“Ombudsmanı “ölkədə ümumiyyətlə məhbus yoxdur” deməyə çağırırıq”

İllüstrasiya: Chatgpt

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) əməkdaşları Ramil Babayev və Əli Zeynal Ombudsman Aparatını həbsxanalarda operativ nəzarəti təmin etməməkdə ittiham ediblər.

Toplum TV xəbər verir ki, onlar Ombudsman Səbinə Əliyevaya ünvanladıqları müraciətdə bu iddiaları əsaslandıraraq quruma bir neçə tələb irəli sürüblər.

Müraciətdə deyilir:

“‘Yazdım, amma cavab gəlmədi’, ‘Müraciət etdim, iki ay sonra gəldilər. Faydası olmadı’ ifadələri həbsxanalarda ən çox eşidilənlərdəndir.
İşi insan hüquqlarının müdafiəsi olan qurumun fəaliyyətindən hüquqları pozulan şəxslərin xəbəri yoxdur.

Ombudsmana yazılmış ərizələr tikanlı məftillərdən kənara çıxarılmır, zənglər kəsilir, çətinliklə müraciət edən məhbuslarla isə operativ əlaqə saxlanılmır. Həmsöhbət olduğumuz məhbuslardan biri demişdi ki, cəzaçəkmə müəssisəsində döyüləndə Ombudsmanın qaynar xəttinə zəng edib. Lakin müraciətinə iki ay sonra reaksiya veriləndə artıq xəsarət izləri sağalmışdı. Ombudsman Aparatı ilə görüşlərdə hər birimiz operativliklə bağlı etirazlarımızı bildirmişik. Lakin bizə verilən cavab “iş yükümüz çoxdur, sayımız azdır” olub. Bu isə hüquqları pozulan şəxslərin problemi deyil.

Həbsxanalarda təkcə siyasi məhbusların olmadığını bildirərək, aldığınız əmək haqqının qarşılığında aşağıdakı təkliflərin icrasını tələb edirik:

1. Penitensiar Xidmət müəssisələrində ictimai etimad qazanmış şəxslərdən ibarət daimi nümayəndəliklər təyin olunmalıdır.
2. Penitensiar Xidmət müəssisələrində Penitensiar Xidmətin iştirakı olmadan anonim sorğular keçirilməlidir.
3. Penitensiar Xidmət müəssisələrində məlumatlandırıcı lövhələr quraşdırılmalıdır.
4. Penitensiar Xidmətdə insan hüquqlarının qorunması üçün görülən işlərlə bağlı ictimai hesabatlılıq təmin olunmalıdır.

Əks təqdirdə, “Toplum TV”-yə müsahibəsində “Azərbaycanda siyasi məhbus yoxdur” deyən Səbinə xanımı “ölkədə ümumiyyətlə məhbus yoxdur” deməyə çağırırıq”.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun qurucu heyətinin üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbarov, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynalov, İlkin Əmrahov və Ramil Babayev var.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilmişdi. Toplum TV-nin redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

“Toplum TV işi” üzrə həbs olunan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan onlara qarşı ittihamlar ağırlaşdırılıb.

Təqsirləndirilən şəxslər ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

Ana səhifəSiyasət“Ombudsmanı “ölkədə ümumiyyətlə məhbus yoxdur” deməyə çağırırıq”