Hədəfdə: Azərbaycanda niyə uşaq pulu verilmir?

Azərbaycanda ailənin gəlirindən asılı olmayaraq hər bir uşağa aylıq ödənilən universal müavinət yoxdur. Təxminən 20 ildir ki, dövlət başqa model tətbiq edir: universal ödəniş əvəzinə aztəminatlı ailələrə və ayrı-ayrı sosial kateqoriyalara yardım göstərilir.

Doğum səviyyəsinin davamlı azalması fonunda “uşaq pulu” məsələsi yenidən gündəmə gəlib. İndi müzakirə yalnız bu ödəniş üçün vəsaitin haradan tapılması ilə bağlı deyil. Universal müavinətin büdcəyə nə qədər başa gələcəyi, ailələrə real olaraq nə dərəcədə kömək edəcəyi və belə dəstəkdən imtinanın uzunmüddətli sosial nəticələrinin nə ola biləcəyi də müzakirə olunur.

2026-cı ilin mayında müzakirələrin yeni dalğasına Milli Məclisin deputatı Günay Ağamalının açıqlaması səbəb olub. O, ARB TV-nin efirində uşaq pulunun valideynlərdə “asılılıq və tənbəllik” yarada biləcəyini deyib. Deputatın fikrincə, belə ödənişlər bəzi insanların işləmək istəyini azalda bilər.

Amma Azərbaycanda uşaq pulu müzakirəsi yeni deyil. Demək olar ki, hər il məsələ yenidən ictimai gündəmə qayıdır və hər dəfə eyni suallar ortaya çıxır: dövlət bütün uşaqlara pul ödəməlidir, yoxsa yalnız yardıma ehtiyacı olan ailələrə? Büdcənin buna imkanı varmı? Uşaq pulu doğum səviyyəsinin azalmasının qarşısını ala bilərmi?

2006-cı ildə nə dəyişdi?

Azərbaycanda “uşaq pulu” adlandırılan aylıq ödənişlər 2006-cı ildən əvvəl də mövcud olub. Amma geniş yayılmış təsəvvürün əksinə olaraq, həmin sistem də universal deyildi.

O vaxt qüvvədə olan qaydalara əsasən, ailənin hər bir üzvünə düşən orta aylıq gəlir 16 500 köhnə manatdan aşağı olardısa, uşağa doğulduğu gündən 16 yaşına qədər ayda 9 min köhnə manat ödənilirdi. Təqaüd almayan məktəblilər üçün ödəniş 18 yaşadək davam edə bilərdi. Denominasiyadan sonra bu məbləğ 1 manat 80 qəpiyə bərabər idi.

Yəni əvvəlki sistemdə də ailənin gəliri nəzərə alınırdı.

2006-cı il yanvarın 1-dən sosial müdafiə sistemində yeni mərhələ başladı. “Ünvanlı dövlət sosial yardımı haqqında” və “Sosial müavinətlər haqqında” qanunlar qüvvəyə mindi. Ailənin gəlir səviyyəsinə bağlı ayrıca uşaq müavinəti isə yeni sistemdə davam etdirilmədi.

Beləliklə, dövlət yanaşmanı dəyişdi: uşağa görə ayrıca ödəniş əvəzinə, ailənin gəliri nəzərə alınmaqla ünvanlı yardım əsas mexanizmə çevrildi.

Əsas prinsip dəyişməyib: yardım hamıya deyil, ehtiyacı olana

Sonrakı illərdə uşaqlar və ailələr üçün yeni müavinət növləri yaradılıb, ödənişlərin məbləği dəyişib. Amma əsas prinsip əvvəlki kimi qalıb: ölkədə hər bir uşağa verilən universal müavinət yoxdur.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 2022-ci ildə Milli Məclisdə çıxışı zamanı bildirmişdi ki, sosial həssas qruplara daxil olan təxminən 600 min uşaq müxtəlif mexanizmlərlə dövlət dəstəyi alır və sosial yardım universal deyil, ünvanlı olmalıdır.

2026-cı ildə qüvvədə olan sistem də bu prinsipə əsaslanır.

