Avqustun 15-dən, yəni sabahdan Bakı metrosunun “28 May” və “Nizami” stansiyaları 11 ay müddətinə bağlanacaq. Metropolitendən bildirilib ki, həmin vaxt ərzində iki yeni tunel inşa ediləcək. Məqsəd metro xətlərini ayıraraq sıxlığı azaltmaq və qatarların daha qısa intervalla hərəkət etməsinə imkan yaratmaqdır. Bu müddətdə sərnişinlərə alternativ olaraq 6 ödənişli ekspress avtobus marşrutu təklif edilir.
Rəsmi statistikaya görə, metrodan hər gün orta hesabla 620 mindən çox sərnişin istifadə edir. Sosial şəbəkələrdə vətəndaşlar gileylənirlər ki, xətlərin bağlanması onlar üçün əlavə maliyyə yükü yaradacaq.
Tələbələr: “Gediş-gəliş üçün 6 dəfə ödəniş etməli olacağıq”
Bu durumdan xüsusilə tələbələr şikayətlənirlər. İstifadəçi adı “by.eyyubzadeh” olan şəxs yazır:
““Həzi Aslanov”dan “Elmlər Akademiyası”na getmək üçün tələbələr 3 dəfə gediş haqqı ödəməli olacaqlar. Geri dönüşlə birlikdə bu, 6 dəfə gediş haqqı deməkdir”.
“nuray_muradli_law” isə soruşur:
“Metronun təmirə bağlanması zərurətdirsə, ekspress avtobuslara biz niyə əlavə ödəniş etməliyik?”
Tələbə hüquqları fəalı Rüstəm İsmayılbəyli isə “Facebook” hesabında yazıb ki, “Neftçilər”də yaşayan və BDU-da oxuyan bir tələbənin metro və avtobusdan istifadə etməklə universitetə gedib-gəlməsi gündə 2 manat 40 qəpiyə başa gələcək. Onun hesablamasına görə, yalnız ev və universitet arasında gediş-gəliş aylıq ən azı 60 manat olacaq.
Başqa istifadəçilər də aylıq xərclərinin 80–100 manata qədər arta biləcəyini yazırlar. Tələbələr üçün xüsusi tarif və aylıq nəqliyyat bileti tətbiq olunmasını istəyənlər də var.
Rəsmi cavab: “Ekspress avtobuslar pulsuz olsa, hamı onlara yönələcək”
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Meydan TV-yə bildirib ki, tikinti işlərinin tədris ili ilə üst-üstə düşməsi qaçılmazdır. Onun sözlərinə görə, işlər 11 ay davam edəcək və tikintinin nə vaxt başlamasından asılı olmayaraq, müddətin bir hissəsi tədris ilinə düşəcək.
Ekspress avtobusların niyə ödənişli olması ilə bağlı isə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətov açıqlama verib. Hümmətov hesab edir ki, ekspress avtobusların pulsuz olması məqsədəuyğun deyil. Onun sözlərinə görə, bu halda bütün sərnişinlər həmin avtobuslara yönələ bilər.
“Belə bir addım atılsa, hər kəs avtobuslardan istifadə edəcək. Tövsiyəmiz odur ki, vətəndaşlar bu müddətdə üstünlüyü marşrut avtobuslarına versinlər”, – nazir müavini qeyd edib.
Nəqliyyat eksperti: “Sərnişin ayrıca ödəniş etməməlidir”
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağayev hesab edir ki, metroda aparılan işlər zamanı sərnişinlərin üzərinə düşən əlavə xərcləri azaltmaq üçün müəyyən güzəştlər tətbiq oluna bilər. Onun fikrincə, sərnişinlərin bir nəqliyyat vasitəsindən digərinə keçərkən hər dəfə ayrıca ödəniş etməməsi üçün vahid tarif sistemi və müxtəlif bilet paketləri tətbiq etmək mümkündür.
“Gündəlik, aylıq, illik bilet paketləri və bir növdən başqa növə keçəndə 90 dəqiqəlik pulsuz keçidləri təmin etmək lazımdır. Bunların hamısı təsirləri azalda biləcək həllərdir. Bunları icra etsələr, düşünürəm ki, mümkün təsirləri azaldacaq”, – Rauf Ağayev Meydan TV-yə deyir.
Məsələ yalnız tələbələrin xərcləri ilə məhdudlaşmır. Hər gün ictimai nəqliyyatdan istifadə edən və yol boyunca bir neçə nəqliyyat vasitəsini dəyişməli olan sərnişinlərin də aylıq nəqliyyat xərcləri arta bilər. Sosial şəbəkələrdə bəzi istifadəçilər bu qərarla insanların üzərinə əlavə maliyyə yükü qoyduğunu yazırlar. Onların fikrincə, metroda yaranan məhdudiyyətin yaratdığı əlavə nəqliyyat xərclərini vətəndaşlar ödəməməlidir.
