Toplum TV bəyanat verib: “Həbslər əsassızdır, hüquqi mübarizəmiz davam edəcək”

Toplum TV – Mənbə: ChatGPT

Bakı Ağır Cinayətlər Məhkəməsinin “Toplum TV işi” üzrə çıxardığı cəzalardan sonra media rəsmi bəyanat yayıb.

Bəyanatda bildirilir ki, 2016-cı ildən fəaliyyət göstərən media qurumuna və onun əməkdaşlarına qarşı irəli sürülən ittihamlar tamamilə əsassızdır. Redaksiya 2024-cü ilin martında və 2025-ci ilin yanvar-fevral aylarında baş verən həbsləri, eləcə də aparılan istintaq prosesini ölkədəki müstəqil və tənqidi səslərin susdurulmasına yönəlmiş sistemli siyasətin tərkib hissəsi kimi qiymətləndirib.

Toplum TV bəyanatında bildirib ki, irəli sürülən ittihamlar tamamilə əsassızdır və onların peşə fəaliyyəti ilə bağlıdır:

“Bir daha bəyan edirik ki, Toplum TV özünə qarşı irəli sürülmüş ittihamları əsassız hesab edir və qəbul etmir. Toplum TV əməkdaşları qaçaqmalçılıqla və ya hər hansı bir qeyri-qanuni fəaliyyətlə məşğul olmayıb. Bildiririk ki, bizə qarşı göstərilən təzyiqin yeganə səbəbi Toplum TV-nin müstəqil və qərəzsiz media qurumu kimi fəaliyyət göstərməsidir.”

Bəyanatda qeyd edilir ki, jurnalistlər irəli sürülən cinayət işinin və çıxarılmış hökmün uydurma olduğunu dəfələrlə hüquqi arqumentlərlə sübut ediblər. Toplum TV yaydığı bəyanatda məhkəmələrin müstəqil olmadığını, mübarizəni dayandırmayacaqlarını deyiblər:

“Ən ağır təzyiqlərə, qaralama kampaniyalarına, ölkəni tərk edib “sürgün” mediasına çevrilməsinin ağır gerçəkliklərinə baxmayaraq, Toplum TV hələ də peşəkar jurnalistika prinsiplərini rəhbər tutaraq fəaliyyətini davam etdirir. Toplum TV məruz qaldığı qanunsuzluqları beynəlxalq müstəviyə daşımağa və hüquqlarını mövcud bütün hüquqi mexanizmlər çərçivəsində müdafiə etməyə davam edəcək.”

İyulun 27-də Toplum TV əməkdaşlarına hökm oxunub. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərin hər biri 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaqla, Akif Qurbanov, Ruslan İzzətli 15 il, Ələsgər Məmmədli, Əli Zeynalov 14 il, Ramil Babayev, Müşfiq Cabbarov, İlkin Əmrahov 13 il, Fərid İsmayılov, Elmir Abbasov 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin Elmir Abbasov məhkəmə zalında həbs olunub.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun qurucu heyətinin üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbarov, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynalov, İlkin Əmrahov və Ramil Babayev var.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilmişdi. Toplum TV-nin redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

“Toplum TV işi” üzrə həbs olunan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan onlara qarşı ittihamlar ağırlaşdırılıb.

Təqsirləndirilən şəxslər ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

Ana səhifəSiyasətToplum TV bəyanat verib: “Həbslər əsassızdır, hüquqi mübarizəmiz davam edəcək”