Lənkəran Penitensiar Kompleksində saxlanılan dini inanclı Mənsur Ağabala oğlu Vəlişov cəza kamerasına (“kars”) salınıb.
Bu barədə dini inanclıların hüquqlarının müdafiəçisi Arzu Abdulla məhbusun ailəsinə istinadən məlumat yayıb.
Mənsur Vəlişovun həyat yoldaşının sözlərinə görə, iyulun 20-də məhbusun zəng etməli olduğu gün ondan xəbər gəlməyib. Ailə araşdırma apardıqdan sonra onun cəza kamerasına salındığını öyrənib.
Ailənin məlumatına görə, Penitensiar Xidmətin qaynar xəttindən deyiblər ki, Mənsur Vəlişov “daxili qaydaları pozduğu üçün” cəzalandırılıb. Konkret hansı qaydanın pozulduğu barədə isə məlumat verilməyib.
Yaxınlarının iddiasına görə, Vəlişov digər xəstə məhbusun döyülməsinə etiraz etdiyi üçün cəzalandırılıb.
Ailə hesab edir ki, Mənsur Vəlişovu yenidən Umbakı Penitensiar Kompleksində qapalı tipli həbsxanaya göndərmək üçün ona qarşı intizam tədbirləri tətbiq olunur.
Mənsur Vəlişov 2023-cü ilin martında İmişli polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə maddəsi ilə ittiham olunub. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Mənsur Vəlişov ittihamları qəbul etmir, dini inancına görə təqib olunduğunu deyir.
Azərbaycan Siyasi Məhbuslarına Azadlıq Birliyinin 2026-cı ildə açıqladığı siyasi məhbus siyahısında 182 nəfər dini inanclı var. Hüquq müdafiəçiləri bildirirlər ki, bu şəxslərin bir çoxu şiə dini icmasına mənsubdur və onların bir hissəsi narkotik ittihamları ilə həbs edilib.
Azərbaycan hakimiyyəti isə bu ittihamları qəbul etmir və bildirir ki, şəxslər dini fəaliyyətlərinə görə deyil, törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunurlar.