Hacı Vəliyev: “Şəhidlərin, qazilərin hesabına ayaqda qalan hökumət məni qanunsuz həbsdə saxlayır”

Hacı Vəliyev. Foto: Şəxsi Facebook səhifəsi

Fəaliyyətini dayandırmış Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyev həbsxanadan müraciət yayaraq üzləşdiyi qanunsuzluqlardan və səhhətindəki ağır problemlərdən şikayət edib.

Artıq 1 il 4 aydır həbsdə olduğunu bildirən Hacı Vəliyev müraciətində saxta və əsassız ittihamlarla saxlanıldığını vurğulayıb:

“Mənə qarşı edilən işgəncələri, qeyri-insani rəftarı, hüquq pozuntularını, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində, yəni Mərkəzi Müalicə Müəssisəsində (Sentralda) müalicə almaq hüququmdan məhrum edilməyimi və əlillik təyinatımın artıq 2 aydır məqsədli şəkildə bərpa olunmaması səbəbindən özümü faktiki olaraq əsirlikdə hiss edirəm”.

Keçmiş birlik sədri qeyd edib ki, 2021-ci ildə ona beynəlxalq hüquqa və insan haqlarına uyğun olmayan şəkildə 5 illik II qrup əlillik təyin edilib. Həbsdə olan qazi səhhətindəki ağırlaşmasını və gözünün xeyli zəiflədiyini deyib:

“Mənim bir gözüm yox, bir gözüm isə ağır yaralı, nevroloji xəstəliklərim və müxtəlif travmalarım mövcuddur. Penitensiar Xidmətin silahlı konvoyunun müşayiəti ilə may ayının 14-də TSEK-in komissiyasından müayinədən keçmişəm. Müayinə zamanı görən gözümdə görmə qabiliyyətinin cəmi 3 faiz olduğu, həmçinin baş və bədən ağrılarımın şiddətləndiyi müəyyən edilmişdir”.

Hacı Vəliyev hökuməti onu qanunsuz həbsdə saxlamaqda, işgəncə verməkdə və görmə qabiliyyətini tamamilə məhv etməkdə ittiham edib:

“Bütün bunlara baxmayaraq, Şəhidlərin Qazilərin və Veteranların hesabına ayaqda qalan Azərbaycan hökuməti məni qanunsuz həbsdə saxlamaqla, həbsxanada işgəncələr verməklə, qeyri-insani rəftar göstərməklə və çoxsaylı qanun pozuntularına yol verməklə kifayətlənməyərək, görən gözümü də kor etməkdə, qan pulumu mənimsəməkdə israrlıdır”.

Vəliyev müraciətində, üzləşdiyi çətinliklərə baxmayaraq geri addım atmayacağını qeyd edərək ictimaiyyətdən dəstək istəyib.

“Əsirlikdə və ikrah vəziyyətində olmağıma baxmayaraq, mübarizə yolumdan, o cümlədən tapdalanmış təməl hüquqlarım uğrunda mübarizədən geri çəkilməyəcəyəm. Azərbaycan hökumətinin mənə qarşı göstərdiyi düşmənçilik və ədalətsiz münasibət haqqında bu müraciəti hər yerdə paylaşmağınızı və mənə dəstək olmağınızı xahiş edirəm”, – deyə o qeyd edib.

Hacı Vəliyev mediada və sosial mediada şəhid ailələrini, qaziləri, müharibə iştirakçılarının prolemlərini işıqlandırması və aidiyyəti üzrə məmurları tənqid etməsi ilə tanınırdı.

O, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən ötən il martın 31-də gecə saatlarında saxlanılıb. 2025-ci il martın 18-də isə Vəliyev polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan bir qrup qaziyə qarşı zorakılıq tətbiq etdiyini ictimailəşdirmişdi.

Onun həbsindən sonra Daxili İşlər Nazirliyi məlumat yayaraq bildirmişdi ki, Hacı Vəliyev barəsində bundan əvvəl Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi üzrə açılmış cinayət işi ilə bağlı saxlanılıb.

“Gənc Qazilər” İctimai Birliyi 2021-ci ildə “Qarabağ qaziləri” İctimai Birliyinin nəzdində yaradılıb. 2025-ci il mayın 28-də Birliyin İdarə Heyəti bəyanat yayaraq fəaliyyətini dayandırdığını açıqlayıb. 

Hacı Vəliyev 2026-cı il mayın 6-da 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ana səhifəSiyasətHacı Vəliyev: “Şəhidlərin, qazilərin hesabına ayaqda qalan hökumət məni qanunsuz həbsdə saxlayır”