Azərbaycan, ABŞ və Ermənistan birgə bəyanat yayıb

ABŞ, Ermənistan və Azərbaycan. Mənbə: OnePixelStudio/shutterstock

ABŞ, Azərbaycan və Ermənistan Ağ Evdə keçirilən Sülh Sammitindən bir il sonra birgə bəyanat yayıb.

Bəyanatda ötən bir il ərzində üç ölkənin sülh prosesində əldə etdiyi nəticələr sadalanır. Bildirilir ki, 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri iki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar.

Sənəddə bu hadisənin Cənubi Qafqazda onilliklər davam edən münaqişənin başa çatdırılması və regionun daha firavan gələcəyə yönəlməsi baxımından mühüm mərhələ olduğu qeyd edilir.

Bəyanatda son bir ildə əldə olunduğu bildirilən bir sıra nəticələr də açıqlanıb. Bildirilir ki, Ermənistan-Azərbaycan sərhədində sabitlik qorunub saxlanılıb, sərhədlərin delimitasiyası və münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılıb.

Bəyanatda əsas diqqət çəkən məsələlərdən biri “Tramp Marşrutu” (TRIPP) layihəsidir. Sənədə görə, marşrutun yaradılması istiqamətində mühəndis-tədqiqat işləri aparılır. Azərbaycanın öz ərazisində Ermənistandakı TRIPP marşrutuna birləşəcək avtomobil və dəmir yolunun tikintisini demək olar ki, başa çatdırdığı bildirilir.

Üç ölkənin marşrut boyunca elektrik enerjisinin ötürülməsi xəttinin yaradılmasını da dəstəklədiyi qeyd olunur.

ABŞ-nin Transxəzər Ticarət Marşrutuna – Orta Dəhlizə özəl investisiyaların cəlb edilməsi məqsədilə Transxəzər Sahibkarlıq Fonduna 201 milyon dollar ayırdığı da bəyanatda yer alıb.

Sənəddə Azərbaycan-Ermənistan arasında iqtisadi əlaqələrə də toxunulur. Bildirilir ki, Azərbaycan Ermənistana tətbiq etdiyi tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırıb. Son bir ildə Azərbaycan ərazisindən Ermənistana və Ermənistandan təxminən 60 min ton yük daşınıb. Bundan əlavə, Azərbaycan Ermənistana 20 min ton neft məhsulu tədarük edib.

Bəyanatda Azərbaycan və Ermənistan telekommunikasiya operatorlarının internet trafikinin qarşılıqlı tranziti ilə bağlı saziş imzalaması da xatırladılır. Bildirilir ki, razılaşma iki ölkə arasında internet bağlantılarının genişləndirilməsinə və Azərbaycanın Naxçıvanla fiber-optik əlaqəsinin Ermənistan ərazisindən keçməsinə imkan yaradır.

Sənəddə  ATƏT-in Minsk Qrupunun və onunla əlaqəli strukturların Azərbaycan və Ermənistanın birgə müraciəti əsasında ləğv edilməsi də qeyd olunur.

ABŞ, Ermənistan və Azərbaycan bir-birlərinin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına dəstəklərini bir daha təsdiqləyiblər.

Üç ölkə 8 avqust Birgə Bəyannaməsinin tam şəkildə həyata keçirilməsinə və Cənubi Qafqazın iqtisadi potensialının reallaşdırılmasına sadiq olduqlarını açıqlayıb.

Azərbaycan-Ermənistan münasibətlərində 2020-ci il müharibəsindən sonra yeni mərhələ başlayıb. 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağ üzərində nəzarəti bərpa etməsindən sonra Bakı və Yerevan arasında sülh sazişinin hazırlanması prosesi intensivləşib. 2024-cü il ərzində tərəflər arasında sərhədlərin delimitasiyası ilə bağlı razılaşmalar əldə olunub və sərhədin ayrı-ayrı hissələrinin delimitasiyası həyata keçirilib.

2025-ci il avqustun 8-də isə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə üçtərəfli görüş keçirilib.

Görüşün nəticəsində Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin mətni paraflanıb və 8 avqust Birgə Bəyannaməsi imzalanıb.

Ana səhifəSiyasətAzərbaycan, ABŞ və Ermənistan birgə bəyanat yayıb