Həbsdə olan keçmiş “Müxalifət” qəzetinin əməkdaşı 18 gündür aclıq edir

Yaşar Ağazadə – Mənbə: IRFS

Hazırda 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan keçmiş “Müxalifət” qəzetinin əməkdaşı Yaşar Ağazadə iyulun 2-də cərimə kamerasına (“kars”) salınıb. Ağazadə buna etiraz olaraq 18 gündür quru aclıq edir.

Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Aygün İsmayıllı məlumat verib. 

Onun sözlərinə görə, həyat yoldaşının “kars”a salınmasına səbəb Avropa  Komissiyasının sədri Ursula von der Leyenə ünvanladığı müraciət olub. 

“Bu gün vəkil getmişdi görüşə. Dedi ki, hələ də aclığı davam etdirir. İndi deyirlər ki, onu qapalı rejimli cəzaçəkmə müəssisəsinə göndərmək istəyirlər. “Kars”a salınmağına səbəbi də dedilər ki, yazdığı məktub olub”, – deyə həyat yoldaşı bildirib.

Aygün İsmayıllı deyir ki, əvvəlcə 10 günlük cərimə kamerası cəzası tətbiq edilsə də, sonradan Ağazadənin cəzası daha 10 gün artırılıb.

“Günlərlə müəssisədən bizə dedilər ki, aclıq filan yoxdur vəziyyəti yaxşıdır. Sonra oradan başqa bir adam bizə məlumat verdi ki, “Yaşarın vəziyyəti pisdir, mütləq bura gəlin”. Neçə gün getdim bizi buraxmadılar və nəhayət vəkilimiz görüşə bildi”.

Həyat yoldaşı deyir ki, Yaşar Ağazadənin vəziyyəti barədə Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova, 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Fariz Əliyevə və Ombudsmana müraciət etsə də cavab ala bilməyib.

Yaşar Ağazadə 2024-cü il aprelin 15-də 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan onun cəzası daha 5 ay artırılaraq 5 il 6 ay azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qurxu ilə tələb etmə-təkrar törədildikdə) maddəsi ilə ittiham olunur.

Ana səhifəSiyasətHəbsdə olan keçmiş “Müxalifət” qəzetinin əməkdaşı 18 gündür aclıq edir