Həbsdə olan ictimai fəalın cəzası ağırlaşdırılıb

Nicat İbrahim. Foto: Şəxsi “Facebook” səhifəsi

Hazırda həbsdə olan ictimai fəal Nicat İbrahimin cəzası ağırlaşdırılıb.

Nicat İbrahimin hazırda saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisənin rəisi onun cəzasının sərtləşdirilməsi ilə bağlı məhkəməyə tədimat verib. Bundan sonra Nərimanov Rayon Məhkəməsi fəalın saxlanma rejiminin sərtləşdirilməsinə qərar verib. 

Məhkəmənin qərarı ilə Nicat İbrahim 6 ay müddətinə qapalı rejimli cəzaçəkmə müəssisəsinə köçürüləcək. Müəssisə rəisi onun cəzasını 3 il müddətinə qapalı rejimdə çəkməsini tələb edib.

Fəalın həyat yoldaşı Pərvin İbrahimli AzadlıqRadiosu-na deyib ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklər:

“Təkrar şərləyib həbs etməkləri bəs deyilmiş kimi, orada da rahat buraxmırlar. İcazə verilmir ki, rahat verilən cəzanı çəksin. Nə istədiklərini bilmirik. Öyrədilmiş adamları üstünə göndərib dava-dalaş salır, akt tərtib edirlər. Məhkəməyə təqdimat verməmişdən öncə uzun müddət karsa salanda bildik ki, başqa planları var”.

Nicat İbrahim 2024-cü il sentyabrın 9-dan həbsdədir. O, ailəsi ilə birgə ölkədən çıxarkən hava limanında saxlanılıb. Onun sözlərinə görə, ölkədən buraxılmadığından, Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək nazirliyin qarşısında özünə qəsd edəcəyini dediyinə görə cəzalandırılıb. 

O, bundan öncə 2020-ci ildə Prezident Administrasiyasının qarşısında “İlham Əliyevə istefa” tələbi ilə etiraz aksiyası keçirməyə gedərkən saxlanılmışdı, koronavirus yayma ittihamı ilə 1 il 3 ay həbs cəzası almışdı.

Ana səhifəSiyasətHəbsdə olan ictimai fəalın cəzası ağırlaşdırılıb