Ramiz Mehdiyevin işi məhkəməyə göndərilib

Ramiz Mehdiyev. Foto: https://science.gov.az/

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn əməllər və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamları ilə aparılan istintaq yekunlaşıb.

Yerli medianın yazdığına görə, ittiham aktı təsdiqlənərək iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş üzrə Ramiz Mehdiyevin keçmiş köməkçisi Eldar Əmirov da təqsirləndirilən şəxsdir. DTX-nin daha əvvəl açıqladığı məlumata görə, Əmirov hakimiyyətin zorla ələ keçirilməsinə və ya konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmədə ittiham olunur.

Yerli medianın məlumatında Ramiz Mehdiyevin oğlu Timur Mehdiyevin və kürəkəni İlham Əliyevin də cinayət işində şahid qismində yer aldığı bildirilir. Onların məhkəmə istintaqı zamanı ifadələrinin dinləniləcəyi gözlənilir.

Eyni zamanda qeyd edilir ki, hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin haqqında açılan cinayət işi bu işdən ayrılıb.

Ramiz Mehdiyev Azərbaycan hakimiyyətində uzun illər ən yüksək vəzifələrdən birini tutub. O, 1995-2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.

Mehdiyev barəsində cinayət təqibi 2025-ci ilin oktyabrında başlayıb. Oktyabrın 14-də Səbail Rayon Məhkəməsi onun haqqında dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib.

Mehdiyev Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), 274-cü (dövlətə xəyanət) və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunub.

Onun ev dustaqlığı müddəti sonradan bir neçə dəfə artırılıb. Sonuncu dəfə 2026-cı il iyunun 10-da Səbail Rayon Məhkəməsi qətimkan tədbirinin müddətini daha beş ay uzadıb. Həmin gün Eldar Əmirovun, Əli Kərimlinin və Məmməd İbrahimin barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddəti də beş ay artırılıb.

Dövlət Təhlükəsizliyi Xidməti 2026-cı il fevralın 12-də işlə bağlı geniş açıqlama yayıb. Qurumun məlumatında Ramiz Mehdiyevlə yanaşı, keçmiş baş nazirin birinci müavini Abbas Abbasov, AXCP sədri Əli Kərimli, partiyanın üzvləri Fuad Qəhrəmanlı və Qənimət Zahidov, Məmməd İbrahim və Eldar Əmirovun adları çəkilirdi.

DTX iddia edir ki, həmin şəxslərdən bir qismi xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə Azərbaycanda dövlət hakimiyyətinin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun dəyişdirilməsi istiqamətində fəaliyyət göstərib.

İstintaq orqanının digər iddiasına görə, Mehdiyev 2025-ci il oktyabrın 13-dək cinayət yolu ilə əldə edildiyi bildirilən 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb.

Ana səhifəXəbərlərRamiz Mehdiyevin işi məhkəməyə göndərilib