Nurlan Libre yazır: “Anti-Milli Mətbuat günü”

Nurlan Libre. Foto: Meydan TV

“Meydan TV işi” üzrə hazırda həbsdə olan jurnalist Nurlan Libre (Qəhrəmanlı) təcridxanadan yazır. Onun yazısını olduğu kimi təqdim edirik:

“Milli Mətbuat Günü” ifadəsi olduqca ironik səslənir. Sanki anti-milli mətbuat da varmış kimi, “milli” media əməkçilərinə ayrıca bayram təşkil edilir. “Əkinçi” qəzetinin yaranma tarixindən və ya Həsən bəy Zərdabinin şəxsi həyatından bəhs etmək niyyətim yoxdur. Ümumiyyətlə, hazırkı bayramın tarixi kökləri ilə əlaqəsi hələ uzun illər əvvəl kəsilib. Millət olaraq həqiqəti öldürüb üzərinə yeni həqiqət inşa etdiyimiz post-gerçəklik dövrünə çoxdan qədəm qoymuşuq.

Yeni gerçəklikdə Mir Şahin milli mətbuatımızı təmsil edir. Ya da “milli mətbuat” deyəndə ağlıma o gəlir. Sözlərimdə qətiyyən alt məna axtarmayın, kifayət qədər səmimiyəm. Mən Mir Şahindən nifrət eləmirəm, heç rəğbətim də yoxdur. Mir Şahin şəxsdən daha çox bir ideyadır. O, nə zamansa ölsə belə, davamçıları mütləq olacaq. Mir Şahin diskurs yaradır, dediklərinə də həqiqətən inanır.

Həqiqətin qeyri-müəyyən olduğu dövrümüzdə, Mir Şahinə görə, Azərbaycan hibrid müharibə ilə qarşı-qarşıyadır. Düşmən liberal dəyərlərlə silahlanıb və ölkəni — Əliyevistanı, müəllifin qeydi — təhdid edir. Milli mətbuatımızın da əsas məqsədi İlham Əliyevə atasından miras qalan dövləti xarici və daxili düşməndən qorumağa dəstək olmaqdır. Buradakı “daxili düşmən” də Vətəndaş Cəmiyyəti, QHT-lər, media əməkçiləri, müxalifət və s., bir sözlə, demokratik dəyərlərə inanan hər kəsdir.

Dialektikaya görə, bir şeyin var ola bilməsi üçün onun əksi də olmalıdır. Burada “milli mətbuat” varsa, anti-milli mətbuat da olmalıdır nəticəsinə gəlirik. Anti-milli mətbuat dövlət nomenklaturasının dediklərini — Əliyevin yalanlarını — tirajlamır, alternativ fikrə dəyər verir, xəbər hazırlayarkən şərh vermir. Biz hər hansısa dövlətin, şirkətin və ya şəxsin maraqlarını müdafiə etmirik. Senzura mühitində xalqdan gizlədilən məlumatları yaydığımız üçün cəzalandırılırıq.

Milli mətbuatla aramızdakı əsas fərq korrupsionerə qarşı münasibətimizdir. Biz onlara “cinayətkar” deyirik, onlar isə İlham Əliyevin ağzına baxırlar ki, həmin şəxsi nə zaman vəzifədən kənarlaşdıracaq. Bu zaman aramızda heç bir fərq qalmır. Dünənə kimi “dəyərli bəy” adlandırdıqları şəxsin gerçək simasını ifşa etməyin vaxtı sonunda çatır.

Milli mətbuatımıza “jurnalistlər binasında” ev paylayan cənab Əliyev bizə zindanı layiq bilir. Hər ilin əvvəlində milli mətbuatımıza müsahibə verir. Mirzələri onun cavablarını şövqlə suala çevirirlər. Axırda da təşəkkür edirlər. Milli mətbuatımızın əsas missiyası İlham Əliyevin necə uğurlu lider olduğunu xalqa çatdırmaqdır. Hər nailiyyətdə İlham Əliyevin imzası var, hər neqativ hadisənin səbəbkarı isə məmurlardır. Ölkəyə qarşı yönələn hər tənqidi ermənipərəst qüvvələr səsləndirir. Ölkədə varlığımız belə erməni dəyirmanına su tökməkdir.

Mir Şahin də, İlham Əliyev də sonunda torpağa qovuşacaqlar, amma onların inandıqları ideyalar yaşamağa davam edəcək. Necə deyərlər, müqəddəs taxt heç vaxt boş qalmayacaq. Hakimiyyət hərisliyi uğrunda daim mübarizə olacaq. Ümid edək ki, məğlub olsunlar.

Milli Mətbuat Gününü anti-milli ünsürlər olaraq zindanda qeyd edirik. Peşman da deyilik.

Nurlan Libre

Ana səhifəHəbsxanadan məktublarNurlan Libre yazır: “Anti-Milli Mətbuat günü”