İqtisadçı: “Metronu təmir edirsiniz, amma əlavə pulu vətəndaş ödəyir”
İqtisadçı Natiq Cəfərli hesab edir ki, metroda təmir işlərinin aparılması sərnişinin əlavə xərc çəkməsi ilə nəticələnməməlidir. Onun fikrincə, vətəndaş onsuz da metrodan istifadə etdiyi halda, stansiyaların bağlanması səbəbindən başqa nəqliyyat vasitəsinə keçməyə məcbur edilir. Bu keçidin yenidən ödənişlə müşayiət olunması isə sərnişinin üzərinə əlavə yük qoyur.
Cəfərli hesab edir ki, nəqliyyat sisteminin məqsədi insanı mümkün qədər rahat və sərfəli şəkildə ictimai nəqliyyatda saxlamaq olmalıdır. O, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun “nəqliyyat pulsuz olarsa, hər kəsin avtobuslara yönəlməsinə şərait yaratmış olarıq” fikrini də tənqid edir.
“Nəqliyyatla birbaşa məşğul olan nazirlikdə müavin kimi önəmli vəzifə daşıyan şəxsin məqsədi məhz insanları ictimai nəqliyyata yönləndirmək olmalıdır. İctimai nəqliyyatın əlçatanlığı, rahatlığı artmalı, şəxsi avtomobillərdən istifadənin, tıxacların azalması hədəf olmalıdır”, – Cəfərli Meydan TV-yə deyir.
İqtisadçı hesab edir ki, bu məsələdə sərnişinin gündəlik həyatı əsas götürülməlidir. Məsələn, normal halda bir gediş haqqı ödəyərək metro ilə yol gedən insan təmirə görə başqa nəqliyyat vasitəsinə keçməli və bunun üçün yenidən pul ödəməli olur. Cəfərlinin fikrincə, bu, xüsusilə hər gün işə və ya təhsilə gedib-gələn insanlar üçün nəzərəçarpan əlavə xərc yarada bilər.
Onun təklif etdiyi həllərdən biri vaxt əsaslı biletlərdir. 1 saatlıq bilet tətbiq olunsaydı, sərnişin həmin müddət ərzində metrodan avtobusa və ya əksinə keçərkən ikinci dəfə ödəniş etməzdi.
“İndi 1 saatlıq bilet olsaydı, vətəndaş metrodan düşüb avtobusa, ya da əksinə, minə bilərdi, ödənişi bir dəfə edərdi”, – Cəfərli bildirib.
Cəfərli iki metro stansiyası arasında təşkil edilən ekspress avtobusların ayrıca ödənişli olmasını da məntiqli hesab etmir. Onun fikrincə, vətəndaşın seçimi yoxdur: metro təmirə bağlanır və sərnişin başqa nəqliyyat vasitəsindən istifadə etməyə məcbur olur. Belə vəziyyətdə alternativ nəqliyyatın xərcinin də sərnişinin üzərinə qoyulması xüsusilə aztəminatlı ailələr, tələbələr və hər gün ictimai nəqliyyatdan istifadə edən insanlar üçün əlavə yük yaradır.
Cəfərli həmçinin hesab edir ki, nəqliyyat siyasətində əsas sual “insanları avtobusa necə mindirək?” yox, “insanların ictimai nəqliyyatdan rahat və sərfəli istifadə etməsi üçün nə edə bilərik?” olmalıdır.
Nəqliyyat sıxlığı arta bilər
Digər problem paytaxtda tıxac və nəqliyyat sıxlığıdır. Metroda qatarların hərəkətinin 11 ay dayandırılması sərnişinlərin bir hissəsinin avtobuslardan istifadə etməsi ilə nəticələnəcək. Hazırda Bakıda avtobuslardan gün ərzində 1,3 milyondan çox sərnişin istifadə edir. Metro sərnişinlərinin bir hissəsinin də avtobuslara yönəlməsi nəqliyyatda əlavə sıxlıq və sərnişinlər üçün əlavə xərc yarada bilər.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağayev hesab edir ki, məsələ yalnız avtobusların sayının artırılması ilə həll olunmamalıdır. Onun sözlərinə görə, alternativ nəqliyyat imkanları da genişləndirilməlidir. Ağayev Dərnəgüllə Koroğlunu əlaqələndirən dəmir yolu layihəsinin sürətləndirilməsinin sərnişin axınının bir hissəsinin başqa nəqliyyat vasitələrinə yönəldilməsinə kömək edə biləcəyini düşünür.