Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyində olan müəssisə və təşkilatlarında yeni ixtisar dalğası başlayıb. Hazırda Geofizika və Geologiya İdarəsində, “Azərikimya” İB-nin Etilen-Polietilen Zavodunda və “Azəriqaz” İB-də işçilərə xəbərdarlıqlar gəlib. Halbuki bu işçilərin bir qismi ötən il keçirilən qiymətləndirmələrdə yüksək bal toplayaraq işlərini davam etdiriblər.
Bununla bağlı qurumların işçiləri sosial mediada paylaşımlar edir. Məsələn, “Azəriqaz”dan Sadiq Abdullayev yazır ki, hər region üzrə 13-15 çilingərin, 4-5 mühəndisin ixtisarı nəzərdə tutulur:
“İcrası da başlanıb. İlin axırına kimi ixtisarlar rayon rəisləri və digər vəzifələri də əhatə edəcək. Bundan əvvəl etdikləri “islahatlar” artıq “nəticə” verməyə başlayıb. Rayonlarda kütləvi yükləmələr aşkar olunur. Çünki işçi çatmır deyə sayğac göstəriciləri sayğaclara baxılmadan yazılır. Başqa bir səbəb də itkiləri daha aşağı göstərməkdir”.
“Azərkimya” İB-dən Namiq Abdullayev isə qeyd edir ki, Etilen-Polietilen Zavodundan cavan kadrları məcburi ixtisar ediblər və onları digər sahələrdə olan boş yerlərə yerləşdirmədilər.
SOCAR-ın Geofizika və Geologiya İdarəsi “Kəşfiyyatgeofizika” İstehsalat Bölümünün işçiləri isə Dövlət Əmək Müfəttişliyi Xidmətinə, SOCAR-a və insan hüquqları təşkilatlarına müraciət ünvanlayıblar. Müraciətdə ixtisar prosesində ədalətsiz və qanunsuz vəziyyətin araşdırılmasını xahiş edirlər.
“Biz uzun illər geofizik, geoloq və texnik-geofizik ixtisasları üzrə ali və orta-texniki təhsilə malik, peşəkar fəaliyyətimiz ərzində attestasiya və qiymətləndirilmələrdə yüksək nəticələr göstərmiş əməkdaşlarıq. Bir çoxumuzun 30 ildən artıq əmək stajına malik işçilərik.
Qeyd etmək istəyirik ki, SOCAR Geofizika və Geologiya İdarəsinin tərkibinə “Kəşfiyyatgeofizika”, “Mədəngeofizikası” və “Kompleks Mühəndisi-Axtarış” İstehsalat Bölümləri daxildir. Lakin hazırda aparılan struktur dəyişikliyi prosesində ixtisar tədbirləri yalnız “Kəşfiyyatgeofizika” İstehsalat Bölümünün işçilərinə yönəldilib”, – deyə qeyd edilir.
Müraciətdə bildirilir ki, mövcud yanaşma bərabərlik və obyektivlik prinsiplərinə uyğun deyil:
“Yeni struktur dəyişikliyi ilə əlaqədar seçim yalnız bir struktur bölmə ilə məhdudlaşdırılmamalı, eyni vəzifə üzrə müəssisənin bütün müvafiq struktur bölmələrində çalışan işçilərin peşə hazırlığı, ixtisas uyğunluğu, iş təcrübəsi və kvalifikasiyası vahid və obyektiv meyarlar əsasında qiymətləndirilməlidir”.
İşçilər müraciətlərində Əmək Məcəlləsinin 70, 77, 78-ci maddələrinə uyğun olaraq işçilərin hüquqlarının qorunmasının seçimi zamanı şəffaflığın və obyektivliyin təmin edilməsini xahiş ediblər.
- “Ştat optimallaşdırılması zamanı tətbiq olunan seçim meyarları barədə bizə rəsmi yazılı məlumat verəsiniz.
- Geofizik, geoloq və texnik-geofizik vəzifələri üzrə müəssisənin bütün aidiyyəti struktur bölmələrində çalışan işçilərin ixtisası, kvalifikasiyası, attestasiya nəticələri və iş təcrübəsi vahid meyarlarla qiymətləndirilsin.
- Profil üzrə ali təhsili olan, uzunmüddətli əmək stajına və yüksək peşə hazırlığına malik işçilərin hüquqları nəzərə alınsın.
- Müraciətimizə qanunvericilikdə müəyyən edilmiş müddətdə yazılı cavab verəsiniz”.
