Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin oğulları Məhəmmədhəsən və Məhəmmədhüseyn Bağırzadələr barəsində aparılan ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün məhkəməyə göndərilir.
Bu barədə məlumatı hüquq müdafiəçisi Arzu Abdulla özünün “Facebook” səhifəsində yazıb.
Onun yazdığına görə, iyulun 17-də müstəntiqlə keçirilən görüşdə ailəyə istintaqın yekunlaşdığı və işin məhkəməyə göndərildiyi bildirilib.
Məhəmmədhəsən Bağırzadəyə Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Məhəmmədhüseyn Bağırzadə isə Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirləndirilir.
Məlumata görə, tərəflər arasında barışıq əldə olunması istiqamətində təşəbbüs göstərilsə də, qarşı tərəf bunu qəbul etməyib. Bundan sonra işin hüquqi müstəvidə davam etdirilməsi qərara alınıb.
Hadisə bu il aprelin 7-də Bakının Buzovna qəsəbəsində yerləşən 26 nömrəli məktəbin idman meydançasında baş verib.
Ailənin bildirdiyinə görə, mübahisə yuxarı sinif şagirdlərindən birinin nalayiq ifadələr işlətməsi ilə başlayıb. Məhəmmədhüseyn Bağırzadənin onları bundan çəkindirməyə çalışması gərginliyi artırıb. Daha sonra qarşı tərəfin təhqiramiz ifadələr işlətməsi ilə mübahisə əlbəyaxa davaya çevrilib.
Ailənin versiyasına görə, Məhəmmədhəsən Bağırzadə qardaşının iki nəfər tərəfindən döyüldüyünü görərək davaya müdaxilə edib. Hadisə nəticəsində qarşı tərəfdən bir nəfərin burnunun sındığı bildirilir. Ailə bildirir ki, 17 yaşlı oğlunun həmyaşıdı qızın burnunu sındırması ilə bağlı məlumat həqiqəti əks etdirmir.
Ailə hesab edir ki, bu hadisə son vaxtlar dindarlara edilən təzyiqlər fonunda konkret olaraq Taleh Bağırzadəyə və ailəsinə qarşı verilən təhdid mesajıdır.
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə hazırda həbsdədir. O, 2017-ci ildə dövlətin konstitusiya quruluşunu dəyişməyə cəhd və digər ittihamlarla 20 il müddətinə azadlıqdan məhrum edilib.
Bağırzadə ittihamları qəbul etmir, fəaliyyətinin dini azadlıqlar və sosial ədalət uğrunda olduğunu bildirir. Beynəlxalq hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.