Vaşinqton sentyabrın 23-də Ermənistanın cənubundan keçəcək “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) nəqliyyat dəhlizinin yaradılması ilə bağlı növbəti addımları açıqlayacaq. Layihə Ermənistanın cənubundan keçməklə Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasını nəzərdə tutur.
ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmiləri sentyabrın 22-də jurnalistlərə bildiriblər ki, Nyu-Yorkda keçiriləcək tədbirdə TRIPP layihəsinin həyata keçirilməsi üçün lazım olan mexanizmlər müzakirə olunacaq.
Tədbirdə Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin iştirakı gözlənilir. Mərkəzi Asiyanın beş ölkəsindən nümayəndələr də tədbirə qatılacaq. ABŞ rəsmilərinin sözlərinə görə, Qazaxıstan və Özbəkistan layihəyə xüsusi maraq göstərir.
ABŞ-nin sülh üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff, senator Stiv Deyns və 40-dan çox şirkətin rəhbəri də tədbirdə iştirak edəcək. Şirkətlərin böyük hissəsi ABŞ-dəndir.
ABŞ rəsmiləri TRIPP-in Avropa ilə Mərkəzi Asiya arasında yeni ticarət yolu yaratmaq məqsədi daşıdığını bildirirlər. Onların fikrincə, layihə Rusiya, Çin və İrandan keçən mövcud marşrutlardan asılılığı azaltmağa kömək edə bilər.
Tədbirdə Transxəzər Müəssisə Fondu da təqdim olunacaq.
ABŞ rəsmilərinin sözlərinə görə, fond TRIPP və daha geniş Transxəzər ticarət yolunun yaradacağı investisiya imkanlarına vəsait yatıracaq.
Fond ABŞ hökumətindən ayrıca fəaliyyət göstərəcək. Onun idarə heyəti Ağ Ev tərəfindən təyin olunacaq. Fond Dövlət Departamentindən qrant şəklində maliyyə alacaq.
Bu fond TRIPP İnkişaf Şirkətindən fərqlənir. TRIPP İnkişaf Şirkəti ABŞ və Ermənistanın birgə yaratdığı şirkət olacaq və dəhlizin inkişafına nəzarət edəcək.
Dövlət Departamentinin yüksəkvəzifəli rəsmisi deyib ki, Vaşinqton son 13 ayı Ermənistandakı infrastruktura investisiya yatırılması və onun idarə olunması üçün gərəkən hüquqi bazanın yaradılmasına sərf edib. ABŞ Konqresi də sülh prosesini və layihənin inkişafını dəstəkləmək üçün vəsait ayırıb.
ABŞ rəsmisi vurğulayıb ki, bu proses Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə hörmət əsasında həyata keçirilməlidir. Onun sözlərinə görə, mövcud ticarət yollarında olan maneələrin aradan qaldırılması ABŞ üçün həm iqtisadi, həm də təhlükəsizlik baxımından əhəmiyyətlidir.
TRIPP dəhlizinin Ermənistan ərazisində yerləşən hissəsinin tikintisinə hələ başlanmayıb. ABŞ tərəfi hazırda layihənin reallaşdırılması üçün lazımi hazırlıq işlərini davam etdirir.
Söhbət uzunluğu 43 kilometrdən az olan marşrutdan gedir. Burada dəmir yolu və avtomobil yolu ilə yanaşı, boru kəmərləri, elektrik xətləri və rəqəmsal rabitə sisteminin qurulması planlaşdırılır.
ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, layihənin Ermənistan sərhədinə qədər olan hissəsi üzrə Azərbaycan artıq öz vəsaiti hesabına iş aparır. Türkiyə də öz ərazisində sərhədə doğru infrastrukturun qurulmasını davam etdirir. Beləliklə, əsas işlərdən biri Ermənistan ərazisində qalan hissənin yaradılmasıdır.
Layihənin tikintisinə yaxın vaxtlarda başlanıb-başlanmayacağı ilə bağlı sualı cavablandıran ABŞ rəsmisi bunun hələ mümkün olmadığını deyib. Onun sözlərinə görə, əvvəlcə layihədə iştirak etmək istəyən şirkətlər və potensial investorlar müəyyənləşdirilməlidir. ABŞ administrasiyası bu prosesə 2026-cı ilin sonuna qədər və ya 2027-ci ilin ilk üç ayında başlamağı planlaşdırır.
Dəmir yolu ilə bağlı proses isə ayrıca vaxt tələb edəcək. İlk mərhələdə layihənin texniki-iqtisadi əsaslandırması hazırlanmalıdır. Bunun 2026-cı ilin sonuna və ya 2027-ci ilin əvvəlində tamamlanacağı gözlənilir. Yalnız bundan sonra tikinti üçün şirkətlər arasında seçim aparılacaq.
Rəsmi nümayəndə hesab edir ki, dəmir yolunun inşası ən azı bir il yarım davam edə bilər. O, xüsusilə ərazinin mürəkkəb relyefinin tikinti prosesini uzada biləcəyini bildirib.
ABŞ rəsmisi layihənin 2027-ci ildə tamamlanmasının real olmadığını da qeyd edib: “2027-ci ildə heç kim bu qatarda səfər etməyəcək”.
TRIPP layihəsi Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasını nəzərdə tutur. Layihə 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüşdən sonra gündəmə gəlib.
Həmin görüşdən sonra Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə razılıq əldə olunduğu açıqlanıb. Bununla yanaşı, sazişin yekun şəkildə imzalanması və qüvvəyə minməsi üçün əlavə prosedurların qalacağı bildirilib.
TRIPP layihəsi həmin prosesin iqtisadi tərəflərindən biri kimi təqdim olunur. ABŞ administrasiyası hesab edir ki, regionda yeni nəqliyyat və ticarət əlaqələrinin yaradılması Ermənistan, Azərbaycan və digər ölkələr arasında iqtisadi əməkdaşlığı genişləndirə bilər.