“Azəriqaz” imtahandan yüksək bal toplayanları yenidən qiymətləndirməyə çağırır
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının məlumatına görə, ötən ildən başlayan ixtisarlar nəticəsində təxminən 20 minə yaxın insan işini itirib. Təşkilatın sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə bildirib ki, bu ixtisarlar optimallaşdırma, struktur dəyişikliyi və sair adlarla həyata keçirilib:
“Elə variantlar qururlar ki, Dövlət Neft Şirkətinin işçilərinin ümumi sayında çıxarılanların real sayı hiss olunmur. Aşağılarda işləyənləri kütləvi ixtisar edib, yuxarı yerlərdə vəzifəlilərin sayını artırıblar. SOCAR baş ofisində, idarələrində yeni departamentləri yaradıblar. Baş ofisdə artıq 70-ə yaxın departament var. “Azəriqaz”da bir tərəfdən aşağı yerlərdə işçi ixtisar edirlər, baş idarədə yeni departament yaradırlar. Bizə ötürülən bir sənəddə yeni yaradılan 7 departament və 49 şöbənin heyəti göstərilirdi. Hər departamentdə 1 rəis, 2 müavin; hər şöbədə isə 1 rəis, 2 müavin. Bununla yanaşı, yüzlərlə – 500-dən çox 14-15-ci dərəcəli mühəndis. Bu artıq idarəetmə yox, ştat şişirtməkdir”.
Mirvari Qəhrəmanlının sözlərinə görə, ümumi baxışda 4 min işçinin ixtisar edildiyi deyilsə də, hesablamalar daha çox insanın ixtisarların qurbanı olduğunu göstərir.
“Bizim təşkilatın hesabladığı metodla daha çox olduğu görünür. SOCAR-ın müxtəlif idarələrində, müəssisələrində 60+ və 50 yaşlı işçiləri məcburi psixoloji təzyiq göstərərək ərizə yazdırıblar. Onlara deyiblər ki, imtahanlar olacaq və bu imtahanlar çətin olacaq. Əgər kimsə imtahandan keçməyəcəksə, kompensasiya da almadan çıxarılacaqlar. İşçilər də məcbur olub kompensasiya qarşılığında “könüllü” ərizə yazıblar. Bu ərizələrlə işdən çıxarılmaları ixtisara daxil etməyiblər”.
M.Qəhrəmanlının sözlərinə görə, ikinci ixtisar yolu isə imtahanlar vasitəsilə aparılıb:
“Əslində işçilərin bilik və bacarıqları hər 5 ildən bir keçirilən attestasiya ilə yoxlanılır. Əgər keçə bilmirsə, növbəti il yenidən verməlidir. Attestasiyanın sualları işçinin tutduğu vəzifəsinə uyğun olmalıdır. Nə baş verdi? Attestasiyanı verib keçmiş insanlar üçün yenidən qiymətləndirmə adı ilə imtahan keçirdilər. Guya hansısa struktur dəyişikliyi aparılır, optimallaşdırma olur. Verilən suallar isə işçinin vəzifəsinə uyğun gəlməyib. Məsələn, regional idarələrdə 80 xadimə qadını imtahan verə bilmədikləri üçün çıxarmışdılar”.
Təşkilat sədri deyir ki, bunların hamısını nəzərə alsaq, 20 minə yaxın işçi ixtisar edilib. Bunların da 90 faizə yaxını peşəkar işçilər olub. Əsasən aşağı kateqoriyalı texniki işçilər olub. Lakin bununla paralel yeni departamentlər yaradılaraq yüksək vəzifəli işçilərin sayı artırılıb.
Hüquq müdafiəçisi deyir ki, “Azəriqaz”da artıq imtahan adı ilə ikinci ixtisar dalğası başlayıb:
“Lənkəran RQİİ Biləsuvar XS-dən yazırlar ki, iyulun 15-də sayğac əməliyyatları şöbəsinin çilingərlərini Bakıya imtahana göndəriblər. Halbuki işçi yazır ki, “Azəriqaz” İB-də gedən struktur dəyişikliyi ilə əlaqədar 8 ay əvvəl imtahan verib, müvafiq keçid balını yığdıq. Əmək Məcəlləsinə əsasən işçilərin attestasiyası da 5 ildən bir keçirilir. Bəs necə olur, hansı qanuna əsasən 8 ay əvvəl imtahan vermişik, indi bizi yenidən imtahan edirlər?”.