Ötən il 10 mindən çox işçi ixtisara düşüb: ən çox hansı sahələrdə işçi azalıb?

İllüstrasiya: Andrii Yalanskyi\shutterstock

Ötən il iqtisadiyyatın müxtəlif sahələrində işdən çıxanların sayı 500 min nəfərə yaxın olub.

Dövlət Statistika Komitəsinin 2025-ci ilə dair “Əmək bazarı” statistik bülletenində göstərilir ki, işini itirənlərin 2 faizi ştatla əlaqədar ixtisara düşüb.

Statistikaya görə, ümumilikdə 500 minə yaxın nəfər işindən ayrılsa da, eyni zamanda 522 min nəfərə yaxın şəxs də işə qəbul edilib.

İşçi hərəkətliliyində ümumilikdə müsbət saldo göründüyü halda, bəzi fəaliyyət sahələrində işdən çıxanların göstəriciləri diqqət çəkir. Belə ki, həmin sektorlar üzrə işini itirənlərin sayı işə qəbul edilənlərdən xeyli çoxdur.

Məsələn, inzibati və yardımçı xidmətlər sektorunda muzdlu işləyənlərin sayında kəskin azalma var. Bu sektorda çalışanların sayı 11,5 min nəfər azalıb.

Bundan əlavə, istirahət, əyləncə və incəsənət sahəsində çalışan işçilərin sayının 2 135 nəfər azaldığı görünür.

Mədən sənayesində də azalmalar müşahidə olunur. Bu azalmanın Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) baş verən kütləvi ixtisarların təsiri ilə əlaqəli olduğunu təsbit etmək çətin deyil. Belə ki, 2025-ci ilin əvvəlindən dövlət neft şirkətində və onun tabeliyində olan müəssisələrdə baş verən ixtisarlar bir ildən çoxdur ki, medianın gündəmindədir.

Statistika Komitəsi mədənçıxarma sənayesində 5,1 min nəfərin işini itirdiyini göstərir. Bu sektor üzrə işə qəbul edilənlərin sayı isə 4 min nəfər olub. Beləliklə, mədən sənayesində işçilərin sayı 1,1 min nəfərdən çox azalıb.

Qeyd edək ki, SOCAR-ın 2025-ci ilə dair hesabatında bir il ərzində işçilərinin sayının 3 min nəfərə qədər azaldığı görünür. Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı SOCAR-da və ona tabe olan müəssisə və təşkilatlarda ixtisarların sayının daha çox olduğunu bildirir. Qəhrəmanlının sözlərinə görə, neft şirkətində aşağı pillələrdə kütləvi ixtisarlar getsə də, baş ofislərdə departamentlərin sayı artıraraq, müvafiq olaraq yüksək vəzifələrdə çalışanların sayını da artırıblar.

Hərçənd SOCAR rəsmi açıqlamasında kütləvi ixtisarları təkzib edərək qeyd etmişdi ki, 2024-2025-ci illər ərzində SOCAR-da işçi dövriyyəsi üzrə orta illik göstərici 2,4 faiz olub. Şirkət bunu SOCAR-ın əmək bazarında sabit işəgötürən olduğunu təsdiqləyən mühüm göstərici kimi qeyd etmişdi.

Lakin həm Dövlət Statistika Komitəsinin, həm də SOCAR-ın hesabatları işçilərin sayında ciddi azalmaların olduğunu sübut edir. Neft Şirkətinin Azərbaycana dair hesabatında son beş ildə 5,6 min işçinin azaldığı göstərilir ki, bunun da 3 minə yaxını təkcə ötən ilin payına düşür. Mədənçıxarma sənayesində digər şirkətlər üzrə işçi dövriyyəsi belə bu sektordakı azalmanı kompensasiya edə bilməyib.

Xüsusilə, ən çox ixtisarlar SOCAR-ın “Azərqaz” İB-də aparılıb və proses 2026-ci ildə də davam edib. DSK-nin statistikasında elektrik enerjisi və qaz istehsalında çalışan işçilərin sayı bir yerdə göstərildiyinə görə, qaz idarələrində baş verən ixtisarları müəyyənləşdirmək çətindir. Amma rəqəmlərin təhlilindən görünür ki, bu sektorda işini itirənlərin 9 faizi məhz ştat ixtisarına düşüb. Bununla da işdən çıxanların ümumi tərkibində ixtisara düşənlərin payına görə ən yüksək göstərici məhz sözügedən sektordadır.

Ölkənin kənd təsərrüfatı sahəsində də işçilərin sayının ildən-ilə azaldığını görmək olur. Belə ki, ötən il kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektorunda çalışan işçilərin sayı 1,2 min nəfərə yaxın azalıb. Onların 312 nəfərinin ixtisara düşdüyü görünür.

Sosial mediada yayılan məlumatlardan aydın olur ki, meşə təsərrüfatında meşəbəyi ştatları ixtisar edilir və burada çalışan işçilər kütləvi şəkildə işsiz qalıblar.

Ümumiyyətlə, mediada müxtəlif dövlət idarələrində kütləvi ixtisarların aparılması ilə bağlı məlumatlar yer alsa da, bunların böyük əksəriyyətində işçilərin məcburi qaydada ərizə yazdırılaraq işdən uzaqlaşdırılması məlumdur. Buna dair mediada kifayət qədər şikayətlər dərc olunub. Bir çox hallarda isə müqavilə müddətlərinin başa çatması amili real ixtisarların sayının dəqiq göstərilməsinə mane olur.

DSK-nın məlumatına görə, 2025-ci ildə ölkə üzrə işdən çıxarılanların cəmi 10 178 nəfəri ixtisara düşüb.

Ən çox ixtisarlar isə təhsil sektorunda müşahidə olunub. Belə ki, ötən il 1 662 təhsil işçisi ixtisara düşüb. Bununla yanaşı, peşə və elmi fəaliyyətdə çalışan 1 226 nəfər ixtisar edilib.

Son illər işçilərin sayının ən çox azaldığı sektorlar arasında dövlət idarəetməsi və müdafiə, sosial təminat sahələri də var. Lakin buna baxmayaraq, bu sahələrdə çalışanların 700 nəfərə yaxınının ştat ixtisarı ilə əlaqədar işdən çıxarıldığı göstərilir.

Ana səhifəİqtisadiyyatÖtən il 10 mindən çox işçi ixtisara düşüb: ən çox hansı sahələrdə işçi azalıb?