Ermənistan tənqidlərə baxmayaraq yeni pasportların çapına başlayıb

Foto: Ermənistan DİN

Ermənistan hakimiyyəti ölkənin yeni biometrik pasportlarının genişmiqyaslı çapına başlanıldığını açıqlayıb. Pasportların payızadək istifadəyə verilməsi gözlənilir. Rəsmilər sənədlərin beynəlxalq təhlükəsizlik standartlarına cavab verdiyini bildirsələr də, həm onların dizaynı, həm də Qarabağda doğulan ermənilərin doğum yerinin necə qeyd olunması mübahisələrə səbəb olub.

OC Media yazır ki, açıqlamanı daxili işlər naziri Arpine Sarqsyan verib. O, sosial şəbəkədə yeni pasportun ilk nümunəsinin nümayiş olunduğu video paylaşaraq sənədi “dünyanın ən təhlükəsiz sənədlərindən biri” adlandırıb.

Hakimiyyət orqanlarının məlumatına görə, yeni pasportlar sənədlərin təhlükəsizliyini artıracaq, sərhəd keçidlərini asanlaşdıracaq və 2024-cü ilin sentyabrından davam edən Ermənistan – Aİ viza liberallaşdırılması prosesi çərçivəsində də daxil olmaqla, Ermənistan vətəndaşlarının sərbəst hərəkətinə töhfə verəcək.

Pasportlarda ultrabənövşəyi qoruyucu qatlar da daxil olmaqla, gücləndirilmiş təhlükəsizlik mexanizmləri yer alır. Səhifələr ultrabənövşəyi işıq altında sürətlə çevrildikdə gizli təhlükəsizlik elementləri sülhü simvolizə edən uçan göyərçin təsviri yaradır.

Yeni pasportların dizaynı aprelin sonunda Sarqsyanla Baş nazir Nikol Paşinyan arasında keçirilən görüş zamanı təqdim olunub. Ən nəzərəçarpan dəyişikliklərdən biri üz qabığının rəngidir. Mavi rəng qırmızı ilə əvəzlənib. Buna səbəb kimi qırmızının, Aİ-yə üzv ölkələr də daxil olmaqla, beynəlxalq səviyyədə ən geniş istifadə olunan rənglərdən biri olması göstərilib.

Əsasən Ermənistanın gerbinin təsvir olunduğu hazırkı pasportlardan fərqli olaraq, yeni dizaynda erməni kimliyini, ölkənin tarixi, mənəvi və mədəni irsini, dövlətçilik rəmzlərini, erməni əlifbasını və ölkənin xəritəsini əks etdirməsi nəzərdə tutulan illüstrasiyalar yer alıb.

Lakin bu illüstrasiyalar qısa müddətdə ictimai müzakirələrin mövzusuna çevrilib.

Ən çox tənqid olunan təsvirlərdən birində Xor Virap monastırı onun məşhur Ağrı dağı fonu olmadan göstərilib. Əvəzində illüstrasiyada Ermənistan ərazisində yerləşən dağ silsilələri təsvir olunub. Seçilmiş baxış bucağı geniş tənqidlərə səbəb olub. Çünki Xor Virap hazırda Türkiyə ərazisində yerləşən və erməni milli kimliyinin ən davamlı simvollarından biri sayılan Ağrı dağının panoramik mənzərəsi ilə sıx əlaqələndirilir.

Tənqidlər siyasi çalar da qazanıb. Paşinyan hökuməti Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində səylərini artırıb və Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə diqqət yetirilməsini daha çox vurğulamağa başlayıb. Hökumətin rəsmi simvolikada Ağrı dağını Ermənistanın ən yüksək zirvəsi olan Araqats dağı ilə əvəz etməyə çalışdığı görünür.

Diqqət çəkən digər illüstrasiyada ənənəvi lavaş çörəyinin bişirilməsi təsvir olunub. İstifadəçilər xəmir parçasının sininin üzərinə deyil, birbaşa yerə qoyulmuş kimi göründüyünü qeyd etdikdən sonra bu təsvir də sosial şəbəkələrdə istehza obyektinə çevrilib. Bu isə şəkillərin süni intellekt vasitəsilə yaradıldığına dair ehtimalları daha da gücləndirib.

