Taleh Bağırzadənin oğlunun ölkədən çıxışına aylar əvvəl qadağa qoyulubmuş

Taleh Bağırzadə. İllüstrasiya: Meydan TV

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin böyük oğlunun ölkədən çıxışına məktəbdə baş vermiş dava hadisəsindən aylar əvvəl qadağa qoyulub.

Bu barədə AzadlıqRadiosu-na ilahiyyatçının həyat yoldaşı Leyla İsmayılzadə məlumat verib.

Onun sözlərinə görə, hazırda 17 yaşı olan oğlu 2025-ci ilin yayında ölkədən çıxmaq istəyərkən hava limanında saxlanılıb və ona ölkədən çıxışına qadağa qoyulduğu bildirilib.

“2025-ci ilin yayında onu hava limanından buraxmadılar. Dedilər ki, ölkədən çıxışına qadağa qoyulub. Halbuki o zaman nə məktəbdəki dava olmuşdu, nə də hansısa iş üzrə şahid kimi dindirilmişdi. Yeniyetmənin ölkədən çıxışına niyə qadağa qoyulmalı idi? Bu da sübut edir ki, bizim ailə əvvəldən nəzarət altındadır”, – Leyla İsmayılzadə deyib.

İsmayılzadənin sözlərinə görə, bu fakt ailənin uzun müddətdir nəzarətdə saxlanıldığını göstərir.

Hazırda Taleh Bağırovun 15 və 17 yaşlı oğulları Buzovna qəsəbəsində yerləşən 26 saylı orta məktəbdə baş vermiş əlbəyaxa dava ilə bağlı cinayət məsuliyyətinə cəlb ediliblər. Leyla İsmayılzadənin sözlərinə görə, təxminən iki-üç həftə öncə Xəzər rayon Polis İdarəsində cinayət işinin materialları ilə tanış olarkən müdafiə tərəfi istintaqın bu cür yekunlaşmasına etirazını bildirib. O qeyd edib ki, hüquqlarını müdafiə edən vəkil bir sıra qaranlıq məqamların araşdırılması üçün xüsusi vəsatətlər qaldırsa da, həmin vaxtdan bəri qarşı tərəfdən heç bir cavab daxil olmayıb.

Taleh Bağırzadənin böyük oğlu Məhəmmədhəsən Bağırzadəyə Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Taleh Bağırzadənin digər oğlu Məhəmmədhüseyn Bağırzadə isə Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirləndirilir.

Məlumata görə, tərəflər arasında barışıq əldə olunması istiqamətində təşəbbüs göstərilsə də, qarşı tərəf bunu qəbul etməyib. Bundan sonra işin hüquqi müstəvidə davam etdirilməsi qərara alınıb.

Hadisə bu il aprelin 7-də Bakının Buzovna qəsəbəsində yerləşən 26 nömrəli məktəbin idman meydançasında baş verib.

Ailənin bildirdiyinə görə, mübahisə yuxarı sinif şagirdlərindən birinin nalayiq ifadələr işlətməsi ilə başlayıb. Məhəmmədhüseyn Bağırzadənin onları bundan çəkindirməyə çalışması gərginliyi artırıb. Daha sonra qarşı tərəfin təhqiramiz ifadələr işlətməsi ilə mübahisə əlbəyaxa davaya çevrilib.

Ailənin versiyasına görə, Məhəmmədhəsən Bağırzadə qardaşının iki nəfər tərəfindən döyüldüyünü görərək davaya müdaxilə edib. Hadisə nəticəsində qarşı tərəfdən bir nəfərin burnunun sındığı bildirilir. Ailə bildirir ki, 17 yaşlı oğlunun həmyaşıdı qızın burnunu sındırması ilə bağlı məlumat həqiqəti əks etdirmir.

Ailə hesab edir ki, bu hadisə son vaxtlar dindarlara edilən təzyiqlər fonunda konkret olaraq Taleh Bağırzadəyə və ailəsinə qarşı verilən təhdid mesajıdır.

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə hazırda həbsdədir. O, 2017-ci ildə dövlətin konstitusiya quruluşunu dəyişməyə cəhd və digər ittihamlarla 20 il müddətinə azadlıqdan məhrum edilib.

Bağırzadə ittihamları qəbul etmir, fəaliyyətinin dini azadlıqlar və sosial ədalət uğrunda olduğunu bildirir. Beynəlxalq hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.

Ana səhifəSiyasətTaleh Bağırzadənin oğlunun ölkədən çıxışına aylar əvvəl qadağa qoyulubmuş