Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdırıb

Rusiyaya qarşı sanksiyalar. Foto: Anton Petrus/shutterstock

Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdırıblar. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen məlumat verib.

Yeni sanksiyalar paketi çərçivəsində Aİ daha 32 Rusiya bankı ilə bütün əməliyyatları qadağan edir. Məhdudiyyətlər həmçinin kriptovalyuta şirkətlərinə və neft ticarəti platformalarına da şamil olunacaq.

Bundan əlavə, Aİ Rusiya nefti üçün müəyyən edilmiş qiymət tavanını 44,1 ABŞ dolları səviyyəsində dondurur. Həmçinin Rusiyanın “kölgə donanması”na dəstək göstərən gəmilərə qarşı da yeni məhdudiyyətlər tətbiq ediləcək.

“Biz həmçinin Rusiya hərbçilərinin Avropa İttifaqına girişinin rəsmi şəkildə qadağan olunmasına doğru mühüm addım atdıq”, – deyə Ursula fon der Lyayen bildirib. Lakin o, bununla bağlı əlavə təfərrüat açıqlamayıb.

Ursula fon der Lyayen daha əvvəl 21-ci sanksiyalar paketinə 24 fevral 2022-ci ildən sonra müharibədə iştirak etmiş və ya Rusiya ordusunda xidmət etmiş bütün Rusiya vətəndaşlarının Aİ ölkələrinə girişinin qadağan edilməsini təklif etmişdi.

Bu təşəbbüslə bağlı İtaliya və Fransa etirazlarını bildiriblər. Onların fikrincə, Avropa Komissiyasının ilkin təklifi qəbul olunsa, bu, faktiki olaraq çox sayda Rusiya vətəndaşının Aİ ölkələrinə girişinin qadağan edilməsi ilə nəticələnə bilər.

Ana səhifəXəbərlərAvropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini razılaşdırıb