İşgəncələrə Qarşı Ümumdünya Təşkilatı və Beynəlxalq İnsan Hüquqları Federasiyası (OMCT-FIDH) Azərbaycanda həbsdə olan jurnalist qadınlarla bağlı bəyanat yayıb.
Təşkilat jurnalistlər Aysel Ümüdova, Ülviyyə Əli (Quliyeva), Aytac Tapdıq (Əhmədova), Nərgiz Absalamova və Xəyalə Ağayevaya qarşı pis rəftardan, təhdidlərdən və lazımi tibbi yardımın göstərilməməsindən narahat olduqlarını bildiriblər.
Bəyanatda bildirilir ki, qadın jurnalistlərdən 4-ü “Meydan TV işi” üzrə haqsız olaraq həbs olunub, həmçinin “AbzasMedia işi” üzrə Absalamovaya 8 il azadlıqdan məhrumetmə cəzası verilib.
“Fiziki zorakılıq, cinsi qısnama ilə bağlı təhdidləri, saxlanılan jurnalistlərə qarşı hədə-qorxu, məsul şəxslərin cəzasız qalması və zəruri tibbi yardımın göstərilməməsi Azərbaycanın daxili və beynəlxalq insan hüquqları qanunvericiliyi üzrə öhdəliklərinə əməl etməsi ilə bağlı ciddi narahatlıqlar doğurur”, – deyə təşkilat qeyd edib.
Təşkilat Meydan TV-nin jurnalistlərinin bu ilin fevral ayında saxlanıldıqları 1 saylı Bakı İstintaq Təcridxanasında qarşılaşdıqları zorakılıqdan da bəhs edib. Qeyd edilib ki, rəis müavini Cavid Güləliyev Meydan TV jurnalistləri Xəyalə Ağayeva, Aysel Ümüdova və Aytac Tapdığın otağında axtarış apararkan onlara fiziki zorakılıq göstərib. Buna səbəb onların məhkəmə şüşə qəfəsdə saxlanılmarına etiraz etməsi olub:
“Jurnalistlər bildiriblər ki, qadın kamerasında aparılan axtarışda yalnız qadın əməkdaşların yoxlama aparacaqları deyilsə də, kişi əməkdaşlar yoxlama edib, şəxsi əşyaların yoxlanılmasına etirazdan sonra vəziyyət gərginləşib. Aysel Umudova tualetdə olarkən qapı zorla açılıb, Aytac Əhmədova və Xəyalə Ağayeva isə sözlü təhqirlərə məruz qalaraq, qolları arxaya bükülmüş halda zorla kameradan çıxarılıb və xəsarət alıblar”.
Bəyanatda qeyd edilir ki, rəis müavinin qadın jurnalistləri cinsi qısnama ilə təhdid edib buna baxmayaraq müəssisə rəisi araşdırma etməyib əksinə onları təhdid edib.
“İyirmidən çox əməkdaşın iştirak etdiyi yoxlamada jurnalistlər fiziki və psixoloji zorakılığa məruz qaldıqlarını bildiriblər. Zorakılığa başçılıq edən Bakı İstintaq Təcridxanasının rəis müavini Cavid Güləliyevin jurnalistlərdən birinin boğazını sıxaraq ‘Boğazıma qədər qan içindəyəm; belə də olmalıdır’ deyib. Xüsusilə narahatlıq doğuran məqam isə Güləliyevin çoxsaylı əməkdaşların gözü qarşısında işlətdiyi, təcavüz kimi qəbul olunan, jurnalistlərə cinsi orqanını göstərərək ‘Mənim toxumlarım hər yerdədir’ ifadəsidir”.
Təşkilat həmçinin Aytac Tapdığın və Ülviyyə Əlinin səhhətinin pisləşməsindən narahatlıqlarını qeyd edib. Onlar Aytac Tapdığın artan nəfəs darlığı problemini və 20 ayda 80 qutu burun spreyi istifadəsini, həkimə çıxışının olmamasını qeyd ediblər:
“19 aydan çoxdur həbsdə olan Aytac Əhmədova burun çəpəri əyriliyi və xroniki nəfəs darlığından əziyyət çəkir. Bakı İstintaq Təcridxanasının rütubətli kamerasında saxlanılması onun vəziyyətini daha da pisləşdirib və o, bu müddətdə 80-ə yaxın burun spreyindən istifadə etməyə məcbur qalıb. Vəziyyətin ciddiliyinə baxmayaraq, hakimiyyət orqanları ona LOR mütəxəssisi tərəfindən müayinə olunmağa, KT və MRT kimi diaqnostik prosedurlardan keçməyə şərait yaratmayıb. Vəkilin Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə ünvanladığı rəsmi müraciətə cavab verilməyib, baş həkim isə nazirlikdə LOR mütəxəssisinin olmadığını bildirməklə kifayətlənib. Nəticədə, jurnalist lazımi ixtisaslaşdırılmış tibbi yardımdan məhrum edilib”
Həmçinin müstəqil jurnalist Ülviyyə Əlinin aylardır MRT müayinəsindən məhtum olduğu qeyd edilib. Bildirilib ki, jurnalist dəfələrlə müayinə üçün müraciət etsə də, cavab ala bilməyib.
“Həbsdə olan jurnalist və hüquq müdafiəçisi Ülviyyə Əli səhhətinin pisləşməsindən və lazımi tibbi yardımdan məhrum edilməsindən narahatlığını bildirib. Hipofiz vəzinin mikroadenomasından əziyyət çəkən jurnalist penitensiar sistemdə lazımi avadanlıq olmadığı halda, 2026-cı ilin fevralından bəri özəl klinikada illik MRT və KT müayinələrindən keçməyə icazə verilmir. Həmçinin 2026-cı il iyulun 7-də uşaqlıq yolundan qeyri-normal qanaxması olmasından şikayət edən jurnalistin təcili ginekoloji və ultrasəs müayinəsi (USM) təmin olunmayıb və ona heç bir tibbi yardım göstərilməyib”.
