Avropanın ən böyük jurnalist təşkilatı olan və 300 minə yaxın jurnalistin üzv olduğu Avropa Jurnalistlər Federasiyası (EFJ) Meydan TV-nin həbsdə olan jurnalisti Aytac Tapdığın azadlığı tələbilə bəyanat yayıb.
“Jurnalist Aytac Tapdıq müstəqil jurnalistikanı müdafiə etməsi səbəbindən 19 aydan artıqdır ki, Bakı İstintaq Təcridxanasında saxlanılır. Biz onun azadlığa buraxılmasını və ona qarşı irəli sürülmüş ittihamların ləğv edilməsini tələb edirik”, – deyə bəyanatda deyilir.
Federasiya jurnalistin tibbi yardımdan məhrum buraxıldığını qeyd edərək onunla həmrəyliyini ifadə edir.
“İyul ayında jurnalist Aytac Tapdıq həbsdən ona tibbi yardımın göstərilməsindən imtina edildiyini sənədləşdirən məktub göndərib.
Biz Tapdıqla, eləcə də onun bu yaxınlarda 12 ildən 15 ilədək həbs cəzalarına məhkum edilmiş Toplum TV-dən olan həmkarları ilə tam həmrəyliyimizi ifadə edirik. Jurnalistika cinayət deyil!”.
EFJ bir neçə gün öncə İtaliyanın müstəqil fikir və media mərkəzi olan “Balkan, Qafqaz və Transavropa Rəsədxanasının” (OBCT) Aytac Tapdıq haqqındakı məqaləsini paylaşıb. Həmin məqalədə jurnalistin hekayəsi təqdim edilir. Onun çıxışlarından sitatlar gətirilir, üzləşdiyi təzyiqlər sıralanır və səhhətinin pisləşməsinə rəğmən tibbi müayinədən məhrum edilməsinə toxunulur.
İyulun 4-də “Meydan TV işi” üzrə keçirilən məhkəmə prosesində Aytac Tapdığın vəkili Cavad Cavadov çıxış edərək bildirmişdi ki, Tapdığın səhhətindəki problemlərlə bağlı Tibb Baş İdarəsinə iyunun 19-da məktub göndərsələr də, heç bir cavab ala bilməyiblər.
Aytac Tapdıq həbsdə olduğu 20 ay ərzində 80 qutu burun açıcı spreydən istifadə etdiyini və həbsxana şəraitinin onun nəfəs almasına ciddi təsir etdiyini qeyd edib.
Aytac Əhmədova (Tapdıq) 2024-cü il dekabrın 6-da həbs olunub. Onunla eyni gündə Meydan TV-nin digər əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da həbs edilib.
Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.
2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), daha sonra digər jurnalistlər – fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.
Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, iş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.
Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.