Avropa Jurnalistlər və Beynəlxalq Jurnalistlər Federasiyaları “Toplum TV işi” ilə bağlı bəyanat verib

“Toplum TV işi” üzrə həbs olunanlar

Avropa Jurnalistlər Federasiyası (EFJ) və Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) Toplum TV əməkdaşlarına oxunan hökmü pisləyən bəyanat yayıb.

Bəyanatda bildirilir ki, məhkəmənin hökmü prosesin siyasi xarakter daşıdığını, eləcə də hakimiyyətin öz peşə borcunu yerinə yetirən jurnalistləri repressiyaya məruz qoymaq niyyətini bir daha təsdiqləyir.

IFJ və EFJ haqsız yerə həbs olunan jurnalistlərin dərhal azadlığa buraxılmasını tələb edib.

EFJ-nin Baş katibi Rikardo Qutyerres bildirib ki, məhkəmənin hökmü siyasi xarakter daşıyır:

“Biz çıxarılan bu son dərəcə qeyri-mütənasib cəzalardan sarsılmışıq. Bu hökm məhkəmənin ciddi siyasi xarakter daşıdığını və yalnız Azərbaycandakı cəsarətli səsləri susdurmağa yönəldiyini bir daha təsdiqləyir”.

IFJ-nin Baş katibi Antoni Bellanje isə qeyd edib ki, “Məhkəmənin bu qərarı jurnalistlərə, o cümlədən qadın media işçilərinə qarşı yönəlmiş amansız repressiya siyasətinin tərkib hissəsidir. 

“Bunun ədalətlə heç bir əlaqəsi yoxdur. Bu, açıq-aşkar hökumət repressiyası və qorxutma cəhdidir. Ədalətin bu şəkildə tapdalanmasında əli olanlar cəzasız qalmayacaqlar. Bütün dünya bu prosesi izləyir.”

İyulun 27-də Toplum TV əməkdaşlarına hökm oxunub. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərin hər biri 2 il 6 ay müddətinə müəyyən vəzifə tutmaqla, Akif Qurbanov, Ruslan İzzətli 15 il, Ələsgər Məmmədli, Əli Zeynalov 14 il, Ramil Babayev, Müşfiq Cabbarov, İlkin Əmrahov 13 il, Fərid İsmayılov, Elmir Abbasov 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin Elmir Abbasov məhkəmə zalında həbs olunub.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onların arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun qurucu heyətinin üzvü Ruslan İzzətli, “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbarov, jurnalist Fərid İsmayılov, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynalov, İlkin Əmrahov və Ramil Babayev var.

Jurnalist Elmir Abbasov polis nəzarətinə verilmişdi. “Toplum TV”nin redaktoru Şahnaz Bəylərqızı isə əvvəlcə ev dustaqlığına buraxılıb, daha sonra barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

“Toplum TV işi” üzrə həbs olunan şəxslər əvvəlcə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan onlara qarşı ittihamlar ağırlaşdırılıb.

Təqsirləndirilən şəxslər ittihamları rədd edir və siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər.

Ana səhifəSiyasətAvropa Jurnalistlər və Beynəlxalq Jurnalistlər Federasiyaları “Toplum TV işi” ilə bağlı bəyanat verib