Yeni biometrik pasportların tətbiqi ilə yanaşı, hakimiyyət orqanları avtomatik və təmassız sərhədkeçmə sistemlərinin tətbiqini də planlaşdırdıqlarını açıqlayıblar. Rəsmilərin fikrincə, bu sistemlər “vətəndaşların hərəkətini əhəmiyyətli dərəcədə asanlaşdıracaq və sürətləndirəcək”.

Pasportlar Niderlandda IN Groupe şirkəti tərəfindən çap olunur. Yeni şəxsiyyət vəsiqələrinin ilk partiyası isə artıq Ermənistana çatdırılıb. Mövcud pasportlar, vətəndaşlar onları dəyişdirmək istəmədikləri halda, etibarlılıq müddəti başa çatanadək qüvvədə qalacaq.

Yeni pasportlarda Qarabağ ermənilərinin doğum yeri Azərbaycan kimi göstəriləcək

Yeni pasportların tətbiqi Qarabağda doğulan ermənilərin doğum yerinin necə qeyd olunması ilə bağlı uzun müddətdir davam edən mübahisələri də yenidən gündəmə gətirib.

Ermənistan hakimiyyəti daha əvvəl yeni pasportların Beynəlxalq Mülki Aviasiya Təşkilatının – ICAO-nun standartlarına uyğun olacağını açıqlamışdı. Bu isə yer adlarının beynəlxalq səviyyədə tanınmış coğrafi adlandırmalara uyğun şəkildə qeyd edilməsi deməkdir.

Qarabağda doğulan ermənilər üçün bu, onların doğulduğu ölkənin Azərbaycan kimi göstəriləcəyini ehtimal etməyə əsas verir.

Bu məsələ Qarabağdan olan bir çox qaçqın arasında ciddi narazılıq doğurur. Onlar doğum yerlərinin Azərbaycan kimi qeyd olunmasına etiraz edirlər. Əvvəllər verilmiş pasportlardakı uyğunsuzluqlar vəziyyəti daha da qarışıqlaşdırıb. Belə ki, eyni yaşayış məntəqəsində doğulmuş şəxslərin doğum yeri müxtəlif formalarda – Azərbaycan, Ermənistan və ya sadəcə şəhər və yaxud kəndin adı kimi göstərilib.

AzadlıqRadiosu 2021-ci ilin martında Ermənistan hakimiyyətinə istinadən bildirmişdi ki, Ermənistan 1994-cü ildən etibarən Azərbaycan Sovet Sosialist Respublikasında doğulan şəxslərin doğum yerini, bir qayda olaraq, Azərbaycan kimi qeyd edib. Buna səbəb sovet dövründə verilmiş doğum haqqında şəhadətnamələrdə məlumatın məhz bu formada göstərilməsi olub.

Rəsmilər vətəndaşların müraciəti əsasında pasportlarda doğum ölkəsi kimi Ermənistanın qeyd olunmasına da icazə veriblər. Lakin nazirlik bunun hüquqi əsasının olmadığını etiraf edib. Sonradan bu praktika inzibati və hüquqi problemlərə səbəb olub, çünki pasportlardakı məlumatlar doğum haqqında şəhadətnamələrlə uyğun gəlməyib.

1991-ci ildən sonra doğulan şəxslərlə bağlı pasport orqanları yalnız doğum haqqında şəhadətnamələrə əsaslanırlar. Bu sənədlərdə doğum yeri adətən “Ermənistan Respublikası, Dağlıq Qarabağ Respublikası” kimi göstərildiyinə görə, həmin şəxslərin pasportlarında doğulduqları ölkə, bir qayda olaraq, Ermənistan kimi qeyd edilib.

2025-ci ilin aprelində CivilNet Miqrasiya və Vətəndaşlıq Xidmətinə istinadən bildirmişdi ki, Qarabağda doğulan ermənilər doğum yeri bölməsində Azərbaycanın əvəzinə doğum haqqında şəhadətnamələrində göstərilən konkret yaşayış məntəqəsinin — şəhərin, qəsəbənin, rayonun və ya kəndin adının yazılmasını tələb edə bilərlər. Lakin rəsmilər xəbərdarlıq ediblər ki, bu cür qeyd beynəlxalq sərhəd keçidlərində çətinliklər yarada bilər.

Hakimiyyət orqanları bildirirlər ki, yeni biometrik pasportlar coğrafi adların qeyd olunması da daxil olmaqla, ICAO standartlarına tam uyğunlaşdırılacaq.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərErmənistan tənqidlərə baxmayaraq yeni pasportların çapına başlayıb