10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhbuslar şikayət edir: “Bizlik deyil, yuxarının tapşırığıdır”

Siyasi məhbus. Foto: Pictrider/shutterstock

10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan bir sıra siyasi məhbus kimi tanınan şəxslər vaxtından əvvəl azadlığa buraxılmaları barədə məhkəmə müraciətlərində qanunsuzluqlar baş verdiyini iddia edir.

Müraciət yayan məhbuslar Cəfər Mirzəyev, Elvin İsayev, Şahin Hacıyev və Malik Rzayev həbsxana rəhbərliyinin onlar barədə mənfi rəy verdiyini, üstəlik məhkəmədə iştirak etməyən şəxslər adından da rəylərin protokola daxil edildiyini bildiriblər.

Müəlliflər dövlət qurumlarının qanunsuzluqları və sistemli saxtakarlıqları ilə üzləşdiklərini bəyan ediblər. Müraciətdə bildirilir ki, hüquqları pozulan məhbuslar hər dəfə haqsızlıqla qarşılaşanda eyni cavabla üzləşirlər:

“Hər dəfə qanunsuzluqla üzləşəndə səlahiyyətli şəxslər bizə belə cavab verirlər: ‘Bizlik deyil, yuxarının tapşırığıdır’. Bəs kimdir o ‘yuxarı’ ki, dövlətin qanunlarını tapdalayır?”

Müraciət məllifləri qeyd edirlər ki, birinci dəfə əsassız olaraq həbsə atılan siyasi məhbus kimi tanınan şəxslər indi ikinci dalğa saxtakarlıqlarla hədəfə alınırlar. Onların sözlərinə görə, qanuni hüquqlarından istifadə etmələrinin qarşısını almaq məqsədilə Ədliyyə Nazirliyinin adından etmədikləri əməllərdə ittiham olunur, barələrində saxta məlumatlar yayılır və formal məhkəmə şouları qurulur.

Sənəddə Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsinin məhkəməyə təqdim etdiyi mülahizələrin tamamilə böhtan xarakterli olduğu vurğulanır. Qeyd olunub ki, Malik Rzayevin cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı müraciətinə baxılarkən rəis Emin Cəfərovun təqdim etdiyi sənəddə onun “mənfi xarakterizə olunan məhkumlarla ünsiyyətdə olduğu” iddia edilib.

Müraciətdə yazılır ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə cəmi beş dəqiqə davam edən videokonfrans formatlı prosesində isə misli görünməmiş qanunsuzluqlara imza atılıb.

“Prosesdə Penitensiar Xidmətin nümayəndəsi kimi Vüqar Salamov təqdim edilsə də, həmin şəxs məhkəmədə iştirak etməyib və onun adından başqa bir şəxs çıxış edib. Bundan başqa, məhkəmənin müşavirəyə getmədən qərar verdiyini, qərar və protokolda isə prosesdə səslənməyən çıxışların yer alıb”, – deyə qeyd edilir.

Müraciətdə həmçinin vəkilin çıxış etmədiyi halda yekun sənəddə onun adından ifadələrin yazıldığı, eləcə də prosesdə iştirak etməyən Penitensiar Xidmət nümayəndəsinin adından müraciətin rədd edilməsinin istənildiyi qeyd olunur. Dövlət ittihamçısı Elşad Ağayevin də ərizənin təmin edilməməsini tələb etdiyi diqqətə çatdırılır.

Məhbuslar bildirirlər ki, bu cür əməliyyatlar onların azadlığa çıxmasının qarşısını almaq üçün şüurlu şəkildə həyata keçirilir. 

“Biz siyasi məhbuslar isə bu günədək ‘yuxarıdan tapşırıq’ verən şəxsin kim olduğunu müəyyən edə bilmirik. 37-ci il sindromunu yenidən yaradan kimdir? Məlum deyil”.

Yerli hüquq müdafiəçilərinin hesabatına görə, hazırda Azərbaycanda 328 siyasi məhbus hesab edilən şəxs var. Ölkə rəsmiləri isə Azərbaycanda heç kimin siyasi motivlərlə təqib olunmadığını deyirlər.

Ana səhifəSiyasi işlər10 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhbuslar şikayət edir: “Bizlik deyil, yuxarının tapşırığıdır”