“Bizdə uşaqlar üçün müavinətlər nəzərdə tutulur. Bu daha çox sosial ailələrə aiddir. Eyni zamanda birdəfəlik müavinətlər var. Məsələn, uşağın anadan olmasına görə birdəfəlik müavinət verilir. Bir yaşına qədər uşağı olan aztəminatlı ailələrə ödənilən müavinət var, üç yaşına qədər uşağa qulluğa görə müavinət var, beşdən çox uşağı olan qadınlara müavinət var. Eyni zamanda əlilliyi olan uşaqlar, valideynini itirmiş uşaqlar və başqa kateqoriyalar üçün də sosial müavinətlər nəzərdə tutulub”, – vəkil Fariz Namazlı Meydan TV-yə müsahibəsidə deyir.

Hazırda uşağın doğulmasına görə ailəyə birdəfəlik 600 manat ödənilir. Bir yaşına qədər uşağı olan aztəminatlı ailələr ayda 140 manat alır. Beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq 140 manat verilir. Üç yaşına qədər uşağa qulluğa görə müavinət isə uşağın yaşından asılı olaraq 44 və ya 28 manat təşkil edir.

Bundan başqa, əlilliyi olan, ailə başçısını itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar və digər sosial kateqoriyalar üçün ayrıca ödənişlər nəzərdə tutulur.

Yəni məsələ dövlətin uşaqlı ailələrə ümumiyyətlə maddi yardım edib-etməməsində deyil. Belə yardımlar var.

Əsas sual budur: bu yardım kimlərə verilməlidir?

Universal müavinət, yoxsa ünvanlı yardım?

Universal modeldə ailənin gəliri nəzərə alınmır. Uşaq müəyyən edilmiş şərtlərə cavab verirsə, ailə ödənişi alır.

Ünvanlı modeldə isə dövlət əvvəlcə ailənin gəlirini, əmlak vəziyyətini və sosial durumunu qiymətləndirir, yalnız bundan sonra onun yardıma ehtiyacı olub-olmadığını müəyyən edir.

Fariz Namazlının fikrincə, hər iki modelin üstün və mənfi tərəfləri var:

“İndiki halda universal uşaq pulu ilə bağlı təkliflər irəli sürülür və əsas gətirilir ki, ailənin gəlirindən asılı olmayaraq bütün ailələrdəki uşaqlara bu ödəniş verilsin. Təbii ki, burada şəffaflıq daha çoxdur. Ailələr öz gəlirlərini göstərməyəcək, gəlirin yoxlanmasına ehtiyac olmayacaq və bütün uşaqlara bərabər münasibət tətbiq olunacaq.

Amma bu, büdcə baxımından daha çox yük yaradır və maddi vəziyyəti yaxşı olan şəxslər də bu ödənişi alacaq. Əgər sırf aztəminatlı ailələr üçün nəzərdə tutulursa, büdcəyə daha az yük düşür və müavinəti yardıma daha çox ehtiyacı olan ailələr alır. Mənfi tərəfi odur ki, gəliri müəyyən etmək çətindir və burada müəyyən sui-istifadə halları da ola bilər”.

2026-cı ildə qəbul edilmiş yeni “Uşaq hüquqları haqqında” qanunda uşağın sosial təminat hüququ ayrıca təsbit olunub. Qanunun 24-cü maddəsinə görə, hər bir uşağın qanunla müəyyən edilmiş yaşayış minimumundan aşağı olmayan maddi təminat almaq hüququ var. Eyni maddədə uşaqların sosial müdafiəsi məqsədilə dövlətin ayrı-ayrı kateqoriyalara sosial yardım göstərdiyi qeyd olunur.

2026-cı ildə uşaqlar üçün yaşayış minimumu 260 manatdır.

Amma bu norma dövlətin hər uşağa ayda 260 manat nağd pul ödəməli olduğu anlamına gəlmir. Söhbət uşağın ümumi maddi təminat hüququndan gedir. Birbaşa sosial ödənişlər isə yenə də ayrı-ayrı kateqoriyalar üçün nəzərdə tutulub.

Uşaq pulu valideynləri “tənbəlləşdirə” bilərmi?

Günay Ağamalının valideynlərin uşaq dünyaya gətirərkən dövlətin maliyyə yardımına ümid etməməli olduğu və uşaq pulunun asılılıq yarada biləcəyi barədə açıqlaması da məhz bu müzakirələrin fonunda səslənib.

