İqbal Əbilovun 3 il qapalı həbsxanada saxlanması istənilir

İqbal Əbilov – Foto: Facebook hesabı

Penitensiar Xidmət İqbal Əbilovun 3 il müddətinə qapalı rejimli həbsxanaya köçürülməsini istəyir.

Bununla bağlı sentyabrın 14-də Qaradağ Rayon Məhkəməsində məhkəmə iclası keçirilib. Bu barədə İqbal Əbilovun Hüquqlarının Müdafiə Komitəsi məlumat yayıb.

Məhkəmədə Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsi Əbilovun rejim qaydalarını pozduğunu bildirib. Müəssisə bununla bağlı 22 səhifəlik hesabat təqdim edib.

Müdafiə tərəfi isə hesabatda göstərilən pozuntular və töhmətlər barədə əvvəlcədən məlumatlı olmadığını bildirib. Sənədlər məhkəmədən əvvəl Əbilovun özünə və vəkilinə təqdim edilməyib.

“İclas zamanı müəssisə rəhbərliyi İqbal Əbilovun guya törətdiyi rejim pozuntuları və ona verilən töhmətlərlə bağlı 22 səhifəlik hesabat təqdim etdi. Lakin sənəddə göstərilən pozuntular və töhmətlər barədə nə Əbilovun, nə də onun vəkilinin əvvəlcədən xəbəri olub. Həmin hesabat müdafiə tərəfinə tanış olmaq və araşdırmaq üçün əvvəlcədən təqdim edilməyib”, – komitənin məlumatında bildirilir.

Müdafiə tərəfinin sözlərinə görə, Əbilov həbsxanada olduğu müddətdə rejim qaydalarını pozmayıb. İddiaların hansı sübutlara əsaslandığı da məlum deyil.

Vəkil sənədlərlə tanış olmaq və onları araşdırmaq üçün məhkəmənin təxirə salınmasını istəyib. Məhkəmə vəsatəti təmin edib.

Növbəti iclas oktyabrın 12-də keçiriləcək.

Məhkəmə həmçinin Əbilovun talış dilində danışması ilə bağlı vəsatəti təmin edib. O, tərcüməçinin iştirakı ilə prosesdə talış dilində çıxış edə biləcək.

Məsələ ilə bağlı Penitensiar Xidmətin özündən ayrıca münasibət almaq mümkün olmayıb.

İqbal Əbilova ötən il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində 18 il həbs cəzası verilib. Belarusda yaşayan tədqiqatçı 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına səfəri zamanı saxlanılıb. Həbsindən sonra hökumətyönlü mediada yayılan materiallarda onun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi iddia olunub. O, Cinayət Məcəlləsinin dövlətə xəyanət, dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların tapşırığı ilə törədildikdə milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması maddələri ilə ittiham olunub.

İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi onun siyasi fəaliyyətlə məşğul olmadığını, yalnız elmi araşdırmalar apardığını və mədəni irsin qorunması ilə məşğul olduğunu bildirib.

Müxtəlif beynəlxalq insan haqları təşkilatları, o cümlədən Birləşmiş Millətlər Təşkilatının məruzəçiləri İqbal Əbilovu siyasi məhbus kimi tanıyıblar.

Ana səhifəSiyasi işlərİqbal Əbilovun 3 il qapalı həbsxanada saxlanması istənilir