Bəhruz Həsənli Ukraynada 30 sutka həbs edilib

Bəhruz Həsənli. Foto: şəxsi Facebook səhifəsi

Hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin mühafizəçisi olmuş Bəhruz Həsənli Ukrayna Apellyasiya məhkəməsinin qərarı ilə 30 sutka həbs edilib.

Bu barədə partiya üzvləri sosial mediada paylaşım ediblər.

Partiya üzvləri bildirir ki, Apellyasiya məhkəməsi şəhər prokurorluğunun şikayətini təmin edərək, birinci instansiya məhkəməsinin qərarını ləğv edib.

Partiya bu qərarı Azərbaycan hakimiyyətinin Həsənlini ekstradisiya etmək məqsədi daşıdığını deyir. Onların sözlərinə görə, Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovun Ukraynaya həmin gün səfər etməsi də hakimiyyətin ekstradisiyada israrlı olduğunu göstərir.

Bəhruz Həsənli iyulun 27-də Azərbaycanın sorğusu əsasında Ukraynanın Xarkov şəhərində saxlanılıb. Daha sonra məhkəmənin qərarı ilə Həsənli sərbəst buraxılıb.

Hazırda AXCP-nin sədri Əli Kərimli də daxil olmaqla 20-dən çox partiya üzvü və fəalı həbsdədir. Partiya onların da siyasi motivlərlə təqib olunduğunu bəyan edir.

Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın son siyahısında 328 siyasi məhbusun adı var.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivli həbslərin olması ilə bağlı iddiaları rədd edir. Rəsmi qurumlar bildirirlər ki, həbs olunan şəxslər siyasi baxışlarına görə deyil, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb ediliblər.

Ana səhifəSiyasətBəhruz Həsənli Ukraynada 30 sutka həbs edilib