Belə yanaşma sosial siyasətlə bağlı müzakirəni valideynlərin davranışı müstəvisinə keçirir.

Halbuki Azərbaycanda mövcud sistemin özündə uşaqlı ailələr üçün birbaşa pul ödənişləri var. Buna görə də mübahisə dövlətin ailələrə ümumiyyətlə pul ödəyib-ödəməməsi haqqında deyil. Məsələ bu ödənişlərin bütün uşaqlara, yoxsa yalnız müəyyən qruplara şamil olunmasıdır.

Universal uşaq pulunu müdafiə edənlərin hamısı da bu ödənişi sosial və demoqrafik problemlərin həlli kimi görmür.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli hesab edir ki, uşaq pulu mövzusu populizm üçün əlverişli məsələdir:

“Bu çox həssas mövzudur və populizmə açıq mövzudur. Siyasi məsuliyyəti olmayan şəxslər sadəcə populizm xatirinə bu məsələdən siyasi xal qazanmağa çalışırlar. Məsələn, biri çıxıb desə ki, hər uşağa 500 manat verək, evdə də iki-üç uşağı olan adam deyəcək ki, 1000-1500 manat nə yaxşı, qoy versin.

Çox yaxşı olardı ki, hökumət nümayəndələri ilə oturaq, hesab-kitabı qabağımıza qoyaq, dövlət büdcəmiz nə qədərdir, yükü nə qədərdir, necə və hansı formada vermək olar — bunları müzakirə edək.

Bəzi hallarda bütün problemlərin həllinin kökündə uşaq pulunun dayandığını söyləyənlər də var. Bu, insanları yanlış yönləndirir. Azərbaycanda artıq demoqrafik böhran yaşanır, doğuş saylarında azalma var. Amma sabah uşaq pulu versən, vəziyyət dərhal düzələcək yanaşması da populizmdir. Biz bunu Avropa ölkələrinin timsalında görürük. Məsələn, Polşada hər uşağa 800 zlotı verilir, kifayət qədər yüksək məbləğdir. Amma demoqrafik vəziyyət ildən-ilə pisləşir, doğum səviyyəsi 1,7-dən 1,4-ə düşüb”.

Dünya Bankının məlumatına görə, Azərbaycanda bir qadına düşən orta doğum sayı 2020-ci ildə 1,7 olub, 2024-cü ildə isə 1,4-ə enib.

Daha yeni statistika da azalmanın davam etdiyini göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında ölkədə 40 798 uşaq doğulub. Hər min nəfərə düşən doğum sayı 2025-ci ilin eyni dövründə 9 olduğu halda, 2026-cı ildə 8-ə enib.

Büdcənin universal uşaq puluna imkanı varmı?

Universal ödənişlərə qarşı əsas arqumentlərdən biri onların büdcəyə başa gələcək məbləğidir.

Natiq Cəfərli hesab edir ki, iqtisadi baxımdan Azərbaycanda uşaq pulu vermək mümkündür, amma bütün uşaqları bir anda əhatə etmək məcburi deyil. Onun fikrincə, sistemi mərhələli şəkildə qurmaq olar:

“Əgər məqsəd uşaq pulu verilməsi ilə demoqrafik vəziyyəti düzəltməkdirsə, bu, tək uşaq pulu ilə olmur. Amma iqtisadi olaraq, təbii ki, mümkündür. Sadəcə bunun həcmi və pillələri olmalıdır.

Bizim təklifimiz bir neçə il öncə ondan ibarət olub ki, Azərbaycanda 2,7 milyon 0-18 yaş arası uşaq var, bunların 920 minə yaxını ikinci uşaqdır. Əgər bütün uşaqları birdən-birə təmin etmək mümkün deyilsə, heç olmasa ilkin addım kimi ikinci və sonrakı uşaqlara uşaq pulu verilsin. Bu da 100 manat civarında olsa, ilk addımda təqribən ildə 1 milyard manat vəsait tələb edir. Bu da Azərbaycan büdcəsinin gücü çatan vəsaitdir.

