Həbsdə olan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilovun cərimə kamerasına salındığı və səhhətinin pisləşdiyi bildirilir.
Bu barədə sentyabrın 7-də İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.
Məlumata görə, tədqiqatçı avqustun 21-də müvəqqəti saxlandığı Bakı İstintaq Təcridxanasından 12 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. O, müəssisədə iyulun 17-dən avqustun 7-dək cərimə kamerasında saxlanılıb.
“Müəssisəyə yüksək hərarət və başgicəllənmə ilə çatdığı üçün bir neçə gün sanitar hissədə saxlanılıb. Lakin hələ tam sağalmamış, avqustun 25-də yenidən karserə yerləşdirilib və 25 sentyabradək orada saxlanılması nəzərdə tutulur”– komitənin məlumatında deyilir.
Müdafiəçilər xəbər verib ki, sentyabrın 25-dən sonra İqbal Əbilov qapalı tipli həbsxanaya köçürüləcək:
“Bu halda onun ailəsi ilə görüşləri ciddi şəkildə məhdudlaşdırılacaq, yaxınları tərəfindən ərzaq bağlamalarının qəbuluna isə yalnız üç ayda bir dəfə icazə veriləcək. Ardıcıl olaraq karserlərdə saxlanılması nəticəsində İqbal Əbilovun xroniki bronxiti kəskinləşib, tənəffüs problemləri və tutmalar daha da artıb. Buna baxmayaraq, ona lazımi tibbi yardım göstərilmir”.
Müdafiəçilərinin sözlərinə görə, İqbal Əbilova qarşı təzyiqlər, onun bu ilin iyulun 7-də məhkəməyə şair Əli Nasirin talış dilində yazdığı şeirin yer aldığı köynəyi geyinərək gəlməsi, eləcə də Bakı İstintaq Təcridxanasında ona qarşı fiziki güc tətbiq edilməsi ilə bağlı insidentin mediada işıqlandırılması ilə əlaqəlidir. İqbal Əbilov həmin məhkəmədən sonra, iyulun 9-da cərimə kamerasına salınmışdı.
İqbal Əbilova ötən il mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində 18 il həbs cəzası verilib.
Belarusda yaşayan tədqiqatçı 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına səfəri zamanı saxlanılıb. Həbsindən sonra hökumətyönlü mediada yayılan materiallarda onun Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi iddia olunub.
O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunub.
İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi bildirir ki, o, siyasi fəaliyyətlə məşğul olmayıb, yalnız elmi araşdırma aparıb və mədəni irsi qoruyub.
Müxtəlif beynəlxalq insan haqları təşkilatları, o cümlədən Birləşmiş Millətlər Təşkilatının məruzəçiləri İqbal Əbilovu siyasi məhbus kimi tanıyıblar.