Vardanyan Səbinə Əliyevaya müraciət etdi: “Öz qanunlarınıza əməl edin”

Ruben Vardanyan. Foto: Meydan TV

Azərbaycanda 20 il müddətinə azadlıqdan məhrum edilən, Qarabağda fəaliyyət göstərmiş separatçı qurumun keçmiş “dövlət naziri” Ruben Vardanyan Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya müraciət edib.

O, Umbakı Penitensiar Kompleksində saxlanılan Ermənistan vətəndaşlarının hüquqlarının pozulduğunu bildirib. Müraciətdə Vardanyan bildirib ki, kompleksdə onunla birlikdə saxlanılan digər 18 Ermənistan vətəndaşından bəzilərinə həftəlik telefon danışığına icazə verilmir, videogörüşlər isə ümumiyyətlə mümkün deyil. Nəticədə bəzi məhbusların üç ilə yaxındır uşaqlarını görmədiyi iddia olunur.

Vardanyanın sözlərinə görə, erməni məhbuslar hətta öz hesablarına belə tibbi müayinələrdən keçə bilmirlər. O, açıq havada gəzinti müddətinin qanunda nəzərdə tutulan gündəlik bir saat əvəzinə həftədə bir dəfə 20–40 dəqiqə ilə məhdudlaşdırıldığını, müraciət və şikayətlərə yazılı cavab verilmədiyini də deyib.

Müraciətdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycanda fəaliyyətinin dayandırılmasından sonra məhbusların ailələri ilə əlaqəsinin kəsildiyini də qeyd edib. Vardanyanın sözlərinə görə, məhbusların böyük əksəriyyəti ailələrindən bağlama almır. O bildirib ki, bəzilərinin hətta həbsxananın mağazasından ərzaq almaq və telefon danışığı etmək üçün də pulu yoxdur. Vardanyan bütün bunların məhbusların ümumi psixoloji vəziyyətinə mənfi təsir göstərdiyini deyib.

O, həyat yoldaşı Veronika Zonabendin Bakıya gələrək Ombudsmanla və məhbuslarla görüşməyə, mindən çox məktub, bağlama və zəruri əşyanı çatdırmağa hazır olduğunu, lakin bununla bağlı müraciətlərə cavab verilmədiyini bildirib. Vardanyan deyib ki, bu müraciətə cavab verilməyib və alternativ həll yolu da təklif olunmayıb.

Vardanyan Səbinə Əliyevadan məhbuslarla görüşməsini və müraciətinə cavab verməsini istəyib.

“Umbakidə daha nə qədər qalacağımızın əhəmiyyəti yoxdur, xahiş edirəm, öz qanunlarınıza əməl edin. Məncə, bu, təkcə bizim üçün deyil, bütün Azərbaycan cəmiyyəti üçün doğrudur”, – Vardanyan deyib.

Ombudsman Aparatı Vardanyanın açıqlamalarına hələlik münasibət bildirməyib.

Ombudsman Aparatı Vardanyanın bu müraciətinə hələlik ayrıca münasibət bildirməyib.

Aparat sentyabrın 5-də Ermənistanın hüquq müdafiəçisi Siranush Sahakyanın bir gün əvvəl Yerevanda keçirdiyi mətbuat konfransında səsləndirdiyi iddialara cavab verib. Sahakyan Azərbaycanda saxlanılan erməni məhbusların dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qaldığını, onlara işgəncə verildiyini, xristian dini simvollarının məhv edildiyini, İncildən istifadəyə imkan verilmədiyini və bəzi məhbusların “Quran” oxumağa məcbur edildiyini bildirib. Ombudsman isə bu iddiaları əsassız və qərəzli adlandırıb.

Ruben Vardanyan 2023-cü il sentyabrın 27-də Ermənistana keçərkən Azərbaycan sərhədində saxlanılıb. Fevralın 17-də Bakı Hərbi Məhkəməsi Vardanyana sülh və insanlığa qarşı cinayətlərdə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğun maliyyələşdirilməsində və Cinayət Məcəlləsinin digər maddələri üzrə təqsirli bilərək 20 il azadlıqdan məhrumetmə cəzası verib.

Vardanyanla birlikdə Umbakı Penitensiar Kompleksində Qarabağdakı separatçı qurumun keçmiş rəhbər və vəzifəli şəxsləri olan daha 18 Ermənistan vətəndaşı saxlanılır. Onlar 2026-cı ilin fevralında Bakı Hərbi Məhkəməsinin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Beş nəfər ömürlük, digərləri isə 15 ildən 20 ilədək həbs cəzası alıb.

Ana səhifəSiyasətVardanyan Səbinə Əliyevaya müraciət etdi: “Öz qanunlarınıza əməl edin”