Əgər 2,7 milyon uşağın hamısına ayda 100 manat verilsə, bu, 3 milyard manatdan çox edir — təxminən 3,2-3,3 milyard manat. İlkin mərhələdə bu, dövlət büdcəsinə müəyyən problem yarada bilər. Amma ilk addım kimi 1 milyard manat ayırmaq olar, sonrakı mərhələlərdə iqtisadi imkanları nəzərə alaraq bunu artırmaq mümkündür”.

2026-cı il üçün Azərbaycan dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703,6 milyon manat müəyyən edilib.

Bu fonda universal uşaq pulu üçün 3 milyard manatdan artıq vəsaitin ayrılması, həqiqətən də, böyük məbləğdir.

Amma xərclərin yüksək olması müzakirəni avtomatik bağlamır. Bütün uşaqlara eyni məbləğin verilməsi yeganə model deyil. Ödəniş uşağın yaşına, ailədə neçənci uşaq olmasına, valideynlərin gəlirinə görə fərqləndirilə və ya proqram mərhələli şəkildə tətbiq oluna bilər.

Deməli, sual yalnız “büdcədə pul varmı?” deyil. Məsələ həm də dövlətin hansı sosial siyasət modelini prioritet hesab etməsidir.

Doğum azalır, amma səbəb təkcə pul deyil

Uşaq pulunun yenidən gündəmə gəlməsinin əsas səbəblərindən biri doğum sayının nəzərəçarpacaq dərəcədə azalmasıdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycanda 122 846 uşaq doğulub. 2023-cü ildə bu göstərici 112 620, 2024-cü ildə 102 310 olub. 2025-ci ildə isə 95 875 doğum qeydə alınıb.

Beləliklə, 2022-2025-ci illərdə bir ildə doğulan uşaqların sayı təxminən 27 min azalıb.

Əhalinin yaş strukturu da dəyişir. 2023-cü ilin əvvəlində 0-4 yaşlı uşaqlar əhalinin 6,3 faizini təşkil edirdisə, 2025-ci ilin əvvəlində bu göstərici 5,6 faizə enib. Eyni zamanda 65-69 yaşlıların payı 3,9 faizdən 4,6 faizə, 70 yaş və daha yuxarı əhalinin payı isə 4,6 faizdən 5,3 faizə yüksəlib.

Sosioloq Sənubər Heydərlinin fikrincə, belə şəraitdə gənc ailələrin dəstəklənməsi vacibdir:

“Azərbaycanda əhalinin yaşayışı çox da yaxşı deyil. Sosial çətinliklər çoxdur, ona görə də düşünürəm ki, gənc ailələrə dəstək üçün uşaq pulu vacibdir. Bunu göstərən rəqəmlər var. Uşaq doğumu kəskin şəkildə aşağı düşüb, əhalinin qocalması prosesi başlayıb.

Amma uşaq pulu özlüyündə təkbaşına gücə sahib deyil. Uşaq pulu veriləcək və ondan sonra doğum səviyyəsi qalxacaq deyə bir şey yoxdur. Hökumət bununla paralel başqa addımlar da atmalıdır. Uşaq dünyaya gətirmək təkcə ailənin sosial vəziyyəti ilə bağlı deyil. Burada qadınların əmək bazarına çıxışı, insanların özlərini sosial təhlükəsizlikdə hiss edib-etməməsi, səhiyyənin və təhsilin vəziyyəti kimi müxtəlif səbəblər var.

Amma uşaq pulu öz-özlüyündə gənc ailə üçün ciddi dəstəkdir. Uşaq dünyaya gələndə valideynlərdən biri əmək qabiliyyətini müvəqqəti dayandırmalı olur, əmək bazarında olmur və evə qazanc gətirə bilmir. Bu, ailənin iqtisadi vəziyyətinə ciddi təsir edir. Bu cəhətdən ailə dəstəklənməlidir”.

100 manat nəyi dəyişər?

Başqa bir sual mümkün uşaq pulunun məbləği ilə bağlıdır.

Tutaq ki, dövlət hər uşağa ayda 100 manat ödəyir. İki uşaqlı ailənin aylıq gəliri əlavə 200 manat artar.

Bu məbləğ ailənin əsas maliyyə problemlərini həll edə bilərmi?

Natiq Cəfərli hesab edir ki, yox:

“Siz Avropada xərclədiyiniz hər 100 avronun ən pis halda 20 avrosunu ərzağa xərcləyirsiniz. Biz isə vəsaitin yarısını ərzağa xərcləyiriksə, deməli, Azərbaycan kasıb ölkədir.

Amma bunun məbləğindən çox şey asılıdır. Fantastik ssenari təsəvvür edək ki, hər uşağa 1000 manat verirlər. O zaman bu, kasıblığın aradan qaldırılmasına xidmət edə bilər. O mümkündürmü? Mümkün deyil. Ən yaxşı halda 100 manat verəcəklərsə, iki uşağı olan ailəyə əlavə 200 manat gəlirsə, bu, kasıblığın aradan qaldırılmasına xidmət edə bilərmi? Əlbəttə, yox”.

Amma uşaq pulunun məqsədi dövlətin ailənin bütün xərclərini öz üzərinə götürməsi də olmaya bilər.

Bu ödənişə uşağın doğulması və böyüdülməsi ilə yaranan əlavə xərclərdə dövlətin iştirak forması kimi də baxmaq mümkündür.

Uzunmüddətli perspektivdə isə Natiq Cəfərli ideal modelin tamam başqa olduğunu düşünür:

“İnsanlar özləri qazansın, ailələr özləri dolana bilsinlər. Kiçik biznes inkişaf eləsin, ailə biznesi inkişaf eləsin. Bütün inkişaf o istiqamətdə olsun ki, insanların buna heç ehtiyacı qalmasın. Bu, mənim fikrimcə, ideal modeldir.

Dövlət hər zaman pul verəndə sənin hüquqlarını məhdudlaşdırır. Dövlət nə qədər çox pul verirsə, sənin hüquqların bir o qədər məhdudlaşır. Mənim düşüncəmə görə, elə bir sistem, elə bir cəmiyyət, elə bir ölkə qurmalıyıq ki, buna ehtiyac qalmasın. Amma indi ehtiyac varmı? Təbii ki, var”.

Sənubər Heydərli valideynlərin uşaq böyütmə standartlarının dəyişməsinə də diqqət çəkir. Müasir ailə daha az uşağa sahib olmağı şüurlu şəkildə seçə, bir və ya iki uşağa daha yaxşı təhsil, səhiyyə və inkişaf imkanları yaratmağa üstünlük verə bilər.

Qonşu ölkələr hansı modeli seçib?

Qonşu ölkələrin təcrübəsi göstərir ki, “uşaq pulu”nun vahid modeli yoxdur. Bəzi ölkələrdə ödəniş ailənin gəlirindən, digərlərində isə uşağın ailədə neçənci uşaq olmasından asılıdır.

Ermənistanda 2026-cı il sentyabrın 1-dən sonra doğulan hər bir uşağa, ailədə neçənci uşaq olmasından asılı olmayaraq, birdəfəlik 500 min dram (təxminən 2341 manat) ödənilir.

Bundan başqa, üçüncü və sonrakı uşaqlar üçün altı yaşına qədər ayda 50 min dram (təxminən 235 manat) ödəniş edilir.

Türkiyədə 2025-ci il yanvarın 1-dən sonra doğulan birinci uşağa birdəfəlik 5 min lirə (təxminən 176 manat) verilir. İkinci uşaq üçün beş yaşına qədər ayda 1500 lirə — təxminən 53 manat, üçüncü və sonrakı uşaqlar üçün isə ayda 5 min lirə — təxminən 176 manat ödənilir.

Gürcüstanda sistem daha çox ünvanlı xarakter daşıyır. Müəyyən edilmiş həddən aşağı sosial reytinqə malik ailələrdə 16 yaşına qədər hər uşağa ayda 200 lari (təxminən 130 manat) ödənilir. BMT-nin Gürcüstanda sosial müdafiə ilə bağlı hesabatında bildirilir ki, proqram sosial reytinqi 120 001 baldan aşağı olan ailələrin uşaqlarını əhatə edir.

2025-ci ilin noyabrına olan məlumata görə, bu ödənişi 250 mindən çox uşaq alıb.

Rusiyada birdəfəlik uşaq müavinəti də universal deyil. Müavinət təyin edilərkən ailənin adambaşına düşən gəliri və digər ehtiyac meyarları nəzərə alınır. Ödəniş uşaqlar üçün müəyyən edilmiş regional yaşayış minimumunun 50, 75 və ya 100 faizi həcmində ola bilər.

