Prezident İlham Əliyev bir qrup məhbusun əfv edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, həbsdə olan 20 nəfər azadlığa buraxılıb.
Onların arasında bir neçə xarici vətəndaş, o cümlədən Fransa vətəndaşı, iş adamı Rayan Martin də var. İki ildən çoxdur Azərbaycanda həbsdə saxlanılan Martin Rayan bu ilin martında casusluq ittihamı ilə 10 il həbs cəzası almışdı. O, özünü təqsirli bilmir və ittihamları rədd edir.
Azərbaycanda həbsdə olmuş digər Fransa vətəndaşı Teo Klerk isə artıq azadlıqdadır. Küçə sənətçisi olan Klerk 2024-cü il martın 31-də Bakıda metro qatarına qraffiti çəkdiyi üçün saxlanılmışdı. Həmin il sentyabrın 10-da 3 il həbs cəzasına məhkum edilmişdi. Klerk 2025-ci il mayın 26-da Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb və Fransaya qayıdıb. O, Azərbaycanda ümumilikdə 422 gün həbsdə qalıb.
Bugünlərdə “Financial Times” (FT) mənbələrinə istinadla yazmışdı ki, Fransa Azərbaycanda həbsdə olan vətəndaşlarının azad edilməsi qarşılığında rusiyalı-özbək milyarder Alişer Usmanovun Avropa İttifaqının (Aİ) sanksiya siyahısından çıxarılmasına çalışır.
“Reuters” isə ötən gün üç avropalı diplomata istinadən yazıb ki, Fransa Avropa İttifaqını (Aİ) rusiyalı-özbək milyarder Alişer Usmanova qarşı sanksiyaları ləğv etməyə çağırır, iki fransalının saxlandığı Azərbaycanın bununla bağlı təzyiq göstərdiyini bildirir.
Azərbaycan rəsmiləri “Reuters”də yazılanlara münasibət bildirməmişdilər.
Nəhayət, uzun müzakirələrdən sonra Aİ ölkələrinin səfirləri Rusiyaya qarşı sanksiyaları daha üç il uzatmağa razılaşdılar. Eyni zamanda, rusiyalı iş adamları Alişer Usmanov və Mixail Fridman sanksiya siyahısından çıxarıldılar.
Aİ Ukraynaya qarşı hərbi təcavüzünə görə Rusiyaya sanksiyalar tətbiq edir.
İlham Əliyev bundan əvvəl sonuncu əfv sərəncamını 2025-ci ilin mayında vermişdi. Həmin vaxt da əfv olunan 220 nəfərin arasında hüquq müdafiəçilərinin siyasi məhbus hesab etdiyi heç kim yox idi.
Bəzi hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda Azərbaycan həbsxanalarında 328 siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.