Həbsdə olan qazi: “Bizi bəh-bəhlə ölümə göndərən Azərbaycan xalqı arxamızda durmadı”

İllüstrasiya: Meydan TV

Hazırda həbsdə olan İkinci Qarabağ müharibəsinin bir neçə iştirakçısı Meydan TV-yə müsahibə verib. Əksər dustaqların adları ilə deyil, “qazi” deyə müraciət etdikləri bu şəxslər narkotik ittihamı ilə şərlənərək həbs olunduqlarını iddia edir, müharibədən sonrakı həyatlarında qarşılaşdıqları problemlərdən, həbs edilmələrinin səbəblərindən və cəzaçəkmə müəssisəsində üzləşdikləri problemlərdən danışıblar.

“Qələbəni biz qazandıq, amma faydasını başqaları gördü”

“Mən heç vaxt siyasətlə məşğul olmamışam, kasıb həyatımı yaşamışam. Amma vətənimi də çox sevmişəm. 2020-ci ildə könüllü döyüşə getdim, qələbə çaldıq, amma faydasını başqaları gördü” , – hazırda həbsdə olan II Qarabağ müharibəsinin iştirakçısı Meydan TV-yə belə deyir.

O, adının çəkilməsini istəmir və bunu belə əsaslandırır: 

“Şikayət edəni də döyür, təhqir edirlər, görüşlərimizə qadağa qoyurlar. Təsəvvür edin ki, 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Şakir Qəniyev – aclıq edən Qarabağ qazisinə bütün dustaqların gözü qabağında deyir: “Əgər ağzından yeməsən, səni arxandan yedizdirərik”. Bütün həbsxana və təcridxanalarda səsini çıxaran qazilərə münasibət belədir. Yaxud Şüvəlan təcridxanasının rəisi Cəlil Əliyev bir qazinin başını qırxdırıb aparıb bağlı yerdə günün altında saxlayıb. Sonra da arada gəlib baxıb və ironiya ilə “Necəsən?” – deyə ələ salıb. Mənim özüm dəfələrlə belə işgəncələrə məruz qalmışam”.

“Görün müharibə qəhrəmanlarını necə düşgün və məzlum günə qoyublar”, – deyə o, kədərlənir.

Dedim ki, Qarabağ qazisiyəm, dedi “bəs niyə döyüşdə ölmədin?

Müsahibimizin sözlərinə görə, müharibədən qayıtdıqdan sonra normal müalicə ala bilməyib, əvəzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və ağır işgəncələrə məruz qalıb:

“Açığı, işgəncə elə həddə oldu ki, sanki müharibədə əsir düşmüşdüm. Bəlkə əsir düşsəydim, heç ermənilər belə davranmazdılar. Əvvəlcə əməliyyatçılar, sonra şöbə rəisi Müzəffər adlı şəxs özü şəxsən təhqir edib mənə işgəncə verdi. Dedim ki, Qarabağ qazisiyəm, dedi “bəs niyə döyüşdə ölmədin?” O işgəncə və təhqirlər yadıma düşəndə havalanıram. Əgər müzəffər ordunun qazisini hansısa bir polis idarəsində Müzəffər adlı bir şəxs bu şəkildə alçaldıb sındırmağa çalışırsa, günah elə Müzəffər Ali Baş Komandandadır”.

Dediyinə görə, onu da digərləri kimi narkotiklə şərləyiblər, işgəncələrə dözməyib, boynuna götürüb: 

“Bir neçə dəfə sosial şəbəkələrdə qazilərin aksiyasına dəstək vermişdim, çünki onlar öz halal haqlarını tələb edirdilər. Bununla da qara siyahıya düşdüm. Yəqin ki, həbsxanada qarşınıza çoxlu qazilər çıxıb. Demək olar ki, əksəriyyəti mənim kimi şərlənib”.

Qorxu mühiti…

Onun fikrincə, müharibə iştirakçılarının həbsi təsadüfi deyil: 

“Əvvəl bunun fərqinə varmırdım, amma sonradan hər şeyi anladım. Qazilər qələbə ilə qayıtmışdılar, cəmiyyətin də onlara etimadı artmışdı. Belə bir aktiv və nüfuzlu təbəqənin olması hakimiyyəti narahat etməyə bilməzdi. O üzdən qaziləri müxtəlif üsullarla şərlədilər, 50-dən çox qazinin özünü yandırmasına, intihar etməsinə bilərəkdən şərait yaratdılar ki, qorxu mühiti yaransın. Bunun başqa adı və izahı yoxdur”.