Bu nümunələr göstərir ki, seçim “uşaq pulu ya verilir, ya verilmir” kimi qoyulmur.

Dövlət doğuş zamanı birdəfəlik yardım verə, müəyyən yaşa qədər aylıq müavinət təyin edə, ikinci və sonrakı uşaqları daha çox dəstəkləyə və ya ödənişləri yalnız aztəminatlı ailələrlə məhdudlaşdıra bilər.

Azərbaycan hazırda əsasən sonuncu — ünvanlı və kateqoriyalar üzrə sosial dəstək modelinə üstünlük verir.

Universal uşaq pulu üçün ayrıca qanuna ehtiyac varmı?

Fariz Namazlının sözlərinə görə, dövlət universal uşaq pulu tətbiq etmək qərarına gəlsə, bunun üçün ayrıca qanun qəbul edilməsinə ehtiyac yoxdur:

“Ayrıca qanuna, məncə, ehtiyac yoxdur. ‘Sosial müavinətlər haqqında’ qanun var, bu qanuna dəyişikliklər oluna bilər. Eyni zamanda ‘Uşaq hüquqları haqqında’ yeni qanun qəbul olunub. Həmin qanuna da uşaqlar üçün hansı əlavə ödəniş və müavinətlərin tətbiq olunması ilə bağlı əlavələr etmək olar”.

2006-cı ildən bəri dövlətin əsas yanaşması demək olar ki, dəyişməyib: hər uşağa eyni həcmdə aylıq ödəniş əvəzinə ailənin ehtiyac səviyyəsi və ya uşağın müəyyən sosial kateqoriyaya aid olması nəzərə alınaraq yardım verilir.

Bu, dövlətin uşaqlı ailələrə ümumiyyətlə yardım etmədiyi anlamına gəlmir. Uşağın doğulmasına görə birdəfəlik ödəniş, aztəminatlı ailələrə müavinət, uşağa qulluq üçün ödənişlər, çoxuşaqlı qadınlara, əlilliyi olan və valideyn himayəsindən məhrum uşaqlara yardımlar mövcuddur.

Universal uşaq pulu bu modelin dəyişdirilməsi demək olardı.

Aydındır ki, belə sistem büdcədən ciddi əlavə vəsait tələb edərdi. Eyni zamanda ekspertlər vurğulayırlar ki, yalnız uşaq pulu nə yoxsulluğu aradan qaldıra, nə də doğum səviyyəsinin azalmasını avtomatik dayandıra bilər.

Amma doğum sayının azalması və əhalinin tədricən qocalması başqa bir sualı da gündəmə gətirir: sosial siyasəti yalnız dövlətin bu gün nə qədər pul xərcləməli olduğu ilə qiymətləndirmək olarmı?

Sənubər Heydərli hesab edir ki, ailələrin bu gün dəstəksiz qalması gələcəkdə dövlət üçün daha böyük xərc yarada bilər:

“Dövlət indi uşaq pulundan qaçaraq, ailələri çətin vəziyyətə salaraq və heç bir məsuliyyəti üzərinə götürməyərək, gələcəkdə əhalinin qocalmasına görə olacaq xərclərini çoxaldır.

Sanki uşaq pulu daha çox görünən xərcdir. Birbaşa ailələrə veriləndə hökumət nümayəndələri məbləği hesablayıb bunun böyük rəqəm olduğunu görürlər. Amma başa düşmürlər ki, uşaqlara verilməyən bu dəstək gələcəkdə qocalmış əhalinin qayğısına qalanda lazım olacaq.

Dövlət daha çox pensiya və müavinət verməli, səhiyyə sistemində daha çox xərc çəkməli olacaq. Əhali daha çox qocalacaq. Əmək qabiliyyətli gənclərin ödədiyi vergilərlə pensiyalar arasındakı balans pozulacaq. Pensiya alanların sayı çoxalacaq, vergi verənlərin sayı azalacaq. Beləliklə, dövlətə düşən yük artacaq”.

“Mediaşəbəkə”nin dəstəyi ilə

Ana səhifəVideoHədəfdə: Azərbaycanda niyə uşaq pulu verilmir?