Hazırda həbsdə olan İstanbul Universitetinin doktorantı, iqtisadçı alim Fazil Qasımov Avropa Komissiyasının prezidenti Ursula von der Leyenə və ABŞ-nin vitse-prezidenti Cey Di Vensə müraciət edib.
Qasımov müraciətində azadlığa buraxılması habelə təhlükəsizliyinin təmin edilməsi üçün yardım tələb edib.
Bu barədə onun həyat yoldaşı Toplum TV-yə məlumat verib.
Ailəsinin paylaşdığı məlumata görə, o, etdiyi müraciətlərdə Azərbaycanda siyasi təqibə məruz qaldığını bildirib.
Fazil Qasımov həbsini iqtisadçı Qubad İbadoğlu ilə birlikdə Londonda Azərbaycan Gənclərinin Təhsil Fondunu (AYEF) yaratması ilə əlaqələndirib və ona qarşı irəli sürülən saxta pul dövriyyəsi ittihamını qəbul etmədiyini qeyd edib. Müraciətdə istintaq zamanı zorakılığa və psixotrop maddələrlə zəhərlənməyə məruz qaldığı, müdafiə tərəfinin sübutlarla tanışlığının məhdudlaşdırıldığı bildirilib.
“Mən hazırda ekzistensial təhlükə altında olduğuma görə sizə müraciət edərək, mənim girovluqdan azad olunub elmi fəaliyyətimi davam etdirməyimə və təhlükəsizliyimin təmin olunmasına köməklik göstərməyinizi xahiş edirəm”, – deyə Qasımov von der Leyenə müraciətində yazıb.
O, Vensə ünvanlandığı məktubda isə fevralın 9-da digər dörd siyasi məhbusla birlikdə Siyasi Məhbusların Müdafiə Komitəsinin təşəbbüs qrupu adından ona məktub göndərdiyini xatırladıb. Qasımov Vensdən də azadlığa buraxılmasına və təhlükəsizliyinin təmin edilməsinə kömək istəyib:
“Siz bu yaxınlarda Böyük Britaniyada baş vermiş faciəvi hadisə ilə bağlı vicdanlı mövqe ortaya qoyaraq zorakılığa qarşı olduğunuzu səmimi şəkildə nümayiş etdirdiniz. Mənim də təhlükəsizliyimin təmin olunmasına köməklik göstərməyinizi xahiş edirəm”.
2023-cü ildə Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən Fazil Qasımov 2025-ci il martın 13-də 9 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə maddəsilə ittiham olunub.
Fazil Qasımov özünü təqsirli bilmir və heç bir cinayət törətmədiyini, ona qarşı irəli sürülmüş saxta pul ittihamının yalan olduğunu deyir. O, həbsinə etiraz olaraq artıq iki dəfə aclıq edib.