Xəyalə Ağayevanın telefon zənglərinə maneələr yaradılıb

Xəyalə Ağayeva. İllüstrasiya: Meydan TV

Meydan TV-nin həbsdə olan jurnalisti Xəyalə Ağayevanın telefon zənglərinə maneələr yaradılıb.

Bu barədə Ağayevanın yaxınları Meydan TV-yə məlumat verib.

Onların sözlərinə görə, iyulun 23-də Xəyalə Ağayeva telefon vasitəsi ilə dostu ilə danışarkən əlaqə kəsilib. Sonradan Ağayevanın zəngi bərpa edilməyib və o 15 dəqiqəlik zəng hüququnun bir neçə dəqiqəsini istifadə edə bilib.

Yaxınları deyir ki, jurnalistdən gün ərzində xəbər alına bilinməyib.

Qeyd edək ki, bundan öncə iyunun 25-də Meydan TV-nin digər jurnalisti Aytac Tapdıq da (Əhmədova) dostları ilə danışarkən əlaqə kəsilmişdi və gün ərzində zəng bərpa edilməmişdi.

Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Ümüdova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov 2024-cü il dekabrın 6-da həbs edilib.

Bu iş üzrə saxlanılan şəxslərə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə — qaçaqmalçılıq əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə — ittiham irəli sürülüb.

2025-ci il fevralın 5-də “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), fevralın 20-də jurnalist Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.

Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb. İş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.

Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər. Onlar siyasi sifarişlə həbs olunduqlarını, məqsədin ölkədə müstəqil medianı və azad səsləri susdurmaq olduğunu bildirirlər.

Ana səhifəSiyasətXəyalə Ağayevanın telefon zənglərinə maneələr yaradılıb