SSRİ bayrağı ilə yürüşə cəhdə görə dörd nəfərə həbs cəzası verilib

Photo: Screenshot from video

Bakıda SSRİ və Azərbaycan SSR bayraqları ilə yürüş keçirməyə cəhd göstərməkdə ittiham olunan dörd nəfərə hökm oxunub.

APA-nın məlumatına görə, Nizami Rayon Məhkəməsinin hökmü ilə Abdulla İbrahimli və İbrahim Əsədli 2 il, Elçin Bayramlı və Mehman Zeynalov isə hər biri 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə təqsirli biliniblər.

İttihama görə, təqsirləndirilən şəxslər sosial şəbəkələrdə kommunist ideologiyasını təbliğ edən materiallar yayıb və ötən ilin noyabrında Bakıda SSRİ və Azərbaycan SSR bayraqları ilə yürüş keçirməyə cəhd göstəriblər.

Hadisədən sonra yayılan videogörüntülər əsasında Daxili İşlər Nazirliyi əməliyyat keçirib. DİN bildirib ki, ilkin istintaq zamanı həmin şəxslərin “başqa bir dövlətin dəstəyi və maliyyəsi hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərdiyi və mütəmadi toplantılar təşkil etdiyi” müəyyən edilib.

Nazirliyin məlumatına əsasən, saxlanılan şəxslərə məxsus ofis və mənzillərdə aparılan axtarış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik materiallar, bayraqlar, radikallığı təşviq etdiyi bildirilən kitablar, CD disklər və müxtəlif elektron cihazlar götürülüb.

Təqsirləndirilən şəxslər və onların müdafiəçilərinin ittihamla bağlı mövqeyi ictimaiyyətə açıqlanmayıb.

Həbs olunanlardan biri – İbrahim Əsədli ixtisasca həkimdir və Valeologiya və İnteqrativ Nəbatət Mərkəzinin rəhbəri kimi tanınırdı.

Ana səhifəSiyasətSSRİ bayrağı ilə yürüşə cəhdə görə dörd nəfərə həbs cəzası verilib