Siyasi mühacir kimi tanınan bloger Qabil Məmmədovun qardaşı Mobil Məmmədov ağır xəstə olduğunu və müalicə üçün Türkiyəyə getmək istəsə də, ölkədən çıxışına qoyulan məhdudiyyət səbəbindən bunu edə bilmədiyini deyir.
Mobil Məmmədov Meydan TV-yə bildirib ki, ona beyin arteriovenoz malformasiyası diaqnozu qoyulub. Həkimlər təcili əməliyyat tövsiyə etsələr də, o, Azərbaycanda açıq əməliyyatın həyatı üçün ciddi risk yaratdığını deyir.
Onun sözlərinə görə, xəstəlik beynin həssas nahiyəsində yerləşir və bir neçə beyin cərrahı əməliyyatın riskli olması səbəbindən müdaxilədən imtina edib.
Mobil Məmmədov Azərbaycanda açıq əməliyyat üçün 18 min 500 manat tələb olunduğunu, Türkiyədə isə dəqiq şüalandırma üsulu ilə müalicənin təxminən 8-9 min manata başa gəldiyini söyləyir.
“Hər günüm təhlükə, qorxu içində keçir. İstilik olmasın deyə başıma sərin, isladılmış dəsmal qoyub yatıram”, – deyə o bildirib.
Mobil Məmmədovun sözlərinə görə, onun əsas problemi iki il əvvəl ölkədən çıxışına qoyulan qadağadır. O, bu məhdudiyyəti qardaşı Qabil Məmmədovun siyasi fəaliyyəti ilə əlaqələndirir. M.Məmmədovun sözlərinə görə, səhhətində yaranmış problemlə bağlı aidiyyəti qurumlara müraciət etdikdən sonra barəsində cinayət işi olduğunu öyrənib. Lakin hansı maddə ilə cinayət işi açıldığı barədə ona məlumat verilməyib.
Mobil Məmmədov deyir ki, avqustun 30-da Baş prokuror Kamran Əliyevə müraciət edərək xəstəliyini təsdiqləyən tibbi sənədləri təqdim edib və müalicə üçün ölkədən çıxışına qoyulan məhdudiyyətin müvəqqəti və ya tamamilə götürülməsini xahiş edib.
“10 gün və ya bir aylıq icazə də müalicəm üçün bəs edər”, – Mobil Məmmədov bildirir.
Məmmədovun sözlərinə görə, təkcə onun deyil, bütün qardaşlarının da ölkədən çıxışına Qabil Məmmədovun siyasi fəaliyyəti ilə əlaqədar məhdudiyyət qoyulub.
“Mən hərbi hissədə həkim köməkçisi idim, qardaşıma görə 1 il 11 ay işlədiyim işdən gecə ilə çıxarıldım. Fəhləlik etməyə belə imkan vermirlər, Qabil Məmmədovun qardaşı olduğuma görə məni işə götürməyə qorxurlar”, – o deyib.
Mobil Məmmədov ağır fiziki işlərin səhhətinə mənfi təsir etdiyini və beynindəki damar probleminin daha da böyüməsindən narahat olduğunu söyləyir.
“Konstitusiyaya görə insan haqları və toxunulmazlıq hüquqlarımız var. Əgər sərbəst ölkədə yaşayırıqsa, kiminsə yerinə əziyyət çəkməli deyiləm”, – Mobil Məmmədov deyib.
Qabil Məmmədov isə xaricdə yaşayan siyasi fəalların Azərbaycandakı ailə üzvlərinin təzyiqlərə məruz qalması ilə bağlı beynəlxalq təşkilatları hərəkətə keçməyə çağırıb.
Baş Prokurorluqdan məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Almaniyada yaşayan bloger Qabil Məmmədov sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid edən çıxışları ilə tanınır. 2025-ci il iyulun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsi Qabil Məmmədovu 24 maddə üzrə təqsirli bilərək qiyabi olaraq 16 il müddətinə azadlıqdan məhrum edib. İttihamlar arasında dələduzluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluğa aid əməllər, ictimai qaydanı pozma, hakimiyyət nümayəndəsinə müqavimət, əmlakı qəsdən zədələmə və sağlamlığa zərər vurma ilə bağlı maddələr yer alıb. 2025-ci ilin sentyabrında Bakı Apellyasiya Məhkəməsi onun apellyasiya şikayətini təmin etməyib və hökm qüvvədə saxlanılıb. Qabil Məmmədov ittihamları qəbul etmir və tənqidi çıxışlarına görə təqib edildiyini deyir.