London mərkəzli beynəlxalq insan haqları təşkilatı olan “Human Rights Solidarity” Meydan TV-nin həbsdə olan jurnalisti Aytac Tapdıqla bağlı bəyanat yayıb.
Təşkilat bildirib ki, jurnalist uzun müddətdir nəfəs darlığından əziyyət çəkir və saxlanılma şəraiti onun səhhətini daha da ağırlaşdırır.
“Müəssisə qurudulmuş gölün üzərində tikilib, bu da havanın həddindən artıq rütubətli olmasına və onun nəfəs alma problemlərinin daha da kəskinləşməsinə gətirib çıxarır”, – deyə bəyanatda bildirilir.
Bəyanatda qeyd olunur ki, vəkilinin müraciətlərinə və həbsxananın baş həkiminə edilən şikayətlərə baxmayaraq, ona Ədliyyə Nazirliyində LOR mütəxəssisinin çalışmadığı bildirilib və o, lazımi tibbi müalicədən məhrum edilib. Aytac Tapdığın müayinə olunması ilə bağlı rəsmi sorğularına cavab verilməyib.
Mübarizə həm şəxsi, həm də siyasi xarakter daşıyır.
Təşkilat bildirib ki, Aytac Tapdıq Azərbaycanda müstəqil mediaya qarşı həyata keçirilən təqiblər çərçivəsində həbs olunan azı 24 jurnalist və media işçisindən biridir. Ona və həmkarlarına qarşı irəli sürülən ittihamların siyasi motivlidir:
“Onun pisləşən vəziyyəti artıq “Jurnalistləri Müdafiə Komitəsi” (CPJ) və “Sərhədsiz Reportyorlar” (RSF) daxil olmaqla iri beynəlxalq təşkilatların narahatlığına səbəb olub və onlar Aytacın təcili tibbi yardımla təmin olunmasını tələb ediblər.”
Həmçinin təşkilat bildirib ki, ilk dəfə olaraq jurnalistin qaldığı yerin dəqiq lokasiyasını tapmaq mümkün olub:
“İlk dəfədir ki, onun tam olaraq harada saxlanıldığını görə bilirik. Xəritələrdən istifadə edərək, onun Bakı 1 saylı İstintaq Təcridxanasının ərazisində saxlanıldığı binanın dəqiq yerini müəyyənləşdirmişik. O, səkkizbucaqlı formalı əsas üçmərtəbəli korpusun arxasında yerləşən kiçik binada saxlanılır. Binanın sağ tərəfinə bitişik ağ sahə onun hər gün gəzintiyə çıxarıldığı həyətdir.”

İyulun 4-də “Meydan TV işi” üzrə keçirilən məhkəmə prosesində Aytac Tapdığın vəkili Cavad Cavadov çıxış edərək bildirmişdi ki, Tapdığın səhhətindəki problemlərlə bağlı Tibb Baş İdarəsinə iyunun 19-da məktub göndərsələr də, heç bir cavab ala bilməyiblər.
Aytac Tapdıq həbsdə olduğu 20 ay ərzində 80 qutu burun açıcı spreydən istifadə etdiyini və həbsxana şəraitinin onun nəfəs almasına ciddi təsir etdiyini qeyd edib.
Aytac Əhmədova (Tapdıq) 2024-cü il dekabrın 6-da həbs olunub. Onunla eyni gündə Meydan TV-nin digər əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da həbs edilib.
Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.
2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), daha sonra digər jurnalistlər – fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.
Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, iş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.
Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.