Rusiya Azərbaycanın axtarışa verdiyi üç vətəndaşının hüquqlarını müdafiə etməyə hazırdır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın Aleksey Çadayevi, siyasi məsləhətçi Semyon Uralovu və “Moskva 24” telekanalının keçmiş aparıcısı İvan Knyazevi beynəlxalq axtarışa verməsini şərh edərkən deyib.
Azərbaycanın Baş Prokurorluğu avqustun 17-də bildirib ki, hər üç şəxs “Чистота понимания” proqramının iyul və avqust buraxılışlarında səsləndirilən fikirlərə görə cinayət məsuliyyətinə cəlb olunub. İstintaqın versiyasına görə, proqramlarda Azərbaycana qarşı zorakılığa, ölkənin konstitusiya quruluşunun dəyişdirilməsinə və ərazi bütövlüyünün pozulmasına çağırışlar səsləndirilib. Onlar terrorçuluğa açıq çağırışlar etməkdə, dövlət əleyhinə yönələn açıq çağırışlarda və milli nifrəti qızışdırmaqda ittiham olunurlar.
Hər üç şəxs Azərbaycan hüdudlarından kənarda olduqları üçün axtarış elan edilib və məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Zaxarova bildirib ki, həmin şəxslərin açıqlamaları Rusiyanın Azərbaycana qarşı mövqeyini əks etdirmir. O, əlavə edib ki, Rusiya-Azərbaycan münasibətləri iki ölkə arasında imzalanmış razılaşmalar əsasında davam etməlidir. Bu razılaşmalar arasında 2022-ci il fevralın 22-də Moskvada imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə də var.
Mətbuat sözçüsü əlavə edib ki, Azərbaycanın informasiya məkanında da Rusiyaya qarşı qeyri-dost narrativlərə rast gəlinir:
“Azərbaycanlı həmkarlarımıza dəfələrlə təklif etmişik ki, məsələni siyasiləşdirmədən və mediada ajiotaj yaratmadan, peşəkar məsləhətləşmələr çərçivəsində informasiya fonunun sağlamlaşdırılması məsələlərini sakit şəraitdə müzakirə edək. Ümid edirik ki, belə bir dialoq baş tutacaq”.
Bu arada, Azərbaycanın axtarışa verdiyi Aleksey Çadayev avqustun 18-də Rusiya Nəqliyyat Nazirliyi rəhbərinin müşaviri vəzifəsindən istefa verdiyini açıqlayıb.
“Kiminsə şəxsi ekspert mövqeyinin və ya ictimai açıqlamalarının dövlətlərarası əməkdaşlığa təsir göstərməsini, dövlətlərin birgə fəaliyyətinə maneələr yaratmasını düzgün saymıram”, — Çadayev istefasını şərh edərkən deyib.
O vurğulayıb ki, podkastlarda və efirlərdə səsləndirdiyi şəxsi qiymətləndirmələr və fikirlər Rusiya Nəqliyyat Nazirliyinin fəaliyyətinə təsir etməməlidir.
Çadayev bildirib ki, pilotsuz uçuş aparatları, texnoloji suverenlik, hərbi-mülki inteqrasiya və Rusiya üçün hərbi baxımdan əhəmiyyətli hesab etdiyi digər məsələlərlə məşğul olmağa davam edəcək.
Avqustun 18-də Rusiyanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.
Görüşdə səfirə Rusiyanın informasiya məkanında “Azərbaycan və ölkə rəhbərliyinə qarşı səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalara” görə ciddi narazılıq bildirilib.
Bakı-Moskva münasibətlərində əvvəl nə baş verib?
Bakı ilə Moskva arasında münasibətlərdə gərginlik son iki ildə bir neçə hadisədən sonra artıb.
2024-cü ilin dekabrında AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından sonra Azərbaycan təyyarənin Rusiya ərazisində xarici təsir nəticəsində zədələndiyini bildirib və Moskvadan hadisəyə görə məsuliyyətin müəyyənləşdirilməsini tələb edib.
2025-ci ilin yayında münasibətlərdə daha bir böhran yaranıb. Rusiyada azərbaycanlıların saxlanılması zamanı Yekaterinburqda iki azərbaycanlı — Ziyəddin və Hüseyn Səfərov ölüb. Azərbaycan tərəfi onların zorakılığa məruz qaldığını bildirib.
Bundan sonra Bakıda Rusiyanın dövlət mediası “Sputnik Azərbaycan”ın ofisində əməliyyat keçirilib və orada çalışan Rusiya vətəndaşları saxlanılıb. Azərbaycan Baş Prokurorluğu istintaq çərçivəsində onların Rusiya xüsusi xidmət orqanları ilə mümkün əlaqələrinin və qanunsuz maliyyələşmə ilə bağlı halların araşdırıldığını bildirib.
2025-ci ildən etibarən Rusiyada bəzi azərbaycanlı diaspor nümayəndələrinin vətəndaşlıq və miqrasiya statusu ilə bağlı qərarlar da münasibətlərdə əlavə gərginlik yaradıb.
Sonuncu belə hadisə avqustun 17-də baş verib. Moskvadakı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov Rusiyadan deportasiya edilib.