Azərbaycan Dağınıq Oda Teatrının (ADO) mühacirətdə olan yaradıcısı Elmin Bədəlov Avropa institutlarına və liderlərinə açıq məktub yazıb.
O, Avropanı iqtisadi və strateji maraqlara görə Azərbaycandakı insan haqları pozuntularına, həbslərə səssiz qalmamağa çağırıb.
Elmin Bədəlov bildirib ki, onun 2013-cü ildə yaratdığı müstəqil teatr təzyiqlərlə bağlanıb, özü isə ölkədən getməli olub. O, avtoritar sistemlərin azad fikirdən qorxduğunu deyib:
“Siyasi dəyişiklik hakimiyyət dəyişəndə başlamır. Siyasi dəyişiklik insanların fərqli düşünməsi, suallar verməsi və yeni gələcək təsəvvür etməsi ilə başlayır. Avtoritar sistemlər bunu çox yaxşı başa düşür. Məhz buna görə müstəqil jurnalistikadan, satiradan, teatrdan, ədəbiyyatdan və incəsənətdən qorxurlar”.
Rejissor deyib ki, Azərbaycanda qorxu mühiti yaradılıb. Onun fikrincə, müstəqil qurumların sıradan çıxarılması bütöv bir xalqın yaddaşını əlindən alır və bu hadisələr sadəcə bir ölkənin daxili işi ola bilməz:
“Müstəqil teatr susdurulduqda, cəmiyyət özünü tanıdığı məkanlardan birini itirir. Jurnalistlər həbs olunanda, cəmiyyət yaddaşının bir hissəsini itirir. Müstəqil səslər yox olduqca, cəmiyyət fərqli gələcək təsəvvür etmək imkanını da itirir”.
Məktubda Avropanın enerji və digər siyasi maraqlar naminə öz demokratik prinsiplərindən geri çəkilməsi də tənqid olunub. Bədəlov bildirib ki, təhlükəsizlik və strateji tərəfdaşlıq insan hüquqlarının hesabına qurulmamalıdır.
ADO teatrı 2013-cü ildə aktyor və rejissor Elmin Bədəlov tərəfindən yaradılıb. Teatr Azərbaycanın ilk müstəqil və modern teatrı kimi tanınıb. ADO sosial və ictimai mövzulara toxunan tamaşalar hazırlayıb. Zaman-zaman küçə performansları göstərmək istəyən teatr polis zorakılığı ilə üzləşib. Sonrakı illərdə teatr fəaliyyətini dayandırıb, Bədəlov isə ölkəni tərk edib.
Son illər Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq əsasən enerji sahəsində genişlənib. Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra Aİ Rusiyadan qaz asılılığını azaltmağa çalışır və Azərbaycan onun üçün alternativ qaz mənbələrindən birinə çevrilib. Buna görə də bəzi ekspertlər və hüquq müdafiəçiləri hesab edirlər ki, Aİ enerji və geosiyasi maraqlara görə Azərbaycandakı insan haqları pozuntularına və siyasi həbslərə qarşı daha sərt mövqe nümayiş etdirmir. Aİ isə bildirir ki, Azərbaycanla münasibətlərdə insan hüquqları, qanunun aliliyi və fundamental azadlıqlar məsələləri də gündəmdə saxlanılır. Azərbaycan hakimiyyəti isə ölkədə siyasi məhbusların olması ilə bağlı iddiaları qəbul etmir və bildirir ki, şəxslər siyasi fəaliyyətlərinə görə deyil, qanun pozuntularına görə məsuliyyətə cəlb olunurlar.