hardadır. Həyətdəki uşaqlar dedi ki, ‘banditizm’ Abgülü apardı. Deyirlər Abgül onların maşınına minməyib öz maşınında olub, onlardan biri minib maşına gediblər”.

Zəhra Süleymanova deyir ki, sentyabrın 23-də Dövlət Təhlükəsizliyi Xidmətinə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib, lakin qurumlar Abgül Süleymanovun orada olmadığını bildiriblər. Həyat yoldaşı deyir ki, Abgül Süleymanov ağır şəkər xəstəsidir və dərman qəbul etməlidir. Harada olduğunu bilmədiyindən dərmanları həyat yoldaşına verə bilməyib.
Həyat yoldaşının sözlərinə görə, Abgül Süleymanovun saxlanılmasına səbəb məktəblərdə hicab qadağası ilə bağlı sosial mediada etdiyi paylaşımları olub.
“Hicab qadağası çıxandan sonra, Təhsil Nazirliyinə zəng etdik. Ordan bizə bildirdilər ki, qanun sentyabrın 21-dən qüvvəyə minib. Abgül də bununla bağlı paylaşımlar etdi. Paylaşıma çoxlu bəyənmə və şərh gəmişdi”, – deyə Zəhra Süleymanova danışır.
Daha əvvəl Abgül Süleymanov 2011-ci ilin avqustunda həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 11 il azadlıqdan məhrum edilib.
İlahiyyatçı ölkədə iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasına cəhddə və insanları itaətsizliyə təhrik etməkdə ittiham olunub.
İddia olunub ki, Abgül Süleymanov saxlanılarkən üzərindən 23,7 qram narkotik götürülüb.
2022-ci il sentyabrın 29-da ilahiyyatçı Abgül Süleymanovun həbs müddəti başa çatıb və azadlığa çıxıb.