17 saylı Cəzaçəkmə Müəssisəsində günlərdir su və işıq yoxdur

Tofiq Yaqublu. İllüstrasiya: Meydan TV

17 saylı Cəzaçəkmə Müəssisəsi günlərdir su və işıqla təhciz edilmir.

Bu barədə həmin Cəzaçəkmə Müəssisəsində saxlanılan Müsavat və Milli Şuranın üzvü Tofiq Yaqublu qızı Nigar Həzi ilə telefon danışığı zamanı məlumat verib.

Yaqublu deyib ki, son bir həftədir müəssisədə gün ərzində 1-2 saat işıq və su verilir. Havanın isti keçməsi, üstəlik suyun olmaması məhbuslar üçün ciddi problemlər yaradıb.

Təsəvvür edin yayın dəhşətli istiləri və işıq yoxdur, soyuducular işləmir, məhbuslar içməyə nə sərin su tapa bilirlər, nə də ki, yuyuna bilirlər. 40 dərəcədən yuxarı istidə əlbəttə ki, ərzaqlar da xarab olub zibilə atılır. İşığın olmaması azmış kimi artıq müəssisədə su da gəlmir. İnsanlar sanki əsir düşərgələrində saxlanılır”, – deyə Nigar Həzi qeyd edib.

Nigar Həzi əlavə edib ki, 17 saylı Cəzaçəkmə Müəssisəsində antisanitariya şəraiti var, üstəlik sıxlıqdır. Belə vəziyyətdə suyun və işığın olmaması oradakı vəziyyəti daha dözülməz edir.

Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs edilib. 2025-ci ilin martında Bakı Ağır Cinayətlər Məhkəməsi onu dələduzluq və sənəd saxtakarlığı ittihamları ilə 9 il müddətinə azadlıqdan məhrum edib. Yaqublu ittihamları qəbul etmir və onların siyasi motivli olduğunu bildirir.

Ana səhifəSiyasət17 saylı Cəzaçəkmə Müəssisəsində günlərdir su və işıq yoxdur