Müharibə iştirakçısı Azərbaycan cəmiyyətindən, xalqından da giley edir: 

“Təəssüf ki, bizi bəh-bəhlə ölümə göndərən, təşviq edən Azərbaycan xalqı da arxamızda durmadı, 10 milyonluq xalq 100-150 idarəçinin qorxusundan səsini çıxarmadı”.

“Bu yaxınlarda Svetlana Aleksiyeviçin II Dünya Müharibəsindən bəhs edən bir kitabını oxudum: “Müharibənin qadın olmayan üzü”. Düzü, kitab oxumağa çox meylli biri deyiləm, amma bu kitabı oxuyanda bizdəki mənzərə gözümdə canlandı. Müharibənin dəhşətlərindən və müharibədən sonrakı problemlərdən bəhs edən bu kitabı oxuyanda dəhşətə gəldim. Sovet cəmiyyəti kimi bizi də aldatmışdılar, daha doğrusu, biz sadəlövhcəsinə aldanmışdıq. Necə ki, müharibə başlayanda Stalin ilk dəfə Sovet xalqına “Əziz qardaşlarım və bacılarım” deyə müraciət etdi, hamı da inandı ki, diktator səmimidir, müharibədən sonra o da, ölkə də dəyişəcək. Kitabın qəhrəmanları özləri də etiraf edirdilər ki, bir müharibədən sonra hər şeyin yaxşı olacağına, tamam fərqli bir ölkədə yaşayacağımıza inanırdıq. Eynilə bizdə də elə oldu. Hər kəs inanırdı ki, ölkənin əsas böyük problemi Qarabağdır, o həll olunsa, fərqli Azərbaycanda yaşayacağıq. Amma heç nə yaxşı olmadı, ölkə də pisə doğru getdi. Nəticədə qələbənin qəhrəmanları qələbədən fayda və qazanc götürənlər tərəfindən şərləndilər. Bizim, şəhidlərimizin qanının töküldüyü yerdə İlham Əliyev ailə biznesini çiçəkləndirdi”, – deyə o bildirir.

“Bir də müharibə baş versə, camaatın balalarını hay-küylə ölümə göndərməsinlər”

Müharibə iştirakçısı deyir ki, o artıq heç kəsdən kömək də gözləmir: 

“Hamıdan əlimi üzmüşəm, hökumətdən də, məhkəmədən də, Azərbaycan xalqından da. Bunları ona görə demirəm ki, kimsə mənə kömək etsin. Ona görə deyirəm ki, qoy hər kəs həqiqəti bilsin. Bir də belə bir hal baş versə, camaatın balalarını hay-küylə ölümə göndərməsinlər”.

“Həbsxanada siyasi dustaqları görəndə, onlarla həmsöhbət olanda necə haqlı olduqlarını gördüm. İndi həbsdə olan qazi yoldaşlarımla, hətta tanımadığım müharibə iştirakçıları ilə rastlaşanda onlara açıq şəkildə deyirəm ki, siyasətə qarışın. Biz ölkəni işğaldan azad etmişik, amma əsarət hələ də qalır. Biz içəridəyik, amma övladlarımız, ailələrimiz, valideynlərimiz də çöldə əsarət altında qalıblar. Onları da xilas etmək lazımdır”, – Qarabağ qazisi belə deyir.

“İdarədə məndən soruşdular ki, səndə bu pul hardandır?”

Digər bir müharibə iştirakçısı da Meydan TV-yə şərləndiyini deyir: 

“Müharibədən öncə maşınım vardı. Qayıtdıqdan sonra maşınımı öz sosial şəbəkə hesablarımda paylaşdım ki, satmaq istəyirəm. Maşını satıb pulun bir qismini müalicəmə xərclədim, bir qismi ilə də ucuz bir maşın aldım. Bunu da “Tik Tok”da paylaşdım ki, yeni maşınım necədir? Bir neçə gün sonra saxlanıldım və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldım”.

Qazi deyir ki, onu da narkotiklə şərləyiblər: 

“İdarədə məndən soruşdular ki, səndə bu pul hardandır hər gün bir maşın dəyişirsən? Başa sala bilmədim ki, maşınımı satıb daha ucuz bir maşın almışam. Narkotiki yükləyib göndərdilər həbsxanaya. Bu da zəfərin, qələbənin hədiyyəsi. Məni də belə mükafatlandırdılar. Bilmirəm bizdən nəyin və kimin qisasını alırlar?”.

Ana səhifəSosialHəbsdə olan qazi: “Bizi bəh-bəhlə ölümə göndərən Azərbaycan xalqı arxamızda durmadı”