Fransa Azərbaycanda həbsdə olan vətəndaşlarının azad edilməsi qarşılığında rusiyalı-özbək milyarder Alişer Usmanovun Avropa İttifaqının (Aİ) sanksiya siyahısından çıxarılmasına çalışır.
Bu barədə “Financial Times” (FT) mənbələrə istinadən yazıb.
Alişer Usmanov Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Aİ-nin sanksiya siyahısına daxil edilib. Aİ onun Rusiya Prezidenti Vladimir Putinlə yaxın əlaqələrini sanksiyaların tətbiqi səbəblərindən biri kimi göstərib.
Aİ ölkələrinin səfirləri Rusiyaya qarşı fərdi sanksiyaların müddətini bu dəfə cəmi bir həftə – sentyabrın 22-dək uzatmağa razılaşıblar. Adətən bu sanksiyalar altı aydan bir uzadılır.
“Deutsche Welle”nin mənbələri gecikmənin səbəblərindən birinin Slovakiya və Fransanın rusiyalı iş adamları Alişer Usmanov və Mixail Fridmanın sanksiya siyahısından çıxarılmasını istəməsi olduğunu bildiriblər. Fransa xüsusilə Usmanovun siyahıdan çıxarılmasını tələb edir.
“EUobserver”ə danışan fransalı diplomat isə Parisin Usmanova qarşı sanksiyaların ləğvini istəməsinin milli təhlükəsizlik məsələsi ilə bağlı olduğunu deyib. Onun sözlərinə görə, Yelisey sarayı beynəlxalq tərəfdaşların Usmanovla bağlı müraciətlərinə müsbət cavab vermək niyyətindədir.
FT yazır ki, Fransanın Usmanovla bağlı mövqeyi Azərbaycanda həbsdə olan Fransa vətəndaşlarının azad edilməsi ilə bağlı mümkün sövdələşmənin bir hissəsi ola bilər. Qəzetin məlumatına görə, bu ehtimal Aİ-dəki digər diplomatlar arasında təəccüb doğurub.
Nəşrin iki mənbəsinə görə, Lüksemburq Usmanovun sanksiya siyahısından çıxarılmasını dəstəkləmir. Bununla belə, ölkə Usmanov siyahıdan çıxarılarsa, Mixail Fridmanın da sanksiyalardan çıxarılmasının vacib olduğunu bildirib.
Fransa, Azərbaycan və Özbəkistanın xarici işlər nazirlikləri isə bu məlumatlara rəsmi münasibət bildirməyiblər.
Hazırda Azərbaycanda bir Fransa vətəndaşı həbsdədir. Martin Rayan fransız iş adamıdır. O, 2024-cü ilin yanvarında Azərbaycanda casusluq ittihamı ilə həbs olunub. 2026-cı ilin martında 10 il müddətinə azadlıqdan məhrum edilib.Digər Fransa vətəndaşı Teo Klerk isə artıq azadlıqdadır. Küçə sənətçisi olan Klerk 2024-cü il martın 31-də Bakıda metro qatarına qraffiti çəkdiyi üçün saxlanılıb. Həmin il sentyabrın 10-da 3 il həbs cəzasına məhkum edilib.
Klerk 2025-ci il mayın 26-da Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb və Fransaya qayıdıb. O, Azərbaycanda ümumilikdə 422 gün həbsdə qalıb.
Bakı ilə Paris arasında münasibətlər son illərdə, xüsusilə Fransanın Ermənistana siyasi və hərbi dəstəyi, eləcə də Azərbaycan hakimiyyətinin insan haqları siyasətinə dair tənqidləri fonunda kəskinləşib. Azərbaycan tərəfi Fransanı ölkənin daxili işlərinə müdaxilə etməkdə və Ermənistanı dəstəkləməklə regionda birtərəfli mövqe tutmaqda ittiham edib.
Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci ilin oktyabrında Fransa ilə aradakı anlaşılmazlıqların artıq geridə qaldığını deyib. O, bu açıqlamanı həmin ay Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşündən sonra verib.