Qırğızıstanda çalışan azərbaycanlı işçilər maaşlarını ala bilmədiklərini bildirərək şikayət edirlər. 200-250 işçinin şikayət etdiyi məsələ isə Azərbaycan Prezidenti İlham Əliyevin açılışını etdiyi hotelə gedib çıxır.
Söhbət Qırğızıstanda inşa edilən beşulduzlu “Baku Resort & Spa” hotelinin tikintisi ilə bağlı yaranan qalmaqaldan gedir.
“Azadlıq Radiosu” avqustun əvvəlində xəbər yayıb ki, İssık-Kul gölünün sahilində inşa edilən hotelin tikintisini həyata keçirən şirkət gördüyü işlərin pulunu ala bilməyib.
Hotelin açılışı iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyev və Mərkəzi Asiya ölkələrinin digər liderlərinin iştirakı ilə keçirilib. Hotelin idarəçiliyi 49 il müddətinə Azərbaycana həvalə olunub.
Şikayətçilərdən biri bildirib ki, MCG şirkəti onların maaşlarını ödəmir. Onlar pullarını tələb etdikdə isə “get, hara şikayət edirsən, et” cavabı ilə qarşılaşırlar.