Təşkilat Nərgiz Absalamovanın da sağlamlıq problemlərinə diqqət çəkib. Qeyd edilib ki, həbsdə olan digər jurnalistlər kimi, Absalamova da həbs müddətində lazımi tibbi müayinədən məhrum qalıb. Bəyanatda AbzasMedia əməkdaşlarının da həbs müddətində qarşılaşdığı zorakılıqdan narahatlıqlar ifadə edilib.
“Altı aydan çoxdur ki, MRT müayinəsinə şərait yaradılmayan Absalamova uzun müddətdir xroniki qaymoritdən əziyyət çəkir, şiddətli baş ağrıları və nəfəsalma çətinliyi yaşayır. Lənkəran Penitensiar Kompleksinə köçürüldükdən sonra vəziyyəti kəskin pisləşən jurnalist gecələr nəfəs ala bilmək üçün hər iki saatdan bir burun damcısından (Naftizin) istifadə etməyə məcbur qalır”.
İşgəncələrə Qarşı Ümumdünya Təşkilatı (OMCT) və Beynəlxalq İnsan Hüquqları Federasiyasının (FIDH) birgə proqramı olan Observatoriya yaydığı birgə bəyanatda bildirib ki, bu pis rəftar, hədə-qorxu və müvafiq tibbi yardımdan imtina əməllərini qətiyyətlə pisləyir, bu addımların onları jurnalist fəaliyyətlərinə görə cəzalandırmaq və Azərbaycanda müstəqil medianı susdurmaq məqsədi daşıdığı görür.
“Sənədə imza atan təşkilatlar Azərbaycan hakimiyyət orqanlarını aşağıdakı addımları atmağa çağırır:
- Aysel Ümüdova, Xəyalə Ağayeva və Aytac Əhmədovaya qarşı pis rəftar, cinsi zorakılıq hədələri və hədə-qorxu iddiaları ilə bağlı dərhal operativ, müstəqil, tərəfsiz və səmərəli təhqiqat aparmaq və bütün cavabdeh şəxslərin məsuliyyətə cəlb olunmasını təmin etmək;
- Aytac Əhmədovanın dərhal müstəqil LOR mütəxəssisi tərəfindən müayinə olunmasını, tibbi baxımdan zəruri olan bütün MRT və KT müayinələrindən keçməsini və təxirəsalınmadan, o cümlədən özəl tibb müəssisəsində lazımi müalicəni almasını təmin etmək;
- Vəkilinin müraciətinə uyğun olaraq, Ülviyyə (Əli) Quliyevaya dərhal müstəqil həkim-mütəxəssis tərəfindən müayinə olunmaq, özəl klinikada tibbi baxımdan zəruri olan bütün MRT, KT və ginekoloji müayinələrdən keçmək və yubadılmadan lazımi müalicəni almaq üçün icazə verilməsini təmin etmək;
- Nərgiz Absalamovanın operativ şəkildə tibbi baxımdan zəruri olan MRT müayinəsi ilə təmin edilməsini, müstəqil tibb mütəxəssisləri tərəfindən müayinə olunmasını və təxirəsalınmadan, ehtiyac yarandıqda özəl tibb müəssisəsində lazımi müalicəni almasını təmin etmək;
- Aysel Ümüdova, Xəyalə Ağayeva, Aytac Əhmədova, Ülviyyə (Əli) Quliyeva, Nərgiz Absalamova və siyasi motivli cinayət təqibi çərçivəsində qanunsuz olaraq saxlanılan bütün digər jurnalist və hüquq müdafiəçilərini dərhal və qeyd-şərtsiz azad etmək, görünən bütün ittihamları ləğv etmək.”
Təşkilatlar həmçinin beynəlxalq birliyi, o cümlədən Avropa Şurasını, Avropa İttifaqını, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT), BMT-nin müvafiq qurumlarını və Xüsusi Prosedurlarını aşağıdakılara çağırır:
- Qanunsuz olaraq saxlanılan jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı pis rəftar, cinsi zorakılıq hədələri və tibbi yardımdan imtina edilməsi hallarını açıq şəkildə pisləməyə;
- Onların işlərini Azərbaycan hakimiyyəti qarşısında ən yüksək siyasi səviyyədə qaldırmağa;
- Həbsdə olan jurnalistlərin məhkəmə proseslərini, saxlanma şəraitini və səhhətini diqqətlə izləməyə;
- Azərbaycanla istənilən genişləndirilmiş əməkdaşlığın işgəncələrin qarşısının alınması, pis rəftar və cinsi zorakılığa görə cavabdehliyin təmin edilməsi, müvafiq tibbi yardıma əlçatanlığın zəmanət altına alınması, müstəqil jurnalistlərin və bütün siyasi məhbusların təqibinə son qoyulması istiqamətində konkret və ölçülə bilən irəliləyiş şərti ilə bağlanmasını təmin etməyə.
Bəyanatı İnsan Hüquqları Evi Fondu (Human Rights House Foundation), Müstəqil Hüquqşünaslar Şəbəkəsi (Independent Lawyers Network), Beynəlxalq İnsan Hüquqları Federasiyası (FIDH) – İnsan Hüquqları Müdafiəçilərinin Mühafizəsi üzrə Observatoriya, İşgəncələrə Qarşı Ümumdünya Təşkilatı (OMCT) – İnsan Hüquqları Müdafiəçilərinin Mühafizəsi üzrə Observatoriya imzalayıb.