Sentyabrın 12-13-də Türkiyənin bir neçə şəhərində LGBT+ fəallarına və təşkilatlarına qarşı əməliyyatlar keçirilib.
İstanbul, Ankara və İzmirin də daxil olduğu 15 vilayətdə aparılan əməliyyatlarda 60-dan çox şəxsin saxlanıldığı bildirilir.
İstanbulda 26 nəfər saxlanılıb, İzmirdə isə sentyabrın 13-də saxlanılan 18 nəfərdən 16-sı həbs edilib. Ankarada 26 nəfərlə bağlı axtarış, müsadirə və rəqəmsal materialların araşdırılması üçün məhkəmə qərarları verilib, 21 nəfər həbs edilib.
Əməliyyatlar zamanı LGBT+ hüquqlarını müdafiə edən “Kaos GL” assosiasiyasının rəhbər və nəzarət qurumlarının üzvləri də saxlanılıb. Təşkilatın Ankaradakı ofisində axtarış aparılıb. “Kaos GL” məlumatına görə, əməliyyatlar zamanı bir çox LGBT+ fəalı evlərində saxlanılıb.
Ankara Baş Prokurorluğunun məlumatına görə, araşdırma “Kaos GL”in internet saytı və sosial media hesablarında uşaqlar üçün əlçatan olan “ədəbsiz” məzmunla bağlı daxil olan məlumatdan sonra başlayıb. Prokurorluq araşdırmanı Türkiyə Cinayət Məcəlləsinin 226-cı maddəsində nəzərdə tutulan “ədəbsiz məzmun” cinayət tərkibi ilə bağlı aparır. Təşkilatın fəaliyyətinin “Dərnəklər Qanununun pozulması” baxımından da araşdırıldığı bildirilir.
Hansı məzmunun “ədəbsiz” hesab edildiyi isə açıqlanmayıb. Məhkəmə qərarları ilə şübhəlilərin kompüterləri, mobil telefonları, planşetləri, yaddaş qurğuları və digər rəqəmsal materiallarının araşdırılmasına icazə verilib.
İstanbulda Beyoğlu və Şişlidə bir neçə ünvanda eyni vaxtda əməliyyat keçirilib. “İfadə Azadlığı Assosiasiyası”nın məlumatına görə, sentyabrın 12-də “Kaos GL”, “Lambdaistanbul”, “HEVI LGBTİ+”, “Pembe Hayat”, “Genç LGBTİ+”, “Kırmızı Şemsiye”, “ÜniKuir”, “Mersin 7 Renk” və “Muamma LGBTİ+” təşkilatlarının saytlarına giriş bloklanıb. “Velvele”nin internet saytı və bir sıra LGBT+ təşkilatlarının sosial media hesabları da məhdudlaşdırılıb.
İzmirdə aparılan araşdırmada isə 24 nəfər barəsində həbs qərarı verilib. Prokurorluq həmin şəxslərin sosial media paylaşımlarında Türkiyə Cinayət Məcəlləsində nəzərdə tutulan “ədəbsiz məzmun”, eləcə də “fahişəliyə təşviq etmə, vasitəçilik etmə və ya yer təmin etmə” cinayətlərinin əlamətlərinin olub-olmadığını araşdırır. Əməliyyat zamanı 16 nəfər saxlanılıb, digər 8 nəfərin tutulması istiqamətində işlərin davam etdiyi bildirilib.
Türkiyənin ədliyyə naziri Akın Gürlek əməliyyatların “Ailəm Təhlükəsizdir” (“Ailem Güvende”) adı altında İstanbul, Ankara, İzmir, Aydın və Mersin prokurorluqlarının koordinasiyası ilə ümumilikdə 15 vilayətdə keçirildiyini bildirib. Onun sözlərinə görə, əməliyyatlar çərçivəsində 162 şübhəli, 9 dərnək və 13 müəssisə barəsində hüquqi tədbirlər görülüb.
Gürlek həmçinin bəzi LGBT+ təşkilatlarının xarici dövlət qurumlarından və xarici təşkilatlardan maliyyə aldığı barədə Maliyyə Cinayətləri üzrə Təhqiqat Şurasının araşdırma apardığını deyib.
Bu əməliyyatlar Türkiyədə siyasətçilər və insan hüquqları təşkilatlarının etirazına səbəb olub. BMT-nin İnsan Hüquqları Müdafiəçiləri üzrə xüsusi məruzəçisi Andrea Bolaños Vargas LGBTİQ+ hüquqlarının müdafiəsi ilə məşğul olduqları üçün saxlanılan şəxslərin azad edilməsinə çağırıb.
Türkiyə Tibb Assosiasiyası, Türkiyə Psixiatriya Assosiasiyası və digər peşə qurumları LGBT+ insanların “Ailəm Təhlükəsizdir” əməliyyatı adı altında hədəfə alınmasını tənqid edib və ayrı-seçkiliyə son qoyulmasını tələb edib.
Türkiyədəki siyasi partiyalar və hüquq müdafiə təşkilatları da saxlanılan şəxslərin azadlığa buraxılmasını istəyib. Onlar LGBT+ hüquqlarının müdafiəsinin cinayət kimi qiymətləndirilməsinin və təşkilatlanma azadlığına müdaxilənin qəbuledilməz olduğunu bildiriblər.