Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti təşkilatı Avropa Şurası institutlarına və üzv dövlətlərə müraciət ünvanlayaraq Azərbaycan hökumətinin üzvlük öhdəliklərini sistemli şəkildə pozmasına və təşkilatdan çıxmaq hədələrinə qarşı prinsipial cavab verməyə çağırıb.
Bəyanatı Müstəqil Hüquqşünaslar Şəbəkəsi, Xəzər Tədqiqat və Analiz Mərkəzi, Açıq Azərbaycan Təşəbbüsü, Free Voice Collective, Demokratik Təşəbbüslər İnstitutu imzalayıb.
Müraciətdə qeyd olunur ki, bu çağırış həm Azərbaycanda insan hüquqlarının müdafiəsi, həm də Avropa Şurasının əsas dəyərlərinin qorunması zərurətindən irəli gəlir:
“Avropa İnsan Hüquqları Konvensiyası insan hüquqları, demokratiya və hüququn aliliyi kimi prinsiplərin kollektiv müdafiəsini təşkilata üzv dövlətlərin ortaq məsuliyyəti kimi müəyyən edir. Məhz bu ortaq öhdəlik və məsuliyyətdən çıxış edərək biz Avropa Şurasına üzv olan dövlətləri Azərbaycanın üzvlük öhdəliklərini yerinə yetirməsini təmin etmək üçün təşkilatın institutları çərçivəsində birgə və ardıcıl addımlar atmağa çağırırıq”.
Təşkilatlar qeyd edib ki, Azərbaycanın 2001-ci ildə AŞ-na üzvlüyü və 2002-ci ildən Avropa İnsan Hüquqları Konvensiyasına qoşulması ölkə vətəndaşlarına beynəlxalq hüquqi müdafiə imkanı yaradıb, Avropa Məhkəməsi isə daxili müdafiə vasitələrinin səmərəsizliyi fonunda yeganə ədalət mexanizminə çevrilib. Lakin hakimiyyət bu problemləri aradan qaldırmaq əvəzinə, AŞ-nın nəzarət mexanizmlərini suverenliyə müdaxilə kimi təqdim edib, təşkilatın institutlarının legitimliyini şübhə altına alan siyasət yürüdüb.
Həmçinin sənəddə 2022-ci ildən etibarən Azərbaycanda insan hüquqları böhranının yarandığı, müstəqil medianın və siyasi müxalifətin sərbəst fəaliyyət imkanlarının yox edildiyi vurğulanır.
“Müstəqil təşkilatların hesabatları ölkədə ən azı 328 siyasi məhbusun olduğunu göstərir. Vətəndaş cəmiyyəti nümayəndələri, jurnalistlər və siyasi fəallar 10–15 ilədək ağır həbs cəzalarına məhkum edilir. 2026-cı ilin ilk altı ayında siyasi məhbuslara qarşı işgəncə və pis rəftar, o cümlədən qadın siyasi məhbuslara qarşı cinsi qısnama halları artıq ayrı-ayrı hüquq pozuntularının fövqünə keçən, insan ləyaqətini alçaldan bir vəziyyət yaradıb”, – deyə bəyanatda qeyd edilir.
Bəyanatda həmçinin Azərbaycanın AİHM qərarlarının icra edilməməsi üzrə ən yüksək göstəriciyə malik olduğu (qərarların 68 faizinin icra olunmadığı) qeyd olunur. Vətəndaş cəmiyyəti qurumları hesab edirlər ki, AŞ-nın Bakı ofisinin fəaliyyəti və ya İşgəncələr Əleyhinə Komitənin (CPT) səfərləri kimi mövcud əlaqələr Azərbaycandakı vəziyyətin legitimləşməsinə xidmət etməməlidir.
“Bir dövlətin üzvlüyünü qorumaq naminə təşkilatın təməl prinsiplərinin aşınmasına yol vermək Avropa Şurası və bütün üzv ölkələr üçün daha ağır və uzunmüddətli nəticələr doğura bilər. Biz başa düşürük ki, prinsipial cavab Azərbaycan hökumətinin təşkilatdan çıxmasını sürətləndirə bilər. Bu nəticəyə görə məsuliyyət Avropa Şurasının deyil, Azərbaycan hökumətinin üzərinə düşür”, – deyə qeyd edilir.
Sənədin sonunda qurumlar Avropa Şurasını, üzv dövlətləri və aidiyyəti institutları konkret təxirəsalınmaz addımlar atmağa çağırıblar:
Nazirlər Komitəsini: Azərbaycanın Komitə ilə əməkdaşlığı dayandırmasına və Məmmədli qrupu üzrə AİHM qərarlarını icra etməməsinə cavab olaraq, növbəti insan haqları iclasında Konvensiyanın 46-cı maddəsinin 4-cü bəndində nəzərdə tutulan proseduru başlatmağa;
Baş Katibi: Konvensiyanın 52-ci maddəsinə əsasən Azərbaycandakı insan hüquqları böhranı və Məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı hökumətdən rəsmi izahat tələb etməyə;
AŞPA, Nazirlər Komitəsi və Baş Katibi: Azərbaycandakı böhranı gündəmdə saxlamağa, siyasi məhbusların azad edilməsi və hesabatlılığın təmin edilməsi üçün əlaqələndirilmiş addımlar atmağa;
Üzv dövlətləri: Azərbaycanla münasibətlərdə vahid və prinsipial mövqe tutmağa, təşkilatın dəyərlərini qorumağa, siyasi məhbuslara, hüquq müdafiəçilərinə və jurnalistlərə dəstəyi gücləndirməyə.